ABŞ yeni ərazilər ilhaq etdiyinə görə Rusiyaya sanksiya qoyacaq

Dünya

30.09.2022 - 18:18

ABŞ Rusiyaya tətbiq edilən sanksiyaları genişləndirir

ABŞ sentyabrın 30-da Ukraynanın 4 bölgəsini ilhaq etdiyinə görə Rusiyaya qarşı yeni sanksiyaları açıqlayacaq.

AYNA TASS-a istinadən xəbər verir ki, bu barədə ABŞ Prezidenti Cozef Bayden administrasiyasının nümayəndəsi bildirib.

Məlumata görə, Cozef Bayden administrasiyasının Rusiyanın Ukraynanın şərqinin bəzi hissələrini ilhaq cəhdinə "yeni iqtisadi xərclər", yəni sanksiyalar elan etməklə cavab verəcəyi gözlənilir.

Qeyd edək ki, sentyabrın 23-27-də Ukraynanın Rusiya işğalı altında olan Donetsk, Luqansk və Zaporojye vilayətlərində “referendum” keçirilib. Vətəndaşlar Rusiyanın tərkibinə daxil olmağa razı olub-olmadıqları barədə suala cavab veriblər. Elan olunan nəticələrə görə “referendum”da iştirak edənlərin böyük əksəriyyəti həmin vilayətlərin Rusiyaya birləşməsini dəstəkləyib.

Rəsmi Kiyev və dünyanın heç bir ölkəsi “referendum”ların nəticəsini tanımayıb.

Sentyabrın 30-da Rusiya Prezidenti Vladimir Putin Zaporojye və Xerson vilayətlərinin "suverenliyi"nin və "müstəqilliyi"nin tanınması haqqında fərman imzalayıb.

Bu gün Ukraynanın dörd separatçı bölgəsinin Rusiyaya birləşdirilməsi barədə sazişlər imzalanıb. Mərasim Moskvada Böyük Kreml sarayının Georgiyevsk zalında keçirilib.

Sazişləri Rusiya Prezidenti Vladimir Putin, separatçı “Donetsk Xalq Respublikası”nın, “Luqansk Xalq Respublikası”nın, Xerson və Zaporojye vilayətlərinin rəhbərləri imzalayıblar.

Müəllif: Ayna.az