Edvard Snouden Rusiyada müddətsiz yaşamaq izni alıb
ABŞ-ın keçmiş kəşfiyyat zabiti Edvard Snouden Rusiyada müddətsiz yaşamaq izni alıb. AYNA Rusiya mətbuatına istinadən bildirir ki, bu barədə onun vəkili Anatoli Kuçerena bildirib.
Vəkilin sözlərinə görə, Rusiya Federasiyasının qanunvericiliyi ona məhdudiyyətsiz yaşama icazəsi almağa imkan verib.
“İcazənin verilməsi prosedurunun uzanması koronavirusla bağlı vəziyyətə görə təxirə salınmışdı. Lakin indi müsbət cavab verilib”, - deyə Kuçerena bildirib.
Qeyd edək ki, 2013-cü ildə Snouden Honkonqda yaşayan zaman “The Guardian” və “The Washington Post” qəzetlərində MTA-nın məxfi məlumatlarını, o cümlədən, ABŞ xüsusi xidmət orqanları tərəfindən PRISM, X-Keyscore və Tempora informasiya və əlaqə şəbəkələri vasitəsilə bir çox dünya ölkələrinin vətəndaşlarının informasiya mübadiləsinə total nəzarət həyata keçirilməsinə dair məlumatlar dərc edib. Snoudenin yaydığı məlumatlarda “Verizon” operator şirkətinin milyonlarca istifadəçilərinin zəng məlumatlarını dövlətə verməsi ilə bağlı gizli materiallar yer alırdı.
Bundan sonra ABŞ E.Snoudeni cəsusluqda günahlandırır. Ağ Ev rəsmiləri Snoudeni Honkonqdan ekstradisiya etməyə çalışsalar da Çin və Honkonq Hökuməti ABŞ-ın bu istədyini geri çevirir. Sonra isə “Vikiliks” media qrumunun köməyi ilə Edvard Moskvaya uçur. Burda qaçqın kimi yaşayış hüququ alan Edvard daha sonra “Vikiliks” komandasıyla aeroportu tərk edərkən görüntülənir.
Pentaqonun qapalı hesabatında qeyd edilirdi ki, Snouden 1,7 milyon məxfi faylı oğurlayıb ki, onların da çoxu "ABŞ ordusunun, donanmasının, dəniz piyadalarının və hərbi-hava qüvvələrinin həyati vacib əməliyyatlarına" aiddir.
Snouden 1 avqust 2013-cü ildən Rusiyada sığınacaq tapıb. Onun Rusiyada qalmaq icazəsi 2020-ci ilə qədər uzadılmışdı. Snoudenin dəqiq yaşayış yeri təhlükəsizlik məqsədilə gizli saxlanılır.