Helen qasırğası ABŞ-ın cənub-şərqində “fəlakətli, tarixi daşqınlar” yaradıb
ABŞ Milli Qasırğa Mərkəzi (NHC) dağıdıcı Helen qasırğasının ABŞ-ın cənub-şərqində “fəlakətli, tarixi daşqınlara” səbəb olduğunu bildirib. AYNA xarici mediaya istinadən bildirir ki, ABŞ-da baş vermiş təbii fəlakət nəticəsində son məlumatlara görə, 63 nəfər həlak olub. Amerikanın “PowerOutage.us” portalının məlumatına görə, üç milyondan çox ev təsərrüfatları işıqsız qalıb.
Helenin yaratdığı dağıntılardan xüsusilə Florida, Corciya, Cənubi Karolina, Tennessi və başqa ştatlar zərər çəkib.
ABŞ-ın vitse-prezidenti Kamala Harris xəbərdarlıq edib: “Qasırğa təhlükəli və ölümcül olaraq qalır. İnsan tələfatı və daşqın təhlükəsi yüksək olaraq qalır”.
Tennessi ştatının Ervin şəhərində polis və xilasedicilər helikopterdən istifadə edərək xəstəxananın damına çıxan 50-dən çox insanı xilas edə bilib. Onların xilas edilməsindən bir neçə saat əvvəl senator Bill Haqerti ABŞ rəsmilərini su ilə əhatə olunmuş insanlara resurslar çatdırmağa çağırıb və vəziyyəti “çox dəhşətli” adlandırıb.
Sentyabrın 26-da Florida ştatını vuran Helen qasırğası daha sonra qonşu ştatlara keçib. Küləyin sürəti saatda 225 kilometrə çatıb və qasırğa dördüncü kateqoriyaya (“son dərəcə təhlükəli”) aid edilir.