“Sadəcə onu deyim ki, biz sülhün mümkün olduğuna inanmağa davam edirik”
ABŞ Ermənistan-Azərbaycan danışıqlarında fəal iştirakda davam edir və tərəflər arasında sülhün mümkün olduğuna inanır. AYNA xəbər verir ki, bu barədə ABŞ Dövlət Departamentinin mətbuat katibinin müavini Vedant Patel brifinqdə mayın 10-11-də Qazaxıstanın Almatı şəhərində keçirilən Ermənistan-Azərbaycan danışıqlarının nəticələri ilə bağlı danışarkən deyib.
“Sadəcə onu deyim ki, biz sülhün mümkün olduğuna inanmağa davam edirik”, - deyən Patel ABŞ-ın sülh prosesini dəstəkləməyə davam edəcəyini söyləyib.
Patel həmçinin əlavə edib ki, Almatıdakı danışıqlarla bağlı başqa yeni məlumatı yoxdur.
Qeyd edək ki, mayın 10-11-də Qazaxıstanın Almatı şəhərində Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov və Ermənistan xarici işlər naziri Ararat Mirzoyan arasında danışıqlar olub. Nazirlər sərhədlərin delimitasiyası məsələsində irəliləyişi və bu istiqamətdə əldə olunan razılaşmaları alqışlayıblar.
Nazirlər və onların nümayəndə heyətləri “Azərbaycan və Ermənistan arasında sülhün və dövlətlərarası münasibətlərin yaradılması haqqında” ikitərəfli saziş layihəsinin müzakirəsini davam etdirəcəklərini bəyan ediblər.