“Zəfər seçkisi” ilə başlayan yeni dövr: sülh və inkişaf gözləntisi

Siyasət

07.02.2024 - 17:32

Politoloq: “Qarşıda çoxlu çağırışlar var və bu çağırışlardan xalq olaraq, dövlət olaraq üzüağ çıxmalıyıq”

Bu gün Azərbaycanda növbədənkənar prezident seçkiləri keçirilir. Səsverməyə saat 08:00-da başlanılıb. Seçkilər saat 19:00-da başa çatacaq. Seçkilərdə hakim Yeni Azərbaycan Partiyasının (YAP) prezidentliyə namizədi İlham Əliyev, namizədliyi özü tərəfindən irəli sürülən Zahid Oruc, Milli Cəbhə Partiyasının (MCP) prezidentliyə namizədi Razi Nurullayev, Böyük Quruluş Partiyasının (BQP) prezidentliyə namizədi Fazil Mustafa, Böyük Azərbaycan Partiyasının (BAP) prezidentliyə namizədi Elşad Musayev, Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının (BAXCP) prezidentliyə namizədi Qüdrət Həsənquliyev və namizədliyi özü tərəfindən irəli sürülən Fuad Əliyev mübarizə aparır.

Hələlik seçkilərin nəticələri rəsmi elan olunmasa da, hazırkı Prezident, YAP-ın namizədi İlham Əliyev favorit sayılır. Onun siyasi nüfuzu və əldə etdiyi nailiyyətlər seçkilərdə qalib gələcəyi proqnozunu gücləndirir.

Prezident növbədənkənar seçkilərin niyə təyin olunması barədə danışarkən bildirmişdi ki, bu seçkilər Azərbaycanda yeni dövrün başlanğıcı sayılır.

Cəmiyyətin də növbədənkənar seçkilərlə bağlantıları böyükdür. “Zəfər seçkisi” adlandırılan seçki ilə bağlı ölkə ictimaiyyəti hesab edir ki, seçkilərdən sonra istər daxili, istər xarici siyasətdə dəyişikliklər gözlənilir.  Cəmiyyət hesab edir ki, seçkilərdən sonra Ermənistanla sülh sazişinin imzalanması və ölkənin iqtisadi-sosial inkişafı ilə bağlı gözləntilər var.

Gözləntilərlə bağlı AYNA-ya danışan Bakı Politoloqlar Klubunun rəhbəri, analitik Zaur Məmmədov deyib ki, bu seçkilər həm siyasi, həm də mənəvi əhəmiyyət daşıyır:

- Prezident İlham Əliyevin namizəd olaraq ailə üzvləri ilə birlikdə Xankəndidə səs verməsi də bunu bir daha təsdiqləyir. Burada təəccüblü heç nə yoxdur. Xankəndi şəhəri işğaldan azad edilib və biz bununla dünyaya göstəririk ki, hər bir ərazimizə nəzarət var. Biz təkcə Xankəndidə deyil, işğaldan azad edilmiş ərazilərin hər birində səsvermənin keçirildiyini görürük. Bu, tarixi seçkidir. Mənəvi əhəmiyyəti ondan ibarətdir ki, 30 ildən sonra ilk dəfədir ki, Qarabağ və Şərqi Zəngəzurda seçki keçirilir. Siyasi əhəmiyyəti isə odur ki, Azərbaycana qarşı olan qüvvələrə mesaj verilir. Biz dünyaya deyirik ki, işğala birdəfəlik son qoyulub və bu yeni reallıq qəbul olunmalıdır.

- Prezident İlham Əliyev bildirmişdi ki, bu seçkilərlə Azərbaycan tarixində yeni dövrə qədəm qoyulur. Yeni dövrdə Azərbaycanı nə gözləyir?

- Prezident seçkilərinin növbədənkənar keçirilməsi də yeni dövrün başlanması ilə əlaqədardır. Biz bilirik ki, dünya qlobal dəyişikliklər ərəfəsindədir. Bölgəmiz, ölkəmiz ətrafında ciddi mübarizə gedir. Geosiyasi təlatümlər, savaşlar mövcuddur. Belə olan təqdirdə seçkilər çox vacibdir. Qarşıda çoxlu çağırışlar var və bu çağırışlardan xalq olaraq, dövlət olaraq üzüağ çıxmalıyıq. Məlumdur ki, seçkilərin favoriti cənab Prezident İlham Əliyevdir və növbəti dəfə xalq onu Prezident seçəcək. Çünki İlham Əliyev xalq birliyi mövcuddur. Yeni dövrdə Azərbaycanı inkişaf, tərəqqi gözləyir. İqtisadi-sosial inkişaf daha da artacaq, buna şübhə yoxdur.

- Azərbaycan-Ermənistan sülh prosesi nə vəd edir?

- Hər bir erməni gələcəyi görməlidir. Rəsmi İrəvan da, Ermənistan cəmiyyəti də yeni reallıqları qəbul etməli və sülhdən başqa yolun olmadığını anlamalıdırlar. Ermənistan rəhbərliyi anlayır ki, Qarabağı Azərbaycan işğaldan azad edib, artıq yeni reallıq yaranıb. Ermənistan rəhbərliyi də, cəmiyyəti də anlamalıdır ki, revanş cəhdləri alınmayacaq, revanşa cəhd isə acı nəticələr verəcək. Bunu rəsmi İrəvan anlayır, qəbul edir. Erməni cəmiyyətində müəyyən kəsim var ki, onlar hələ də revanşa meyillidirlər. Məsələn, keçmiş Prezident Robert Köçəryanın oğlu, deputat Levon Köçəryan parlamentdəki çıxışı zamanı deyib ki, revanş hissi ölməməlidir və s. Yəni müəyyən kəsim var ki, düşmənçiliyi davam etdirmək niyyətindədirlər. Ermənistan hakimiyyəti bu cür revanşa yol verməməli, bunun qarşısını almalıdır. Çünki bu, Ermənistanın sonu ola bilər. Ona görə də Ermənistan rəhbərliyi doğru seçim etməlidir.

Müəllif: Anar Bayramoğlu