Yığmamız 120 xal toplayaraq ilk dəfə komanda hesabında dünya çempionu olub
Serbiyanın paytaxtı Belqradda keçirilən dünya çempionatına yekun vurulub. Yunan-Roma güləşi üzrə millimiz tarixi uğura imza atıb.
AYNA xəbər verir ki, iki qızıl, üç gümüş medal qazanan yığmamız 120 xal toplayaraq ilk dəfə komanda hesabında dünya çempionu olub.
Qeyd edək ki, daha öncə sərbəst güləşdə də belə bir uğurumuz olmayıb. Buna qədər ən yaxşı nəticələrimiz sərbəst güləşdə 2009 və 2010, yunan-Roma güləşində isə 2015 və 2022-ci ildə qeydə alınıb. Həmin dünya çempionatlarında millilərimiz komanda hesabında ikinci yeri tutmuşdu.
Yunan-Roma güləşi üzrə millimiz həm medalların əyarına, həm də toplanan xallara görə də dünya çempionatlarında Azərbaycan güləş yığmaları tarixinin ən yaxşı nəticəsinə imza atıb.
Mundialda İran (102) ikinci, Türkiyə (93) isə üçüncü yeri tutub.
Xatırladaq ki, bu yarışda Eldəniz Əzizli (55 kq) ilə Rafiq Hüseynov (82 kq) dünya çempionu olublar. Murad Məmmədov (63 kq), Həsrət Cəfərov (67 kq) və Sənan Süleymanov (77 kq) isə gümüş medal qazanıblar. Komandamız 67 və 77 kq-da Olimpiadaya lisenziya qazanıb.