Yol polisi yük daşıyan sürücülərə müraciət edib

Xəbərlər

27.06.2022 - 16:34

"Qayda pozuntularına yol verilməsi halları müşahidə olunur"

“Respublikanın yerli və rayonlararası avtomobil yollarında mövcud qanunvericilikdə nəzərdə tutulmuş ölçü parametrlərini aşmaqla, qablaşdırılmamış, xüsusilə tezalışan yük kateqoriyasına aid olan ot bağlamalarından ibarət yüklərin daşınmasına görə ayrı-ayrı sürücülər haqqında çoxsaylı inzibati təsir tədbirlərinin görülməsinə baxmayaraq, təəssüflər olsun ki, hələ də belə qayda pozuntularına yol verilməsi halları müşahidə olunur”. AYNA xəbər verir ki, bu sözlər Daxili İşlər Nazirliyinin (DİN) Baş Dövlət Yol Polis (DYP) İdarəsinin məlumatında yer alıb. 

Bildirilib ki, qeyd olunanlar, habelə yüklərin bu şəkildə daşınmasının nəqliyyat vasitələrinin ağırlıq mərkəzinə təsiri nəticəsində yükün yola dağılması və ya avtomobilin özünün aşma ehtimalının yüksək olması nəzərə alınaraq, yollarda təhlükəsizliyin təmin edilməsi məqsədilə DİN-in Baş DYP İdarəsi bir daha yük daşıma fəaliyyəti ilə məşğul olan fiziki və hüquqi şəxslərin, xüsusilə belə daşımaları həyata keçirən sürücülərin diqqətinə çatdırır ki, mövcud qanunvericiliyin tələblərinə əsasən sadalanan halların hər biri ciddi qayda pozuntusu hesab edilir və törədilmiş əməlin nəticəsindən asılı olaraq inzibati və ya cinayət məsuliyyəti yaradır.

“DİN-in Baş DYP İdarəsi bir daha yük daşıma fəaliyyəti ilə məşğul olan fiziki və hüquqi şəxslərdən yüklərin daşınması zamanı yükdaşıma normalarına və təhlükəsizlik tədbirlərinə riayət olunmasını xahiş edir.

Həmçinin bildiririk ki, bu sahədə inzibati xətalara yol vermiş şəxslərin barəsində ciddi inzibati tənbeh tədbirləri görüləcək”, - deyə məlumatda qeyd edilib.

Müəllif: Ayna.az

Ramanada faciə

Dünən, 17:26 Hadisə