Yeni yaradılan qurumdan müsbət gözləntilər var

Cəmiyyət

12.09.2020 - 13:17

Ruslan Hümbətov: “Dövlət büdcəsinin yükünün azaldılması və təşkilatın özünü maliyyələşdirməsi onun işləməsi üçün əlavə motivasiya olacaq”

 

Məlum olduğu kimi, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (ƏƏSMN) yanında Dövlət Əmək Müfəttişliyi Xidmətinin (DƏMX) tabeliyində “Əməyin Mühafizəsi Mərkəzi” publik hüquqi şəxs yaradılır. Maraqlıdır, yeni qurumun fəaliyyəti nədən ibarət olacaq? Ümumiyyətlə, belə bir mərkəzin yaradılmasına nə kimi zərurət vardı?

 

Mövzu üzrə AYNA-nın suallarını əmək və sosial hüquq üzrə ekspert Ruslan Hümbətov cavablandırıb. Bildirib ki, “Əməyin Mühafizəsi Mərkəzi” publik hüquqi şəxsin DƏMX-ə aid laboratoriyanın bazasında yaradılması nəzərdə tutulur.

- Bu lobaratoriya özü nə işlə məşğul olurdu? Niyə məhz onun bazasında?

 

- Dövlət Əmək Müfəttişliyi Xidmətinin mərkəzi laboratoriyası Xidmətin struktur bölməsi olaraq, 16.02.2011-ci il tarixli, 386 nömrəli Prezident fərmanı ilə təsdiq edilmiş Xidmətin əsasnaməsinə müvafiq istehsalatda iş yerlərinin əməyin mühafizəsi və əmək şəraitinə dair norma və standartlara uyğunluğunu, zəruriliyini, ağırlığını və gərginliyini müəyyənləşdirmək üçün ölçülər və yoxlamalar aparmaq, nəzarət qaydasında iş yerində əmək şəraitinin ekspertizasını keçirmək məqsədi ilə yaradılıb. Buna baxmayaraq, demək olar ki, de-fakto işlək vəziyyətdə deyildi. Buna səbəb həm əvvəldən işlək mexanizminin qurula bilməməsi, həm də 2015-ci ildən yoxlamaların dayandırılması idi. 

 

- Bəs, yeni  yaranacaq Mərkəzin səmərəli işləməsi nə qədər real görünür

 

- Qeyd etdiyim kimi, artıq Mərkəz sıfırdan deyil, bir baza əsasında reforma edilir. Eyni zamanda, son vaxtlar həm ölkədə, həm də ƏƏSMN-in tabeliyində yaradılan publik hüquqi şəxslərin işlək bir mexanizminin olduğunu görürük. O cümlədən dövlət büdcəsinin yükünün azaldılması və təşkilatın özünü maliyyələşdirməsi onun işləməsi üçün əlavə motivasiya olacaq. Bundan başqa, 2021-ci ildə sahibkarlıq subyektlərində dövlət nəzarətinin dayandırılmasının müddətinin bitməsi Mərkəzin fəaliyyətinə əlavə təkan verəcək.

 

- Mərkəzin işləməsi cəmiyyət olaraq bizə nə verəcək?

 

- “Əməyin Mühafizəsi Mərkəzi” əmək hüquqları, əməyin mühafizəsi və əməyin təhlükəsizliyi sahəsində məsləhət xidmətləri verəcək. Təlimlər, standart norma və qaydaların müəssisələrdə tətbiqi, sertifikasiya və inspeksiya nəzarətinin keçirilməsi, fərdi və kollektiv mühafizə vasitələrinin sertifikatlaşması, iş yerlərinin attestasiyası kimi xidmətlər də Mərkəzin fəaliyyət dairəsinə aid olacaq. Bu da öz növbəsində xidmət çeşidlərinin artırılmasına və xidmətlərin təkmilləşdirilməsinə şərait yaradacaq. Qeyd edilən məsələləri düzgün qurub, şəffaflığı təmin edib, cəmiyyəti öz fəaliyyətlərinə inandıra bilsələr, müsbət nəticələrini görmək mümkün olacaq. Bu, müəyyən norma və standartların yaranmasına, işəgötürənlərin, SƏTƏM menecerlərin mariflənməsinə, yetişdirilməsinə, müəssisələrdə normal əmək şəraitinin yaxşılaşdırılmasına gətirib çıxara bilər. O da öz növbəsində işçilərin rahat, sağlam və təhlükəsiz, standartlara uyğun, stressiz işləməsi, istehsalatda və iş yerlərində ölüm və xəsarətlərin azalması ilə nəticələnəcək.

Müəllif: Ayna.az