Şiqeru İşiba parlamentin əsas aşağı palatasını buraxmaq və növbədənkənar seçkilər keçirmək qərarı verib
Yaponiyanın hakim Liberal Demokrat Partiyasının (LDP) yeni sədri, oktyabrın 1-də ölkənin Baş naziri vəzifəsinə başlayan Şiqeru İşiba həmin ay parlamentin əsas aşağı palatasını buraxmaq və növbədənkənar seçkilər keçirmək qərarı verib. AYNA xəbər verir ki, bu barədə “Kyodo” agentliyi məlumat yayıb.
Qeyd olunub ki, bu seçkilərdə qalib gələn partiya Baş naziri təyin edə biləcək. Yaponiya Parlamentinin əsas aşağı palatasına növbəti seçkilər 2025-ci ilin oktyabrına qədər keçirilməli idi. Lakin Baş nazirin erkən seçkilər keçirmək üçün palatanı buraxmaq hüququ var.
Sentyabrın 27-də Şiqeru İşiba səs çoxluğu ilə hakim Liberal Demokrat Partiyasının (LDP) sədri seçilib. Seçki kampaniyası zamanı o, Yaponiyanın müdafiə qabiliyyətinin gücləndirilməsinin, NATO-nun Asiya analoqunun və regionda kollektiv təhlükəsizlik sisteminin yaradılmasının tərəfdarı olduğunu bəyan edib.