Xocalı qurbanları İstanbulda yad edilib

Xəbərlər

25.02.2024 - 23:17

Soyqırımının 32-ci ildönümü ilə bağlı anım mərasimi keçirilib

İstanbulda Xocalı soyqırımının 32-ci ildönümü ilə bağlı anım mərasimi keçirilib. AYNA xəbər verir ki, mərasimdə əvvəlcə Azərbaycanın və Türkiyənin Dövlət himnləri səsləndirilib, Xocalı qurbanlarının ruhuna “Qurani-Kərim”dən ayələr oxunub.

İstanbul Türkiyə-Azərbaycan Dərnəyinin (İSTAD) təşkilatçılığı ilə keçirilən tədbirdə Türkiyə-Azərbaycan Dərnəkləri Federasiyası (TADEF) sədrinin müşaviri Pərviz Məmmədzadə, Diasporla İş üzrə Dövlət Komitəsinin nümayəndəsi Kənan Məmmədov, yerli ictimaiyyətin, QHT-lərin, siyasi partiyaların və dövlət qurumlarının nümayəndələri, Türkiyədə yaşayan azərbaycanlılar və digərləri iştirak ediblər.

Mərasimdə çıxış edən sosial elmlər üzrə yazıçı Metin Yıldırım, İSTAD-ın sədri Səfər Qaraqoyunlu, TADEF sədrinin müşaviri Pərviz Məmmədzadə, beynəlxalq hüquq üzrə mütəxəssis, Bakı Dövlət Universitetinin professoru Əmir Əliyev və digərləri Xocalıda dinc əhaliyə qarşı törədilən tarixin ən qanlı qətliamı barədə danışıb, ermənilər tərəfindən törədilən bu vəhşiliyin əsrlər keçsə də unudulmayacağını vurğulayıblar.

Pərviz Məmmədzadə bildirib ki, fevralın 22-dən başlayaraq Diasporla İş üzrə Dövlət Komitəsi və TADEF-in birgə təşkilatçılığı ilə Türkiyənin müxtəlif bölgələrində Xocalı soyqırımı qurbanlarının xatirəsinə anım tədbirləri keçirilir.

Mərasim çərçivəsində Xocalı soyqırımından bəhs edən fotosərgi açılıb.

Xocalı qurbanları İstanbulda yad edilib
Müəllif: Ayna.az