“Xocalı barədə yalan xəbəri yaymaqdan imtina etdiyim üçün mənə “kabineti boşalt” dedilər”

Cəmiyyət

30.09.2023 - 13:32

DİN mətbuat xidmətinin sabiq rəhbəri: “Qəzetləri pəncərədən yerə atdım, etirazçılara qışqırdım ki, Daxili İşlər Nazirliyinin rəsmi məlumatı bu qəzetdə dərc olunub və camaat qəzetləri götürərək, sakitcə dağıldı

“Polis” qəzetinin ilk baş redaktoru, Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin sabiq rəisi, ehtiyatda olan polkovnik-leytenant Aqşin Zeynalovun AYNA-ya müsahibəsini təqdim edirik.

- Bu müsahibənin ideyası bir-iki ay əvvəl yaranıb. Daxili İşlər Nazirliyinin saytına baxanda “Polis” qəzeti ilə bağlı məlumata rast gəldim. Təsəvvür edin ki, pq.mia.gov.az saytında “Polis” qəzetinin 1933-cü ildə yaranması barədə məlumatı oxuyanda təəccübləndim, baxmayaraq ki, bu nəşrin Sizin sayənizdə işıq üzü görməsini eşitmişdim. Jurnalist dairələrində olduğum üçün və şəxsən sizinlə tanış olduğum üçün bu qəzetin həqiqətən necə yarandığını daha detallı öyrənmək qərarına gəldim.

- Bəli, söhbətimiz yadıma düşdü və söz verdim ki, birinci nömrəsinin nəşrinin 30 illiyində, yəni sentyabrın 30-da sizə “Polis” qəzetinin yaranma hekayəsini danışacağam. Sizinlə söhbət etdikdən sonra qeyd olunan sayta da baxdım. Bu məlumatı kimin hazırladığını bilmirəm, amma adam məntiqi düşüncə ilə çox da dostluq etmir. 1933-cü ildə hansısa bir nəşri “Polis” adı ilə adlandırmaq apriori mümkün deyildi. Əslində, bu il yalnız Azərbaycan Daxili İşlər Nazirliyinin əməkdaşları arasında yayılan “Mübariz kəsikdə” qəzeti yaranıb. Ona görə də “Polis” qəzeti asayişin keşiyində sədaqətlə xidmət edən bu nəşrin davamçısıdır.

- Deməli, bu il qəzetin 30 ili tamam olur.

- İlk nömrəsinin nəşrinin 30 illiyi tamam olur. “Polis” qəzetinin özü 1992-ci ildə təsis edilib, lakin ilk nömrəsi yalnız 1993-cü il sentyabrın 30-da işıq üzü görüb.

Qəzetin yaranma tarixini bilməyənlər bu tarixə ehtiyatla yanaşacaqlar. Xalq Cəbhəsinin hakimiyyətdə olduğu dövrlər idi. Bu dövrlər qarışıqlıq və bir çox sahələrdə peşəkarlığın olmaması dövrləri idi. Və belə bir vaxtda “Polis” qəzeti yarandı. Bu tarixçə dar bir dairəyə məlumdur. Və bilirlər ki, “Polis” qəzeti o vaxtkı Daxili İşlər Nazirliyinin və ya Bakı Şəhər Baş Polis İdarəsinin rəhbərliyinin istəyi ilə yaradılmayıb. O, haqq-ədalət mübarizəsinin qızğın vaxtında yaranıb. Onun yaranmasında əsl jurnalist həmrəyliyinin böyük rolu olub.

- Qəzetin yaranma tarixçəsini daha detallı bilmək oxucularımız üçün də çox maraqlı olacaq...

- Əslində, hər şey 1990-cı ildən başladı. Mən Məhəmməd Əsədovun rəhbərliyi ilə yaradılan Daxili İşlər Nazirliyinin KİV-lə iş şöbəsinə inspektor təyin olunmuşdum. Rəhmətlik nazir bizim idarəyə çox diqqət yetirirdi. Həmin illərdə erməni millətçiləri azərbaycanlıları müasir Ermənistan ərazisindəki öz doğma torpaqlarından qovmuş, Azərbaycanla sərhəddə silahlı toqquşmalar baş vermişdi. Qarabağda və Ermənistanla sərhəd rayonlarda çox çətin vəziyyət yaranmışdı. Təəssüf ki, SSRİ-nin mərkəzi mətbuatı erməni millətçilərinin tərəfində idi. Biz ancaq respublika qəzetlərində həqiqəti yaza bilirdik.

Bildiyiniz kimi, həmin günlərdə Azərbaycan Daxili İşlər Nazirliyinin əməkdaşları cəbhənin önündə gedirdilər. Mən tez-tez qaynar nöqtələrə ezamiyyətlərə gedirdim, respublika mətbuatında əməkdaşlarımızın şücaətli xidməti haqqında yazılarım dərc olunurdu. O vaxtlar Daxili İşlər Nazirliyində hər iki dildə eyni dərəcədə uğurla yaza bilən adamlar az idi. Mərkəzi mətbuatda bizim əleyhimizə yazılar çıxırdısa, ancaq respublikada çıxan rusdilli nəşrlərdə təkziblər verilirdi. Amma bu, kifayət etmirdi. Səsimizi Moskvaya çatdırmaq lazım idi. Həftəiçi günlərin birində o vaxtkı müdirim tələsik kabinetə girdi və mənə “nazir səni çağırır” dedi. Həmin an elə bil məni kresloya bağlamışdılar. Mən hara, nazira hara? Həyəcanımı dəf edib ikinci mərtəbəyə endim və nazirin mayor rütbəli köməkçisinin oturduğu qəbul otağına girdim. Məni görəndə təəccübləndi: Zeynalov, nazir səni çağırıb? Razılıqla başımı tərpətdim. O, məlumat verdi və mən həyatımda ilk dəfə olaraq nazirin kabinetinə girdim. Sonradan mən müxtəlif nazirlərin dövründə dəfələrlə bu kabinetdə olmuşam. Amma, o gün dönüşü olmayan yola qədəm qoyduğum gün idi...

- Həyəcanınızı təsəvvür edirəm: təcrübəsiz, gənc leytenantı nazirin özü çağırmışdı...

- Məhz bu sözləri mənə müxtəlif səviyyəli rəhbərlər dəfələrlə deyiblər. Həmin qəbulda nazir yazılarıma görə məni təriflədi və SSRİ Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbərlərindən birinin telefon nömrəsini verdi. Mərkəzi mətbuata çıxmaq lazım idi. Məhəmməd Əsədov Azərbaycanın haqq səsini dünyaya çatdırmaq üçün çox iş görüb və bu böyük tamaşada kiçik bir rol oynamaq mənim üçün şərəf idi. Sonra informasiya blokadasını yarıb mərkəzi mətbuata çıxdıq. Amma bu, artıq başqa bir söhbətin mövzusudur...

- Əsədov gedəndən sonra Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin rəisi təyin olundunuz...

- O vaxta qədər Daxili İşlər Nazirliyində çoxları mənim jurnalist fəaliyyətimlə artıq tanış idilər, ona görə də yeni struktur yarananda məni çox uzatmadan ora rəhbər təyin etdilər. Həmin illərdə Qarabağda artıq ağır döyüşlər gedirdi. Artıq hərbi müxbir kimi təcrübəm var idi və tez-tez orada çəkilişlər aparırdıq, çəkdiyimiz kadrlar sonradan dövlət televiziyasında nümayiş etdirilirdi. Həmin illərdə məşhur “Marş irəli!” əsgər marşı təzə bəstələnmişdi. Bu mahnıya çəkilən klipin əsas kadrları məhz bizim qrupumuz tərəfindən lentə alınmışdı.

Təəssüf ki, Vətən uğrunda ağır döyüşlər getdiyi bir vaxtda Bakıda hər cür çirkin vasitələrlə hakimiyyət uğrunda lokal döyüşlər gedirdi. Mən siyasətdən uzaq idim, öz peşə borcumla məşğul idim, amma Çörçilin dediyi kimi: “Əgər siyasətlə məşğul deyilsənsə, deməli siyasət səninlə məşğul olacaq”.

1992-ci il fevralın 26-sı səhər saatlarında Xocalıdakı vəziyyətlə bağlı həyəcanlı xəbərlər aldıq. Heç bir əlaqə yox idi, xüsusi rabitə ilə Şuşa polis rəsinin siyasi işlər üzrə müavini ilə əlaqə saxladım. O, mənə bildirdi ki, vizual baxışdan məlum olur ki, Xocalı istiqamətindən kütləvi sıx tüstü gəlir, şəhər hər tərəfdən yanır, hətta aramsız atəş səsləri də eşidilir.

Bu barədə dərhal rəhbərliyə məlumat verdim. İş otağımdakı telefon dayanmadan zəng çalırdı. Bu barədə heç olmasa bir açıqlama vermək lazım idi. Müəyyən bir müddətdən sonra mətbuatda yaymaq üçün mənə mətn verirlər. Mətni oxuyanda təəccübləndim - “iki ölü var və iki nəfər yaralanıb”. Bu, ağ yalan idi! Və mən bu cür məlumatları ötürməkdən qəti şəkildə imtina etdim. Ondan sonra mənə dərhal dedilər ki, kabineti boşalt.

Şəxsi əşyalarımı yığarkən telefon zəng çaldı. Zəng edən “Azadlıq” qəzetinin əməkdaşı Elmira Əmrahqızı idi. Vətən üçün ölümə hazır olan və sonradan şəhid olan oğlanlardan aldığım məlumatları ona verdim. Elə həmin axşam Azərbaycan televiziyasının əsas xəbərlərində Xocalı hadisələri ilə bağlı yalan məlumatlar yayıldı, amma mənim üçün ən önəmlisi o oldu ki, məlumatın Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən alınması barədə heç bir söz açılmadı.

Səhəri gün ev nömrəmə zəng etdilər. Nazirin köməkçisi idi, mənə dedi ki, təcili nazirliyə gəl. Əsas girişə yaxınlaşanda o dövrün ən dəbli sözü olan “İstefa!” deyə qışqıran izdiham gördüm. Binaya arxa qapıdan girməli oldum. Nazirin qəbul otağına getdim, orada artıq məni “Azadlıq” qəzetinin yığılmış qalaqları gözləyirdi. Mənim dünənki məlumatım qəzetdə dərc olunmuşdu. O vaxt bu qəzetdəki məlumat bir çox kreslo sahiblərini xilas etdi. Qəbul otağının pəncərəsini açıb, qalaqları yerə atdım, etirazçılara qışqırdım ki, Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin rəsmi versiyası bu qəzetdə dərc olunub. Camaat qəzetləri götürərək, sakitcə dağıldı. Və mənə dedilər ki, Daxili İşlər Nazirliyində xidmətimi davam etdirə bilərəm...

- Bir müddət sonra Azərbaycanda AXC hakimiyyətə gəldi...

- Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən qovulacağım gün kimi aydın idi. Mən buna hazır idim. Amma köhnə partokrat AXC lideri ilə şəxsi tanışlığı sayəsində Daxili İşlər Nazirliyinin mətbuat xidmətinə rəis təyin olunanda “Səhranın bəyaz günəşi” filmindəki gömrük əməkdaşının “obidno za derjavu” sözlərini xatırladım. Əvvəlcədən dedim ki, ad çəkməyəcəm və bu, bizim polis olaraq daxili işimizdir.

Bundan sonra təxminən üç aya yaxın qaynar nöqtələrdə oldum, vaxtaşırı cəbhədəki polislərin qəhrəmanlığı haqqında yazılar dərc edirdim. Və beləliklə məni yenə nazirin qəbuluna çağırdılar. Görüşdən sonra jurnalist həmrəyliyinin nə olduğunu başa düşdüm. Xüsusilə jurnalistikanın köhnə məktəbinin. Məndən xəbərsiz o dövrün tanınmış şəxsləri nazirlə görüşəndə dəfələrlə haqqımda danışıblar, deyiblər ki, məni vəzifədən uzaqlaşdırmaq səhv idi. Və yəqin ki, nazir də bu söhbətlərdən bezmişdi və tez-tez qaynar nöqtələrə getdiyimi bildiyi üçün məni geri qaytarmaq qərarına gəldi.

Amma bu barədə düşünmək üçün bir gün vaxt istəyəndə daha çox təəccübləndi. Məsələ burasındadır ki, o vaxt bu vəzifəni çox layiqli bir adam tuturdu, onunla eyni vaxtda nazirlikdə işləməyə başlamışdıq. Həmin axşam mən və həmkarlarım çox şeyi müzakirə etdik, sonra onlardan birinin ağlına Daxili İşlər Nazirliyinin nəzdində qəzet yaratmaq ideyası gəldi. Səhəri gün bu ideya ilə nazirin qəbulunda idim...

Rəhbər işçilərlə danışıb, nəyi isə başa salmaq, izah etmək asandır, lakin aşağı səviyyəli işçilərə gəldikdə, bu, böyük bir problemdir. Nəhayət, məni Bakı Şəhər Baş Polis İdarəsinə göndərdilər. Orada mənim fikrimə təəccübləndilər, amma susdular. Bakı polisinin nəzdində “Polis” qəzetinin redaksiyası belə yaradılıb.

- Dediniz ki, qəzet 1992-ci ilin sonlarında təsis edilib, amma ilk sayı 1993-cü ilin sentyabrında çıxdı. Bu qədər müddət nəyə getdi ki?

- Bəs nə bilmişdiniz?! Mənə kim icazə verə bilərdi ki, qəzet çıxarım? Məni növbətçi məntəqədən bir müfəttiş, iki sürücü ilə bir kabinetə saldılar, dedilər, nə qədər istəyirsən otur. Maliyyə təminatı yox idi, qalan işçilərin oturmağa yeri yox idi. Sanki rəssama fırçalar və kətan vermişdilər, amma boya vermirdilər. Və yalnız dahi azərbaycanlı Heydər Əliyevin hakimiyyətə qayıdışı Vətənimizi xilas etməklə yanaşı, “Polis” qəzetinin nəşrinə də təkan verdi. Məhərrəm Əliyev Daxili İşlər Nazirliyinin Baş İdarəsinə rəis təyin olunandan sonra nəhayət ki, mənim təklifimlə maraqlandılar.

Bakı Şəhər Baş Polis İdarəsinin o vaxtkı rəhbərliyinin birgə səyi və jurnalist həmrəyliyi nəticəsində ədalət alovundan doğan “Polis” qəzeti belə yarandı. İlk sayı 30 il əvvəl - 30 sentyabr 1993-cü ildə işıq üzü gördü.

Qəzet böyük maraqla qarşılandı. Orada mühüm məlumatlar dərc edilir, ölkədə asayişin qorunması problemlərinə diqqət yetirilir, polisin fəaliyyəti ilə bağlı maraqlı faktlar verilirdi. Bir sözlə, bu, mənim jurnalist və redaktor kimi potensialımı reallaşdırmağa imkan verən həyatımda çox maraqlı hadisələrlə zəngin bir dövr idi.

Dövlətçilik tədricən bərpa olunurdu və təbii ki, ictimai təhlükəsizliyin burada yeri əvəzsiz idi. Yəqin ki, o illərdə paytaxtda hökm sürən xaosu xatırlayırsınız. Biz bir tərəfdən cəbhədə erməni işğalçılarına qarşı döyüşürdük, digər tərəfdən isə özlərini daha rahat hiss edən kriminal aləmə qarşı mübarizə aparırdıq. Küçədən dövlət qurumlarına gələn, sonra da oradan qovulan insanlar yenidən hakimiyyət uğrunda mübarizəyə qarışmağa can atırdılar. Amma onlarda alınmırdı. Böyük Heydər Əliyev bütün işlərin üstünə son nöqtələri qoydu. Və bu mübarizədə təbii ki, polisin, ilk növbədə, Məhərrəm Əliyevin rəhbərlik etdiyi Bakı polisinin mühüm rolu olub.

Həmin günlərdə “Polis” qəzeti Bakı qarnizonu polis əməkdaşlarının qəhrəmancasına göstərdikləri xidməti işıqlandırırdı. Sevindirici hal idi ki, qəzetimiz sərbəst açıq satışda idi və ən çox satılan nəşrlərdən birinə çevrilmişdi. Biz artıq sadəcə hansısa qurumun qəzeti deyildik. Daha sonra qəzetin arxiv materialları əsasında “Həyəcan dolu 5 il” kitabı işıq üzü gördü. Düz 7 il qəzetə rəhbərlik etdim, sonra bu mühüm xidmətin bütün çətinliklərini və ləzzətlərini yaşamaq üçün polis kimi peşəkar işə keçdim.

Müəllif: Asif Aydınlı