“Xəstələr Şirvana axın etdilər” – <font color=red> Baş həkim danışdı</font>

Cəmiyyət

28.08.2020 - 15:42

Fərhad Səfərov: “Xəstəxanamız gündə 400 xəstə qəbul edirdi ki, bu xəstələrin də əksəriyyəti digər bölgələrin sakinləri idi”

 

27 Avqust 2020-ci il tarixində Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) Şirvan şəhərində koronavirus infeksiyası hallarının intensivliyində artım olduğunu açıqladı. İnfeksiya hallarının intensivliyinin artması tibb müəssisələrinin işi ilə əlaqələndirildi. Bununla əlaqədar olaraq, tibbi müəssisələrin işində bir sıra çatışmazlıqların aşkarlandığı Şirvana monitorinq üçün işçi qrupu göndərildi.

 

Şirvan Mərkəzi Şəhər Xəstəxanasında (ŞMŞX) və Şirvan Şəhər Müalicə (ŞŞMDM) və Diaqnostika Mərkəzindəki çatışmazlıqların aradan qaldırılması üçün bir sıra tədbirlər həyata keçirildi. İnfeksiya mənbəyinin lokallaşdırılmasına qərar verildi və bu baxımdan hər iki müəssisədə xəstələrin qəbulu müvəqqəti dayandırıldı.

 

ŞMŞX-nin baş həkimi Fərhad Səfərovun AYNA-ya verdiyi məlumata görə, hazırda Şirvan şəhərində 320 nəfərə yaxın koronavirus xəstəsi var: “Bu il aprelin 8-dək Şirvan şəhərində koronavirus xəstəsi yox idi. İyul ayında yalnız 30-a yaxın koronavirus xəstəmiz var idi. Ancaq qonşu rayonlardakı xəstəxanalar iyul ayında bağlandı. Və nəticədə xəstələr Şirvana axın etdilər”.

 

“Xəstəxanamız gündə, təxminən 400 xəstə qəbul edirdi ki, bu xəstələrin də əksəriyyəti digər bölgələrin sakinləri idi. Bu proses Şirvanda koronavirus xəstələrinin sayının artmasına səbəb oldu. Xəstələr arasında xəstəxanamızın tibb personalının üzvləri də var”, - deyə baş həkim bildirdi.

 

Maraqlıdır, doğurdanmı Şirvanda koronavirusla bağlı acınacaqlı vəziyyətin səbəbi, Fərhad Səfərovun iddia etdiyi kimi, ətrafdakı xəstəxanaların bağlanmasıdır? Bu suala cavab almaq üçün TƏBİB-in mətbuat xidmətinin rəhbəri Rəvanə Əliyevaya müraciət etdik.

 

"TƏBİB artıq bu məsələ ilə bağlı açıqlama verib", - deyən Əliyeva, sualımıza geniş şəkildə aydınlıq gətirməkdən imtina etdi.

 

Bölgələrdə xəstəxanaların bağlanması əmrini kimin və hansı əsasla verdiyini, bununla da ölkənin müəyyən bir şəhərində koronavirusun yayılmasına səbəb olduğunu öyrənəcəyik və bu barədə oxucularımıza məlumat verəcəyik. Məsələni diqqətdə saxlayırıq.

Müəllif: Rəşad Rüstəmov