Xalqı və dövləti aldadan məmurlar cəzalandırılmalıdır - Dövlətin vədi var

Cəmiyyət

11.02.2024 - 00:15

Ümummilli Liderin tarixi sosial ədalət siyasəti və xalqa vədi yerinə yetirilməlidir

Kimin ailəsində Sovet dövlətinin xalqa məxsus əmlakından miras əmlak payı olaraq verilmiş özəlləşdirmə çekləri qalıbsa, qəti SATMASIN! Bu gün istifadə olunmayan özəlləşdirmə paylarının 1 milyonu vətəndaşlardadır.

Hökumətə müraciət

“Özəlləşdirmə Çekləri” Qrupu, ziyalılar, deputatlar, siyasətçilər və 6 nəfər prezidentliyə namizəd adından hökumətdən xahiş və tələb edilir: Ümumilli Lider Heydər Əliyevin və Dövlətin xalqa vədinə əməl edin!

Hörmətli Məmurlar, Dövlətimizi və Prezidentimizi sevirsinizsə, oliqarx məmurlardan qorxmadan bu məlumatları cənab İlham Əliyevə çatdırın. Prezidentin ətrafındakı bəzi oliqarx məmurlar İlham Əliyevə düzgün məlumatların çatdırılmasına mane olur.

Kapitalizmə dinc keçid üçün Ümumilli Lider Heydər Əliyevin və Dövlətin tarixi sosial ədalət siyasəti, qanunlar və Konstitusiya, həmçinin, dövlətin xalq qarşısında QANUNLA götürdüyü öhdəliklər pozulub. Bu günə qədər yüzminlərlə vətəndaşın özəlləşdirmə payının qanunla inflyasiyadan qorunan 20 000$ əmlak ekvivalenti dəyərində mülkiyyət hüququ, Konstitusiyaya zidd olaraq məmurlar tərəfindən tam əllərindən alınıb.

Özəlləşdirmə payı – çekləri verilən zaman qüvvədə olan qanunlarla Dövlətin və Ulu Öndərin xalqa verdiyi hüquqların və dövlət öhdəliklərinin, tarixi sosial ədalət siyasətinin pozulması barədə Prezidentə tam məlumatlar verilmir. 13 ildir qanunların və Konstitusiyanın pozulması ilə aparılan ədalətsiz özəlləşdirmə prosesi vətəndaşlarla məmurlar arasında ciddi gərginlik yaratmaqda davam edir.

Tarixi ədalətsizlik şəraitində aparılan mülkiyyət bölgüsü, qanunla xalqa məxsus mülkiyyətin məmurlar tərəfindən PUL ilə özəlləşdirilməsi bütün investorlar və məmurlar üçün gələcəkdə böyük təhlükə zəmini yaradır. Bu, vətəndaş-dövlət münasibətlərində arzuolunmazdır.

Siyasətçilər, psixoloqlar, sosioloqlar, hüquqşünaslar, tarixçilər və möminlər (“Quran”dan agah olanlar) mülkiyyət bölgüsü ilə bağlı haqsızlıqların, ədalətsizliyin ağır nəticələri barədə çox gözəl bilirlər. Konstitusiyaya və beynəlxalq hüquqa zidd olan bu qanunsuzluq investorların ölkəmizə inamına, habelə ölkəmizin beynəlxaq aləmdəki demokratik və hüquqi dövlət kimi nüfuzuna ciddi zərbədir. Ən əsası, tarixi sosial ədalət prinsipinin pozulması gələcəkdə dövlətçiliyimiz üçün ən böyük problem olan vətəndaş qarşıdurmasına səbəb olacaq əsaslar yaradır.

Xahiş edirik, poblemin ciddiliyini nəzərə alın, Haqqa, Ədalətə, Xalqa dəstək olun. Ümid edirik ki, bu müraciətdən sonra haqqın yolunu kəsməyə çalışan bəzi məmurlar “Facebbok”da “Özəlləşdirmə Çekləri” qrupunda birləşmiş 40 000 ailənin, həmçinin bu insanların dərdini dilə gətirən ziyalıların, siyasətçilərin, deputatların və prezidentliyə namizəd olmuş şəxslərin tələbləri qarşısında geri çəkiləcəklər. Yenə ümid edirik ki, o məmurlar Haqqı dilə gətirənlərin mətbuatda və TV kanallarında bu problem barədə dedikləri faktların ciddiliyini nəzərə alacaq, qanunsuz əməlin Dövlətçiliyimizə, Xalqa, Ümumilli Liderin tarixi sosial ədalət siyasətinə qarşı cinayəət olduğunu anlayacaqlar və cənab İlham Əliyevə doğru-dürüst məlumat verəcəklər. Nəticədə dövlət başçısı təcili tədbir görülməsinə göstəriş verəcək.

Diqqət edin!

“Dövlət Özəlləşdirmə Payı” Respublikamızın qanunvericiliyində ilk dəfə 1993-cü ildə qəbul edilmiş “Azərbaycan Respublikasında dövlət mülkiyyətinin özəlləşdirilməsi haqqında” Azərbaycan Respublikasının Qanunu ilə tənzimlənib. Həmin Qanunun 18-ci maddəsində “özəlləşdirmə payı” anlayışı verilərək deyilir:

- Özəlləşdirmə payı Azərbaycan Respublikasının hər bir vətəndaşına özəlləşdirilən dövlət mülkiyyətindən əvəzsiz verilən hissədir;

- Özəlləşdirmə payları respublikanın vətəndaşlarına özəlləşdirmədə iştirak etməyə ilkin bərabər imkan yaratmaq üçün verilir.

Bildiyiniz kimi, Dövlət Özəlləşdirmə Çeklərinin (DÖÇ) tədavül müddəti əvvəl Qanun ilə təsdiq olunmuş I Dövlət Proqramı ilə 3 il müddətinə təyin olundu, daha sonra Fərman ilə təsdiq olunmuş II Dövlət Proqramı ilə 2011-ci ilin yanvarın 1-nə qədər uzadıldı. Göründüyü kimi, burada Qanunla qəbul edilmiş bir müddət sonradan Fərman ilə uzadıldı.

Bundan belə bir ƏSAS sual meydana gəlir ki, DÖÇ-lər üçün ilk təyin olunan 3 illik müddət Fərman ilə uzadılmasaydı, nə baş verəcəkdi?

Fərz edək ki, DÖÇ-lər ilk 3 ildən sonra tədavül müddəti bitdiyi üçün 1999-cü ildə tədavüldən çıxarılmalı idi. Burada sual olunur: müddəti uzadılmayıb, tədavüldən çıxarılsaydı, onda kompensasiya veriləcəkdimi?

Təbii ki, həmin qanunvericiliyə görə, 3 illik müddət bitəndən sonra Qanunla qoyulmuş qaydaya əsasən (əvvəlki Özəlləşdirmə Qanunu, Maddə 19), həmin DÖÇ-lər (paylar) İnvestisiya Fonduna qoyulmalı, oradan vətəndaşlara dividend verilməli və istifadə olunmalı idi. Lakin dövlət pozitiv öhdəliyini icra edib İnvestisiya Fondu qurmadığı üçün (bildiyiniz kimi, heç Çek İnvestisiya Fondu da yaradılmadı) vətəndaşların hüquqları pozuldu.

Yenə diqqət edin!

Bunu da DÖÇ-lərin tədavül müddətini Fərmanla uzatmaq ilə ödəməyə çalışdılar ki, bu da öz növbəsində indiki pozuntulara səbəb oldu.

Bunlardan başqa, 1993-cü il tarixli “Azərbaycan Respublikasında dövlət mülkiyyətinin özəlləşdirilməsi haqqında” Azərbaycan Respublıkasının Qanununun 18.4-cü maddəsinə görə, “Özəlləşdirmə payı respublikanın hər bir vətəndaşının adına müvafiq bankda açılmış xüsusi hesabda saxlanılır”.

Fərz edək ki, həmin dövrdə (1999-da) bu normaya əməl olunaraq, bu payların dəyəri hesablanıb PUL formasında banklara qoyuldu. Sual olunur: əgər belə olsaydı, həmin pulların aqibəti necə olacaqdı?

Bu sual və 1995-ci ildə Heydər Əliyevin Prezident Sarayındakı XALQA VƏDİ öz-özlüyündə bir daha özəlləşdirmə payına düşən mülkiyyət hüququnun dövlət tərəfindən vətəndaşlara ömürlük əvəzsiz verildiyini təsdiq edir. Özəlləşdirmə payları (çekləri) Xalqa - vətəndaşlara MİRAS ƏMLAK PAYI kimi verilən zaman qüvvədə olan qanunlara əsasən, hər bir vətəndaşa verilmiş özəlləşdirmə payı inflyasiyadan qorunan əmlak ekvivalentinə bərabər - EYNİ dəyərə malik idi və bu gün qanunla dəyəri ən azı 20 000$-dır.

Yadınızdadırsa, “sberkassa”larda Sovetdən qalan pullara kompensasiya barədə bizim dövlətin qanunla heç öhdəliyi yox idi. Ancaq cənab Prezident İlham Əliyev alicənablıq edərək, o pullara dövlətdən kompensasiya verilməsi barədə göstəriş verdi.

Bilirsiniz ki, DÖÇ-lərin üzərində bütün qiymətli kağızların üzərində olduğu kimi Qanun gücünə malik olan müəyyən yazılar var və həmin yazıların-öhdəliklərin heç birinə əməl olunmayıb. Məhz DÖÇ-nin üzərində yazılır ki, “Bu Özəlləşdirmə Çeki Azərbaycan Respublikasının dövlət mülkiyyəti ilə təmin olunmuşdur”. DÖÇ-nin arxasında yazılır ki, “Dövlət Özəlləşdirmə Çeki – Azərbaycan Respublikasının hər bir vətəndaşına özəlləşdirilən dövlət mülkiyyətindən əvəzsiz verilən hissədir”.

Dolayısı ilə, bu yazılar belə, həmin çekin vətəndaşın mülkiyyət hüququnu təsdiq edən sənəd olduğunu göstərir. Hətta, qanunla dövlətin ən kasıb vaxtında tarixi sosial ədalət naminə, dövlət öhdəliyi olaraq özəlləşdiriləcək bütün orta və iri dövlət əmlakının 65%-inin özəlləşdirilməsi DÖÇ ilə aparılmalı idi və qanunla investorlar özəlləşdirmədə iştirak etmək üçün vətəndaşlarda olan DÖÇ-ləri alaraq iştirak edə bilərdi. Xarici investorlar isə ancaq opsion aldıqdan sonra DÖÇ-ləri ala bilərdi. Qanunla dövlət orta və iri müəssisələrin ancaq ona məxsus olan 35%-ni PULLA sata bilərdi.

Ümummilli Lider Heydər Əliyevin göstərişi ilə, dövlət qiymətli kağızı kimi 8 milyon özəlləşdirmə payını (32 milyon çeki) ancaq ÇAP ETDİRMƏK üçün, 1995-ci ildə - dövlətin ən kasıb vaxtında 64 milyon ABŞ dolları ödənilib.

Özəlləşdirmə Payı barədə bilməyənlər Ulu Öndərin Prezident Sarayındakı 7 mart 1995-ci il tarixli çıxışını oxusunlar.

Tarixi çıxış:

“... Ona görə də mən görürəm ki, bu barədə fikir ayrılığı tamamilə təbiidir və qəti bir fikir də demək çətindir. Şəxsən mən bunu demək istəmirəm. Ancaq bir şey aydındır ki, özəlləşdirmə zamanı vətəndaşların payı olmalıdır, hər bir vətəndaş öz payını almalıdır, bu payından istədiyi kimi istifadə etməlidir. O, ya özəlləşdirilən müəssisənin bir hissəsinin sahibi olacaqdır, yaxud öz payını başqasına verəcək və ya satacaqdır. Bunlar hamısı gələcək proseslərdə olacaqdır. Amma vətəndaşın payı olmalıdır. Yəni bu özəlləşdirmə 10 il, 15 il, 20 il çəkəcəkdir. Belə olan surətdə, əgər biz bu gün hesab ediriksə ki, dövlət əmlakı özəlləşdiriləcək və insanlar ondan bu payı alacaq, bəs bu payı nə vaxt alacaq? Belə çıxır ki, biri payını bu gün alacaq, biri bir ildən sonra, biri də 15 ildən sonra, 20 ildən sonra alacaq. Bəs bu, necə müəyyən olunacaq?”

Agah oldunuzmu, hörmətli məmurlar?

Ulu Öndərin siyasəti və imzaladığı Qanuna və Konstitusiyaya əsasən, DÖÇ-lər ya dövriyyəyə qaytarılmalı, ya da hər PAYA düşən inflyasiyadan qorunan əmlak ekvivalentinin dəyəri hesablanmalı, KOMPENSASİYA ödənilməlidir.

Konstitusiya Məhkəməsinin (KM) ekspertləri olan 10-dan çox hüquqşünas alim tərəfindən, Prezidentin nəzarətində olan Ali Attestasiya Komissiyasının (AAK) “Qanun” jurnalında çap olunmuş 4 məqalədə isbat olunur ki, DÖÇ-lər verilən zaman qüvvədə olan qanunvericilik aktlarına uyğun olmayaraq, yəni kompensasiya verilmədən 13 ildir aparılan özəlləşdirmə prosesi dövlət siyasətinə ziddir – mütəşəkkil korrupsiya əməlidir, cinayətdir.

Cənab məmurlar!

Özəlləşdirmə payları ilə bağlı bəzi hüquqi aktların araşdırılması barədə Konstitusiya Məhkəməsinin Palatası bizim müraciətdən 8 ay sonra - 19 dekabr 2023-cü ildə bu hüquqi poblemin araşdırılmasından İMTİNA Qərardadı çıxarıb. KM Palatasının imtina qərarındakı Konstitusiya və qanunlara ZİDD olan yozma və əsalandırma özəlləşdirmə paylarına aid əvvəlki qanunlarda olan dövlət öhdəliklərini heçə saymaqdır. Bu İMTİNA qərarında vətəndaşlara Qanunla verilmiş mülkiyyət və bərabərlik hüquqlarının 2000-ci il "Özəlləşdirmə haqqında" Qanunun bu gün də qüvvədə olan Maddə 33.1-ci bəndini (bu bənd heç bir Qanunla bu günə qədər qüvvədən düşməyib) naməlum səbəbdən NƏZƏRƏ ALMADAN, həmin Qanunun Maddə 33.2-ci bəndi əsas tutularaq TAM ləğv olunduğu göstərilib.

Bu, absurddur! Bu cür hüquq yozumu hüququn ayaqlar altına alınmasıdır, Konstitusiya və qanunların tapdanmasıdır, beynəlxalq hüququn və milli-mənəvi dəyərlərin heçə sayılmasıdır. Ən əsası, Dövlətin və Dövlət rəhbərliyinin tarixi sosial ədalət siyasətinə qarşı gəlməkdir.

Diqqət edin!

KM-in hakimləri hansı səbəbdən bu qərara imza atırlar? Bu cür hüquqsuzluğa hansı cürətlə yol verirlər?

Ölkədə aşağıdakı HÜQUQ faktını bilməyən 1 nəfər hüquqşünas belə,  yoxdur. Unutmamaq lazımdır ki, Konstitusiya Şikayətində göstərilən məsələ “Dövlət özəlləşdirmə payları (DÖP) və dövlət özəlləşdirmə çeklərinin tənizmlənməsi” məsələsinin hansı qanunvericiliyə tabe olduğu məsələsidir. Yəni DÖP-lərin və DÖÇ-lərin tənizlənməsi, onların üzərində vətəndaşların mülkiyyət hüququnu əldə etməsi və bu mülkiyyət hüququnun mühafizə olunması prosesinin onların verildiyi tarixdə qəbul edilmiş qanunvericilik ilə tənzimlənməsi Azərbaycan Respublikası Konstitusiyasının 149-cü və digər maddələrinin tələblərinə görə məcburidir.

Azərbaycan Respublikası Konstitusiyasının 149-cü maddəsinin 7-ci hissəsinə görə, “Fiziki və hüquqi şəxslərin hüquqi vəziyyətini yaxşılaşdıran, hüquq məsuliyyətini aradan qaldıran və ya yüngülləşdirən normativ hüquqi aktların qüvvəsi geriyə şamil edilir. Başqa normativ hüquqi aktların qüvvəsi geriyə şamil edilmir”.

Bəs, KM Palatasının prezident seçkiləri öncəsi imtina qərardadı çıxarmasında əsas məqsəd nə idi? KM Palatasında DÖÇ-lərlə bağlı vətəndaşların şikayətinə baxılmasından imtina barədə, 3 hüquqşünasın 19 dekabr 2023-cü ildə çıxardığı qərardad nəyə xidmət edir? Bu, ölkəmizdə demokratiyanın, hüququn, konstitusiya və qanunların, insan haqlarının 2000-ci ilin may ayından bəri yavaş-yavaş, qanunvericilik aktları ilə pozulduğu anlamına gəlmirmi?

Bu cür haqsızlığı həm yerli, həm də beynəlxalq ictimaiyyətə nümayiş etdirirlər həmin KM hakimləri. Belə çıxır ki, KM Palatası öz qərəzli yozması ilə Dövlətin vətəndaşlar qarşısında QANUNLA götürdüyü öhdəliklərin və verdiyi hüquqların Konstitusiya və qanunlara, beynəlxalq hüquqa zidd olaraq pozulmasından qətiyyən narahat deyil.

KM-dəki 3 hüquqşünasdan başqa ölkədə hamı bilir ki, DÖÇ-lər verilən zaman qüvvədə olan Konstitusiya, qanunlar, Mülki Məcəllə və ən əsası, “Özəlləşdirmə haqqında” Qanun, “Dövlət özəlləşdirmə proqramı” haqqında Qanun və DÖÇ-lər haqqında Əsasnaməyə əsasən, dövlətin öz üzərinə götürdüyü öhdəliklər ƏSAS sayılır. Bununla da sübut olunur ki, hazırkı KM-in bəzi hüquqşünasları qanunlara məhəl qoymur, ölkəmizin hüquqi dövlət imicinə zərbə vurulmasına rəvac verirlər.

Amma unudurlar ki, bütün bu faktlar cənab Prezidentə çatdırılacaq. O zaman Dövlət öz dəmir yumruğunu daxildə də işə salacaq. Qarabağı yağı düşməndən xilas edən o dəmir yumruq xalqı və dövləti aldadan, haqq yeyən, həqiqəti gizlədən məmurların başına enəcək.

İnanırıq ki, cənab Prezident bu məlumatlardan tam xəbərdar olan kimi, KM Palatasında sözügedən nahaq addımı atan, vətəndaşların kütləvi narazılığına səbəb olan imtina qərarı çıxaran hakimlər barəsində ciddi tədbirlər görəcək.

Xalqın yaddaşı heç nəyi unutmur!

Mövzuya dair daha ətraflı məlumatla bu KEÇİDə daxil olmaqla tanış ola bilərsiniz.

Hörmətlə: "Özəlləşdirmə Çekləri" Qrupu

Müəllif: Aydın Gəray