Yazıçı doğma kəndində dəfn olunub
"Şərəf" ordenli yazıçı, Prezidentin fərdi təqaüdçüsü, Əməkdar incəsənət xadimi, Azərbaycan Yazıçılar Birliyinin üzvü, nasir, şair, tərcüməçi "Qazax" Xeyriyyə İctimai Birliyinin Fəxri üzvü Vidadi Babanlı bu gün dəfn olunub.
AYNA.AZ xəbər verir ki, yazıçı doğulduğu Qazax rayonunun Birinci Şıxılı kəndinə torpağa tapşırılıb. Dəfn mərasimində mərhumun ailə üzviləri, Qazax rayonun icra hakimiyyətinin nümayəndələri və ictimaiyyət nümayəndələri iştirak ediblər.
Qeyd edək ki, Vidadi Babanlı 1927-ci il yanvarın 5-də Qazax rayonunun Birinci Şıxlı kəndində anadan olub. Azərbaycan Dövlət Universitetinin (indiki Bakı Dövlət Universiteti) filologiya fakültəsində təhsil alıb. "Azərbaycan müəllimi" qəzeti redaksiyasında ədəbi işçi vəzifəsində, "Ədəbiyyat qəzeti" redaksiyasında ədəbi işçi, sonra şöbə müdiri işləyib.
Sonradan C. Cabbarlı adına "Azərbaycanfılm" kinostudiyasının dublyaj şöbəsində baş redaktor əvəzi, "Yazıçı" nəşriyyatında baş redaktor müavini olub. Onun ilk mətbu əsəri 1947-ci ildə "Azərbaycan gəncləri" qəzetində çıxan "Anam sən oldun" şeiridir.