Vətəndaşlardan Prezidentə müraciət: “Bizə ayırdığınız pulları məmurlar mənimsəyir”

Cəmiyyət

19.08.2020 - 17:23

Astara sakinləri elektrik enerjisi problemindən əziyyət çəkirlər, “Azərişıq” isə “müdrikcəsinə” susur

 

Astara rayonu Şiyəkəran kəndinin bir qrup sakini ölkə Prezidentinə müraciət ünvanlayıb. Surəti AYNA-ya göndərilən məktubda sakinlər illərlə həll olunmayan elektrik enerjisi problemindən bəhs edirlər.

 

Müraciətdə deyilir ki, rayonda elektrik enerjisi ilə bağlı ciddi problemlər var: “10 minə yaxın əhalisi olan Şiyəkəran kəndində istismar müddəti bitmiş transformatorlar, elektrik dirəkləri və naqilləri ucbatından çiskin, yağış yağanda, zəif külək əsəndə belə, işıqlar sönür”.

 

Sakinləri narahat edən digər məqam isə verilən elektrik enerjisinin tez-tez azalıb-çoxalmasıdır. Buna görə kənddə bir evin qısaqapanmadan yandığını bildirən kənd sakinləri öz narahatlıqlarını ifadə edirlər.

 

Sakinlər müraciətlərində, Prezidentin vətəndaşları fasiləsiz və keyfiyyətli elektrik enerjisi ilə təmin etmək üçün ayırdığı vəsaitin məmurlar tərəfindən mənimsənildiyini iddia edirlər: “Astara Elektrik Şəbəkəsinin məmurları bu vəsaiti təyinatı üzrə sərf etmirlər. Hər gün işıqlarımız sönür. Verilən elektrik enerjisi zəif olduğuna görə avadanlıqlar yanır, 400-500 manat ziyana düşürük. Səhlənkarlıq və məsuliyyətsizlik ucbatından kəndimizdə tez-tez qəzalar baş verir”.

 

AYNA əməkdaşı problemlə bağlı “Azərişıq” ASC-nin mətbuat xidmətinin rəhbəri Vaqif Aydınoğlu ilə əlaqə saxlayıb. O, məsələnin araşdırılacağını və bununla bağlı açıqlama veriləcəyini deyib. Lakin üzərindən günlər keçsə də, ASC-dən heç bir səs-soraq çıxmayıb, zənglərimiz cavabsız qalıb.

 

Eyni zamanda, Astara Rayon İcra Hakimiyyəti göndərdiyimiz sorğuya da hələ cavab gəlməmişik...

Müəllif: Aləmdə Nəsib