“Vaqner” Prezident və nazirləri öldürmək planı qurub? - ABŞ-dan XƏBƏRDARLIQ

Dünya

20.03.2023 - 21:37

ABŞ rəsmisi: “Çadda məmurları öldürmək planı “Vaqner”in Rusiyanın Afrikadakı maraqlarını inkişaf etdirmək səylərində yeni səhifədir”

ABŞ hakimiyyəti Çad Prezidenti Mahamant Debiyə xəbərdarlıq edib ki, Rusiyanın “Vaqner” özəl hərbi şirkəti döyüşçüləri onu və hökumət üzvlərini öldürmək niyyətindədirlər. Bu barədə “The New York Times” öz mənbələrinə istinadən yazıb. Qəzetin yazdığına görə, Çadla həmsərhəd Mərkəzi Afrika Respublikasında yerləşən "Vaqner" döyüşçüləri Çad üsyançılarını dəstəkləyir.

"Eyni zamanda, Moskva Çadın hakim elitasındakıları, o cümlədən kabinet üzvlərini, nazirləri və Prezidentin ögey qardaşını öz tərəfinə cəlb edib", - məqalədə qeyd olunub.

Bildirilib ki, Çadın dövlət enerji şirkətinin keçmiş rəhbəri və Prezidentin ögey qardaşı Seyid Debi 2022-ci ildə üç dəfə Moskvaya gəlib və ən azı bir dəfə “Vaqner”in yaradıcısı və rəhbəri, “qəssab” ləqəbli Yevgeni Priqojinlə görüşüb.

Qəzetə müsahibə verən ABŞ rəsmisi deyib ki, Çadda məmurları öldürmək planı “Vaqner”in Rusiyanın Afrikadakı maraqlarını inkişaf etdirmək səylərində yeni səhifədir.

Öz növbəsində, ABŞ-ın dövlət katibi Antoni Blinken daha əvvəl bildirmişdi ki, “Vaqner”in olduğu yerdə çox pis hadisələr baş verir.

Onu da bildirək ki, Benin Prezidenti Patris Talon bəyan etmişdi ki, Afrika ölkələri öz təhlükəsizliklərini təmin etmək üçün özəl hərbi şirkətlərin, o cümlədən “Vaqner”in xidmətlərindən istifadə etmək hüququna malikdirlər. O, əlavə edib ki, təhlükəsizlik sahəsində xidmətlər sifariş etməyi qınanmasını düzgün saymır.

Fevralda Rusiyanın xarici işlər naziri Sergey Lavrov bildirmişdi ki, “Vaqner”in Afrikadakı fəaliyyəti guya “regionda təhlükəsizliyi sabitləşdirir, onun işi qitədə vəziyyətin normallaşmasına töhfədir”.

“Vaqner” Rusiyanın özəl hərbi şirkətidir. Ekspertlərin qənaətincə, son illərdə terrorçu əməllər törədən və hərbçilərinin sayı çoxalan şirkət dünyanın terrorçu təşkilatı kimi tanınmalıdır. Rusiyanın Ukraynaya qarşı işğalçı müharibəsində aktiv iştirak edən “Vaqner” hərbçilərinin bir çox müharibə cinayətləri törətdiyi barədə təkzibolunmaz faktlar var. Qərb iddia edir ki, şəxslən Rusiya Prezidenti Vladimir Putinə bağlı olan bu şirkət Kremlin patronajlığı ilə radikal addımlar atır.

Müəllif: Turan Abdulla