ÜST-nin Azərbaycandakı rəsmisi tənqidləri normal sayır: <font color=red> “Biz küsmürük”</font>

Cəmiyyət

01.05.2020 - 14:57

Hande Harmancı: “Bütün dünyanın seçdiyi direktoru hansısa bir ölkənin vəzifədən azad etməsi mümkün deyil”

 

“15 ildir ÜST-də çalışıram, heç vaxt indiki qədər təşkilatımla qürur duymamışam”.

 

Bunu Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Ölkə Ofisinin onlayn mətbuat konfransında ÜST-nin Azərbaycandakı nümayəndəliyinin rəhbəri Hande Harmancı AYNA-nın əməkdaşının sualını cavablandırarkın bildirib.

 

O, qurumun pandemiyanın qarşısının alınması sahəsində qısa müddətdə tədbirlər gördüyünü deyib: “Bu məlumatları bütün dünya ilə paylaşdıq. Bu cür təşkilatların tənqid olunması çox normaldır. Biz küsmürük, çünki əslində həmin ölkələr üçün çalışırıq. Hər il onlar bizim işimizi, büdcəni yoxlayır. Hər il 194 üzv ölkənin Səhiyyə nazirləri Cenevrədə toplaşıb, bütün texniki, maliyyə məsələlərinə baxırlar. İlk dəfə bu il tədbir onlayn olacaq”.

 

Hande Harmancı ÜST-nin rəhbərinin dəyişməsi ilə bağlı yayılan xəbərlərə də münasibət bildirib: “Normal zamanda direktorlar seçki ilə gəlib-gedirlər. Bütün dünyanın seçdiyi direktoru hansısa bir ölkənin vəzifədən azad etməsi mümkün deyil”.

Müəllif: Ülviyyə Şahin