“Uşaqlığın son gecəsi”ni dilləndirən sehirli söz dalğaları

Mədəniyyət

14.05.2022 - 22:49

və ya hər gələn yeni səhərdə “Bir təzə nağıl başlar dünya”…

“Bu yollar səni aparır hara?” Bəzən bu sualın cavabından elə özümüz də xəbərsiz oluruq. Ancaq getdiyimiz həmin yollarda bizə həmdəm  qəlbimizə toxunan, əbədi oxunan  kəlmələr olur.

Hər payız gələndə qərib olan o dənizi bizə xatırladan Fikrət Qocanın sehrli sözləri kimi:

Payız gəldi, qərib oldu dəniz,

Bu dənizin gözü yaşlı sənsiz

(“Payız gəldi”)

Laylası ellər aşan həyatımızın ən müqəddəs varlığının ən gözəl təsvirini yaradan söz sərrafının dünyaya gəldiyi səhər də sözləri kimi işıq saçan  günəşli bir gün olur (Fikrət Qoca 1935-ci il avqustun 25-də anadan olub).

O, dilləndirdiyi sehirli kəlmələrdə səhərləri vəsf etsə də, şair üçün həm də bəzən bir ömürdən də uzun olan gecələrin də onun söz dünyasında ayrıca yeri var (“Gecə yaman uzundur”).

Bu uzun gecələrdə ən böyük sirdaşı isə "Sevgi mahnısı" olur. Nəğməsinin qəhrəmanı olan, sevilməyi öyrədən gözləri yadlardan qorumağı ən saf, ən səmimi dillə ifadə edir:

Kipriklərinlə qorun,

Saçlarınla yaşın, yar.

Amandır, yad baxışla

Gözəlliyin daşınar.

(“Sevgi mahnısı”)

Fikrət Qoca böyük sevgidə küsülülüyün də bir naxış olduğunu ən incə duyğularla təsvir edir:

Ay şöhrətim, şanım mənim,

Halı pərişanım mənim,

Küsüb məndən, özgələrdən

Məni soruşanım mənim.

(“Küsüb məndən”)

Dəli küləyin apara bilmədiyi bir yaz günündə  söz dənizinin ruhu göylərə uçsa da, həmin söz dənizinin sehri ilə, hər gələn yeni səhərdə “Bir təzə nağıl başlar dünya”…

Günel Natiqqızı,

AYNA üçün

Müəllif: Ayna.az