İkinci Mahmuddan sonra daha bir yazar... <font color=red> </font>

Mədəniyyət

08.07.2019 - 12:11

"Prezidentin ev verdiyi bir yazıçı niyə gedib qara fəhləlik etməlidir?!”

 

İkinci Mahmud ləqəbi ilə tanınmış yazar Mahmud Atakişiyevin vaxtsız və qəfil vəfatı gənc yazarlarımızın üzləşdiyi problemləri bir daha aktuallaşdırdı. Tanınmış qələm adamları qarşılaşdıqları çətinliklərlə bağlı sosial şəbəkələrdə paylaşımlar etdilər.

 

“Lənət olsun o istedada ki, ömrü cəhənnəm əzabına çevirir!!!” deyən yazıçı-şair Kənan Hacı AYNA-ya açıqlamasında Azərbaycanın gənc nəsil yazarlarının üzləşdiyi problemlərdən danışıb.

Картинки по запросу Kənan hacı

K.Hacı əvvəlcə ona və onun kimi qələm sahiblərinə “gedin, fəhləlik edin!” deyə “məsləhət” verənlərə öz iradını bildirib: “Baxıram ki, özünü ağıllı hesab edən, kimlərinsə himayəsi ilə hansısa vəzifə əldə edən adamlar yekə-yekə danışırlar, adama məsləhət verirlər ki, get fəhləlik et. Yazıçıya, bütün şüurlu həyatını ədəbiyyata həsr etmiş, onlarla kitab yazmış adama bu sözü demək üçün gərək şərəfini itirəsən. Danışanda, deyirlər ki, ağlaşma qurur. Mən dövlətimə arxalanıram. Dövlətim mənə evi yaradıcılığıma, yazılarıma görə verib. Prezidentin ev verdiyi bir yazıçı niyə gedib qara fəhləlik etməlidir?!”

 

Yazıçı, həmçinin uzun müddətdir heç bir yerdə işləmədiyini qeyd edib: “2 ildir mən işsizəm, vaxtlı-vaxtında gedib müayinədən keçmək, müalicə almaq imkanım yoxdur. Bu gün işsiz olan tək mən deyiləm. Neçə-neçə yazarımız, jurnalistimiz işsiz-gücsüz qalıb, maddi problemlər içində boğulur. Niyə belə olmalıdır?”

 

Onun sözlərinə görə, yaradıcı sferada çox dərin sosial-psixoloji böhran yaşanır: “Bir neçə il əvvələ qədər belə deyildi. İndi qəzetlər qonorar vermir, iş tapmaq müşkülə dönüb. Xeyirxahlıq, əl tutmaq keçmişdə qalıb. Adamlar çox amansız və laqeyd olublar. İmtiyazı olan adamlar da kömək əlini uzatmaq istəmir. 2 il işsiz qalan insanın həyatda qalması belə, mümkünsüzdür. Dözülməz dərəcədə çətindir. Müraciət edirsən, başlarından edirlər. Yerimiz yoxdur-filan. Bilmirsən, ağrılarınla çarpışasan, yoxsa çörək dərdi çəkəsən. Bu, şikayət deyil, günümüzün acı həqiqətidir”.

 

“Çox təəssüf ki, milli burjuaziya ədəbiyyata dəstək olmur. Bütün normal ölkələrdə sahibkarlar, biznesmenlər qazanclarının  1 faizini ədəbiyyata ayırır ki, bu da onların kitablarının çıxmasına, normal yaşamasına kifayət edir. Bizdə isə biznesmenə kitab göstərəndə elə bil ilan-qurbağa görür. Bu zehniyyətdə olan adam necə varlanıb? Anlamaq olmur. Absurddur” – deyə o əlavə edib.

 

K.Hacı vurğulayıb ki, kitabsız toplumun gələcəyi də şübhə altındadır: “İllərdir deyirik, yazırıq, kitab sənayesi yoxdur, bu işə dəstək verməli olan adamlar isə şou-manıs tayfasının başından pulu yağış kimi tökür. Yazıçısı bir parça çörəyə möhtac olan xalqın hansısa inkişafa nail olacağından danışmaq xam xəyaldan başqa bir şey deyil”.

 

Müsahibimiz yazarların, yaradıcı insanların maddi rifahının yaxşılaşdırılması məqsədilə təklif də irəli sürüb: “Təklifim odur ki, iş adamlarının ödədiyi vergidən 1-cə faiz ədəbiyyat üçün tutulsun və bu pul da bir Fondda yığılsın. O pulla yazıçıların kitabları nəşr olunar, çox yüksək məbləğdə də yardım alarlar. Beləcə, yazıçılar maddi sıxıntılardan, məhrumiyyətlərdən xilas olmuş olarlar. Çox sadə bir yoldur. Qonşu Gürcüstan problemi belə həll edib. Biz niyə etməyək? Ölkədə bu qədər milyorderlər, iş adamları, iri şirkətlər var. Hərəsi gəlirinin 1-cə faizini ölkənin ədəbiyyatına ayırsın. Çətin işdir ki?”

 

Kənan Hacı onun ev almaq üçün guya şou göstərdiyini, həmçinin “Kənan Hacı ev alıb, indi nə istəyir?” deyə iddia edənlərə də münasibət bildirib: “Mən başa düşə bilmirəm, ev alan adam işsiz qalmalıdır?! İl yarımdır təzə evə köçmüşük, ancaq köçəndən bəri bir dəfə də evə bazarlıq edə bilməmişəm! Hələ kommunal xərcləri, krediti və s. demirəm. Gücüm heç nəyə çatmır. Stressdən, əsəbdən mənim ayaqlarım tutulur, hər gün ağrıyıram. Allahdan sadəcə, ölüm gözləyirəm”.

 

“Mənim üzümə gülüb arxada Allahsız danışan "dostlar"ın hamısının iç üzünə bələdəm. Ona görə onlara heç bir cavab vermək fikrim yoxdur. Mən nə vaxt şou göstərmişəm ki? Belə düşünənlər şərəfini satmış adamlardır. Hamısını silmişəm dostluqdan” – deyə yazıçı bildirib.

Картинки по запросу Murad köhnəqala

Qeyd edək ki, tanınmış yazıçı Murad Köhnəqala da öz "Facebook" səhifəsində yazarlar arasında ölümün tezləşməsinin səbəblərindən yazıb.

O, bunları qeyd edib: "Ağlayıb qurtardınız?

 

İndi gəlin, problemin tərkibindən danışaq. İkinci Mahmudun faciəsi göstərdi ki, ədəbi sferada çox dərin sosial-psixoloji böhran yaşanır. Söz və mənəviyyat adamlarını bir-bir cənginə çəkib udan bu böhranın əsas səbəbi maddi problemlərin törətdiyi dərin depressiyadı. Yazıçı öz əsərləri ilə cəmiyyəti özünə göstərən, həmçinin mənəvi baxımdan təmizləyən, distillə edən adamdı. Bu mənada, yazıçının ürək tutmasından ölməsi də hardasa, başadüşüləndi. Amma bizdəki kimi yox! Bu formada, bu yaşda yox, bu şəraitdə, bu üsullarla yox! Əslində bizdəki ölümlər ölüm deyil, qətldi. Düzdü, vaxtsız və haqsız ölümlər bizim ədəbi nəsildə də oldu, Telman Alıyev, Akif Səməd, Hüseyn Əfəndi, Adil Mirseyid, Mehdi Bəyazid, Sabir Sarvan, Elçin Səlcuq, Şaiq Vəli...

 

İndi isə intihar edən, xəstəlikdən dünyasını dəyişən yazıçı-şairlərimizin əksəriyyəti gənclərdi. Bu gənc, işıqlı, istedadlı adamları məhz, çörəkpulu öldürür! Bəli, çörəkpulu adlanan o məcburiyyət, o məhrumiyyət, o zillət! Ailədə problem yaradan da, içkiyə qurşandıran da, psixikanı darmadağın edən də, adamı 17-ci mərtəbəyə dırmaşdıran da o zəhrimara dönmüş çörəkpuludu! Yazmaq istəyirsən, çörəkpulu qoymur, yaşamaq istəyirsən, çörəkpulu qoymur, danışa bilmirsən, çörəkpuluna görə susursan, ürəyin partlayır, bağırırsan, ağzını tıxayırlar! Əlbəttə söhbət 40 qəpiklik zavod çörəyindən yox, birbalaca əl-qol açmağa imkan verən iqtisadi nəfəsdərmədən gedir.

 

Bizə deyirlər ki, get daş daşı, hamballıq elə!

 

Biz onsuz da bu cəmiyətin hamballarıyıq. Daş daşıyanın da, qızıl unitazda oturanın da yükünü dartan bizik. Ancaq bundan pul qazana bilmirik, çünki bizim səlahiyyətli məmurlar, milli burjuaziya pulu ədəbiyata, mədəniyətə, elmə yox, bayram nurlulara xərcləyir. Yazıçısına "get daş daşı!", filosofuna "get kartof sat!" deyənlərin cəmiyyəti necə olmalıdır ki?

 

Eybi yox. Biz yavaş-yavaş infarktdan, beyinə qansızmadan, alkoqoldan ölüb gedəcəyik. Sizsə kartof satan filosofların, daş daşıyan yazıçıların, bədənini satan anaların, vicdana və qanuna tüpürən harın məmurların rəzil vətənində yaşayacaqsız".

Müəllif: Rumiyyə Miraslan