“Dekabr ayı ərzində havanın orta temperaturu çoxilik normadan 3-4 dərəcə yuxarı olub”
“Dekabr ayı üçün Azərbaycanda hava anomal isti keçir. Qeydə alınan hava temperaturu daha çox oktyabrın sonu, noyabrın birinci ongünlüyü üçün səciyyəvidir”.
AYNA xəbər verir ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Milli Hidrometeorologiya Departamentinin direktoru Umayra Tağıyeva bu gün keçirdiyi brifinqdə belə açıqlama verib. Onun sözlərinə görə, dekabr ayı ərzində havanın orta temperaturu çoxilik normadan 3-4 dərəcə yuxarı olub.
“Bu ay ən yüksək temperatur dekabrın 24-də qeydə alınan 15,4 dərəcə olub ki, bu da iqlim normasından 6,2 dərəcə yüksəkdir. Son 20 ildə 2003-cü il dekabrın 18-də 22,5 dərəcə qeydə alınıb və bu da rekord göstəricidir”, - Tağıyeva bildirib.
“Çoxillik norma ilə müqayisədə yağıntının miqdarı da az olub. Əksər rayonlarda onların miqdarı aylıq normanın cəmi 6-54 faizini təşkil edib. Yalnız Abşeron yarımadasında yağıntının miqdarı iqlim normasına (76-115%) yaxın olub”, - deyə direktor əlavə edib.