Hadisə nəticəsində 66 nəfər ölüb, 51 nəfər yaralanıb
Türkiyənin Bolu vilayətində yerləşən Kartalkaya xizək mərkəzindəki oteldə baş verən yanğınla bağlı Türkiyədə bir günlük matəm elan edilib. AYNA Türkiyə mediasına istinadən bildirir ki, bu barədə ölkə Prezidenti Rəcəb Tayyib Ərdoğan hökumət toplantısından sonra açıqlamasında bildirib.
Ərdoğan yanğın xəbəri daxil olduğu dəqiqədən etibarən bölgəyə aidiyyəti sahələrdən məsul nazirlərin və heyətlərin cəlb edildiyini deyib.
Qeyd edib ki, yanğının söndürülməsi üçün bölgəyə 156 texnika və 428 nəfərdən ibarət canlı qüvvə yönləndirilib.
Xatırladaq ki, hadisənin baş verməsində məsuliyyət daşıyan şəxslərin müəyyən edilməsi istiqamətində araşdırmalar başladılıb. Dörd nəfər saxlanılıb.
Qeyd edək ki, Bolu vilayətində yerləşən Kartalkaya xizək mərkəzindəki oteldə gecə saatlarında yanğın baş verib. On saat davam edən yanğınsöndürmə işlərindən sonra alov nəzarət altına alınıb. Hadisə nəticəsində 66 nəfər ölüb, 51 nəfər yaralanıb.