Türkiyə “peyvənd dövlətləri” sırasında: <font color=red> “TURKOVAC” nə vəd edir?</font>

Maraqlı

25.06.2021 - 14:15

Murat Deste: “Türkiyə istehsalı olan peyvənd həm keyfiyyət, həm də qiymət baxımından əlçatan olacaq”

 

Araz Bayramov: “Aparılan sınaqlar, könüllü olaraq vətəndaşların bu prosesdə aktiv iştirakı və əldə edilən nəticələr “TURKOVAC”-ın beynəlxalq standartlara uyğunluğunu təsdiq edir”

 

2019-cu ilin dekabrında Çinin Uhan şəhərində başlayan və bütün dünyaya yayılan koronavirus infeksiyası bu günə qədər üç milyona yaxın insanın canını alıb, 150 milyon nəfər isə bu virusa yoluxub. Nəzərə alanda ki, bu, yalnız rəsmi statistikadır, həm dünyasını dəyişənlərin, həm də yoluxanların sayının dəfələrlə artıq olduğunu söyləmək olar.

 

Uzun müddətdir dünya əhalisini təşviş altında saxlayan, ölkələrin iqtisadiyyatlarını tənəzzülə uğradan və çoxlu sahələrin işini iflic edən, ölkələr arasında sərhədləri bağlayan və Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) tərəfindən pandemiya elan olunan bu virusa qarşı mübarizə bu gün də davam edir.

 

Ötən ilin sonundan etibarən COVID-19-a qarşı peyvəndlərin vurulmasına başlanılıb. Hazırda ölkəmizdə də bu proses həyata keçirilir və bu günə qədər 3 milyon 513 min vətəndaşa vaksin vurulub. Onların əksəriyyəti vaksinasiyanın birinci mərhələsindən keçib.

 

Son günlər koronavirusa yoluxanların sayında kəskin azalma olsa da, COVID-19 pasportunun tələb edilməsi, idman zalları, məscidlər və digər ictimai yerlərə məhz bu sənəd əsasında giriş icazəsinin verilməsi, qarşıdakı aylarda virusa yoluxma sayının yenidən artacağı ehtimalları vaksinasiya prosesinin sürətləndirilməsi ilə bağlı müzakirələri yenidən gündəmə gətirib.

 

Bu arada, Türkiyədə yeni növ koronavirus (COVID-19) infeksiyasına qarşı istehsal olunan yerli peyvəndin könüllülər üzərində tətbiqinə başlanıb. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın söylədiyinə görə, yeni peyvəndin adı “TURKOVAC” olacaq.

No description available.

Türkiyənin məşhur “MEDİSTANBUL” xəstəxanasının direktoru Murat Deste AYNA-ya açıqlamasında deyib ki, “TURKOVAC” Çində istehsal edilən və böyük uğurla sınaqdan çıxan peyvəndin bənzəri olacaq: “Türkiyədə Kayseri Erciyes Universiteti, Səhiyyə Nazirliyi, Türk Sağlamlıq İnstitutları Başçılığının (TÜSİB) əməkdaşlığı ilə hazırlanan “TURKOVAC”-ın üçüncü mərhələ araşdırmaları çərçivəsində vaksinasiya tətbiqinə Ankara Şəhər Xəstəxanasından start verilib. Türkiyədə hazırlanan “TURKOVAC”-ın üçüncü mərhələ sınaqları çərçivəsində ilk doza tətbiq edilib. 40800 nəfər könüllünün köməyinə ehtiyac olmasına baxmayaraq, qısa müddətdə 846451 müraciət qeydə alınıb”.

 

“Nəticənin qənaətbəxş olacağına inam yüksəkdir. Eyni zamanda digər dövlətlərdə, o cümlədən Azərbaycanda da Türkiyə istehsalı olan peyvəndin sınağı keçirilib. Peyvənd hazırlanarkən beynəlxalq protokollara istinad edilib və indidən söyləmək olar ki, kifayət qədər uğurlu məhsul ərsəyə gətirə bilmişik”, - deyə mütəxəssis bildirib.

 

Destenin sözlərinə görə, qarşıdakı üç ayda sınaq müddəti başa çatacaq və dünya bazarına ixrac ediləcək: “Bilirsiniz ki, koronavirus hələ bitməyib və bunun nə zaman bitəcəyi də məlum deyil. Baxmayaraq ki, son dövrlər yoluxma sayında müəyyən azalmalar var, bəzi ölkələrdə yenidən COVID-19-un müxtəlif ştamları yayılır. Hindistan ştammı Rusiyada və digər ölkələrdə yenidən görünməkdədir. Hindistan Səhiyyə Nazirliyi açıqlama yayaraq bildirdi ki, mövcud olan Hindistan ştammının daha bir yeni növü yayılıb”.

 

“Ehtimal olunur ki, qış aylarında koronavirus yenidən arta bilər. Virusdan qorunmağın yeganə yolu peyvənddir. Bu səbəbdən dünyanın müzakirə etdiyi əsas məsələlərdən biri vaksinasiya prosesinin sürətləndirilməsi ilə bağlıdır. Bu əsnada Türkiyənin də peyvənd istehsal edərək dünya bazarına çıxarması mühüm addımdır”, - deyə həmsöhbətimiz vurğulayıb.

 

Ekspert Türkiyənin istehsal etdiyi peyvəndlərin daha əlçatan olacağını qeyd edib: “İstər keyfiyyətinə, istərsə də qiymətinə görə “TURKOVAC” daha münasib olacaq. Bilirsiniz ki, son dövrlər Türkiyənin dünyada önəmi artır. Digər sahələrdə olduğu kimi, peyvənd istehsalı sahəsində də Türkiyə iddialıdır və bu istiqamətdə fəaliyyətini bundan sonra da davam etdirəcək. Bununla bağlı ən yüksək səviyyədə rəsmi açıqlamalar verilib”.

No description available.

“Buta Clinic”in direktoru, “Azərbaycan-Fransa Məzunları” İctimai Birliyinin sədri Araz Bayramov da AYNA-ya şərhində deyib ki, Türkiyə istehsalı olan “TURKOVAC” peyvəndi dünyanın inkişaf etmiş dövlətlərinin istehsalı olan vaksinlərdən fərqlənmir: “Bilirsiniz ki, Türkiyə uzun müddətdir peyvənd istehsalı sahəsində araşdırmalar aparır. Nəhayət, qardaş ölkənin bu istiqamətdə əldə etdiyi yüksək nəticələr, hazırda dövriyyədə olan vaksinlərdən daha yüksək keyfiyyətə, o cümlədən daha münasib qiymətə peyvənd istehsal edərək, dünya bazarına çıxarması mühüm hadisədir”.

 

Peyvəndin 3-cü faza fəaliyyətlərinin Macarıstan, Azərbaycan və Qırğızıstanda da aparılması dünyaya çıxış istiqamətində ilkin addımlardır. Bu günə qədər aparılan sınaqlar, könüllü olaraq vətəndaşların bu prosesdə aktiv iştirakı və əldə edilən nəticələr “TURKOVAC”-ın beynəlxalq standartlara uyğunluğunu təsdiq edir”, - deyə müsahibimiz söyləyib.

 

Onun sözlərinə görə, son dövrlər Türkiyə səhiyyəsi sürətlə inkişaf edir: “Türkiyə səhiyyəsi dünyanın aparıcı dövlətləri ilə müqayisə olunur. Bu gün Türkiyədə müayinələr - istər instrumental müayinələr olsun, istərsə də klinik müayinələr - ən yüksək standartlara cavab verir. Ən müasir və unikal cərrahi əməliyyatlar sürətlə böyüyən Türkiyə tibbinə əlavə üstünlüklər qazandırır”.

 

Bayramov hesab edir ki, digər sahələrdə olduğu kimi, vaksin istehsalı sahəsində də Türkiyə öz sözünü deməyi bacaracaq: “Fikrimcə, “TURKOVAC” peyvəndinin dünya bazarına çıxarılması unikal fürsətdir. Nəzərə alanda ki, bu peyvəndlər həm də keyfiyyət və qiymət etibarilə daha əlçatan olacaq, bu, dünya çapında “TURKOVAC”-a böyük maraq yaranacağını söyləməyə əsas verir”.

 

Ekspert əlavə edib ki, koronavirus infeksiyası yaxın aylarda yenidən arta bilər: “Xüsusən qış aylarında bunun baş verəcəyi ehtimal edilir. Virusdan qorunmağın yeganə yolu kütləvi vaksinasiyadır. Bu baxımdan Türkiyənin də “peyvənd dövlətləri” sırasına qatılması tarixi hadisədir”.

Müəllif: Azər Niftiyev