Türk Şurasından Azərbaycana dəstək

Xəbərlər

28.09.2020 - 16:58

“Ermənistan silahlı qüvvələri Azərbaycan Respublikasının bütün işğal olunmuş ərazilərindən dərhal, qeyd-şərtsiz və tam şəkildə geri çəkilməlidir”

 

Türk Şurasının Baş katibi Bağdad Amreyev Azərbaycan-Ermənistan qoşunların təmas xəttində yaşanan gərginliklə bağlı bəyanat yayıb. AYNA xəbər verir ki, bəyanatda deyilir:

 

“Türk Şurasının Baş katibi Bağdad Amreyev Azərbaycan Respublikasının işğal olunmuş ərazilərindəki silahlı qarşıdurmalardan dərin narahatlığını bildirir. Türk Şurası beynəlxalq hüququn norma və prinsiplərinə sadiq olduğunu bir daha təsdiqləyərək, Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin təcili olaraq Azərbaycan Respublikasının suverenliyi, ərazi bütövlüyü və beynəlxalq səviyyədə tanınmış sərhədlərinin toxunulmazlığı əsasında həll olunmasının vacibliyini bir daha vurğulayır.

 

Bu çərçivədə Türk Şurası BMT Təhlükəsizlik Şurasının 1993-cü ildə qəbul etdiyi qətnamələrdə Ermənistan silahlı qüvvələrini Azərbaycan Respublikasının bütün işğal olunmuş ərazilərindən dərhal, qeyd-şərtsiz və tam şəkildə geri çəkilməyə çağırdığını xatırladır.

 

Baş katib qarşıdurmada həyatını itirənlər üçün Azərbaycan xalqına başsağlığı verir və yaralıların tezliklə sağalmasını diləyir”.

Müəllif: Ayna.az