Bakı türk dövlətləri ilə ikitərəfli əlaqələri genişləndirməkdə qətiyyətlidir
Qafqazın və Orta Asiyanın ən güclü dövlətləri adlandıra biləcəyimiz Azərbaycanla Özbəkistan arasında münasibətlər yüksələn xətt üzrə inkişaf edir. Hər iki türk ölkəsinin ali siyasi rəhbərliyinin iradəsi nəticəsində əməkdaşlıq prosesində yeni-yeni istiqamətlər açılmaqdadır.
2022-ci ilin iyun ayında Azərbaycan Prezidenti İlham Əliyevin Özbəkistana səfərindən sonra əlaqələrin sıxlaşdırılması istiqamətində görülən işlərin sürəti, səviyyəsi daha da artıb. Hələ iki ayı yenicə tamamlanmış səfərdən sonra görülən işlər, imzalanan sənədlər, onların icrası istiqamətində atılan addımlar böyük məsafə qət edildiyini söyləməyə əsas verir. Bugünlərdə Prezident İlham Əliyevin Özbəkistanla münasibətlərin inkişafına aparacaq bir sıra sənədləri təsdiqləməsi, iki dövlət başçısının telefonla apardığı müzakirələr mövzunu yenidən aktuallaşdırıb.
Azərbaycan Prezidentinin səfərindən sonra Özbəkistan, Azərbaycan və Türkiyənin xarici işlər, ticarət və nəqliyyat nazirlərinin Daşkənddə keçirilən birinci görüşü dövlət başçılarının anlaşdığı mövzularda konkret nəticələrin əldə olunmasını daha da gücləndirdi. Sonda imzalanan Bəyannamə ikitərəfli, üçtərəfli münasibətlərin inkişafını daha da gücləndirməkdədir. Hər şey plan üzrə, addım-addım gerçəkləşdirilməkdədir.
Artıq Azərbaycan Prezidenti “Azərbaycan Respublikası Hökuməti ilə Özbəkistan Respublikası Hökuməti arasında hərbi sahədə əməkdaşlıq haqqında Saziş”i təsdiq edib. İki türk ölkəsinin hərbi sahədə əməkdaşlıq qurması çox vacib amildir. Çünki bu dövlətlərin yerləşdiyi coğrafi ərazi, kənar qüvvələrin burada qarışıqlıq yaratmaq cəhdləri, təhdidlər, təhlükələr hərbi sahədə inkişafı gücləndirməyi, bir-birinə dəstək olmağı zəruri edir.
Azərbaycanın II Qarabağ müharibəsində qarşılaşdığı məqamlar, Özbəkistanda terrorizmə, separatçılığa cəhd edən qüvvələrin fəaliyyətləri hərbi məsələlərə olan diqqəti artırmağa sövq edir. Tərəflərin hərbi təcrübəni bölüşmək, hərbi sənayeni qarşılıqlı inkişaf etdirmək məsələlərində əməkdaşlığı ciddi nəticələr verəcək.
Əməkdaşlığı qurulan, sənədlər imzalanan digər istiqamətlər də mühümdür. Sənayenin inkişafı istiqamətində əməkdaşlıq, arxiv işi sahəsində əməkdaşlıq, qanunsuz miqrasiya ilə bağlı sənədlərin təsdiq olunması iki türk dövlətinin bu sahədəki münasibətlərinin inkişafına mühüm dəstək olacaq.
Qarşıda planlaşdırılan məsələlərdən ən mühümü Özbəkistan-Azərbaycan investisiya fondunun tezliklə fəaliyyətə başlaması üçün görülən işlərdir. Siyasi, hərbi, mədəni sahədə əməkdaşlıqlar qədər, bəlkə, onlardan daha çox iqtisadi münasibətlərin inkişaf etdirilməsidir. İnvestisiya fondu iqtisadi sahədə fəaliyyətləri stimullaşdıracaq, dövlətlərin bu sahədəki əlaqələrini daha da sıxlaşdıracaq.
Azərbaycanla Özbəkistan yalnız mərkəzi qurumların və ya bölgələrin deyil, regionların da bir-biri ilə əməkdaşlığını gerçəkləşdirmək fikrindədir. Bunun üçün nəzərdə tutulan Regionların Forumu çox mühüm bir nəticəyə gətirib çıxaracaq. Hər iki ölkənin regionlarının potensialı, əməkdaşlıq imkanları yüksəkdir.
Sonda Azərbaycanla Özbəkistanın istər ikitərəfli, istər üçtərəfli, istərsə də çoxtərəfli, yəni beynəlxalq təşkilatlar çərçivəsində birgə əməkdaşlıq imkanları çox genişdir. Türk Dövlətləri Təşkilatının və Şanxay Əməkdaşlıq Təşkilatının qarşıdakı aylarda Özəbkistanda keçiriləcək sammitləri ilə bağlı müzakirənin aparılması da bunun göstəricisidir. Bugünlərdə Qazaxıstan prezidentinin də Azərbaycana səfəri rəsmi Bakının türk dövlətləri ilə ikitərəfli əlaqələri genişləndirməkdə qətiyyətli olduğunu göstərir.
Azərbaycan-Özbəkistan, Azərbaycan-Qazaxıstan əməkdaşlıq münasibətlərinə Türkiyəni də əlavə etdikdə Türk Birliyinin güclü nüvəsinin formalaşmasının şahidi olarıq. Bu ikitərəfli münasibətlərin effektivliyi artıqca rəsmi Bakının, o cümlədən Ankaranın da digər türk dövlətləri ilə ikitərəfli əlaqələri genişləndirəcəyini gözləmək mümkündür. Bu isə Türk Dünyasının, türk xalqlarının inkişafında yeni-yeni perspektivlərin açılması demək olacaq.
Mübariz Göyüşlü,
“Müasir İnkişaf” İctimai Birliyinin sədri,
AYNA üçün