Atəş açan şəxs ov tüfəngi, tapança və bir neçə bıçaqla silahlanıb
ABŞ paytaxtı Vaşinqtondakı “Hilton” otelində Ağ Ev Müxbirləri Assosiasiyasının qəbulunda baş verən atışmada şübhəlinin otel qonağı olduğu üzə çıxıb. AYNA.AZ xarici mediaya istinadən bildirir ki, bu barədə Amerika hüquq-mühafizə orqanları rəsmiləri qeyd ediblər.
Kolumbiya Rayon Polisinin müvəqqəti komissarı Ceffri Kerrol mətbuat konfransında deyib: "İlkin məlumata əsasən, biz onun otel qonağı olduğunu düşünürük. Şübhəli xəstəxanada müayinədən keçir və heç bir güllə yarası almayıb".
Polis departamentinin sözçüsü əlavə edib ki, atəş açan şəxsin motivi hazırda məlum deyil və müstəntiqlər "onun hədəfinin dəqiq kim olduğunu" müəyyən etməyə çalışırlar.
“Reuters”in mənbəyə istinadən verdiyi məlumata görə, atəş açan şəxs ov tüfəngi, tapança və bir neçə bıçaqla silahlanıb.
Atışma şənbə günü axşam Vaşinqtonda Prezident Donald Trampın qatıldığı Ağ Ev Müxbirləri Assosiasiyasının qəbulunda baş verib. ABŞ administrasiyasının heç bir rəsmisi xəsarət almayıb. ABŞ Məxfi Xidmətinin məlumatına görə, bir nəfər saxlanılıb.