80 yaşlı istefada olan general Keyt Kelloqun vəzifəsi müharibəni bitirməyin yollarını tapmaq olacaq
ABŞ-ın yeni seçilmiş Prezidenti Donald Tramp 80 yaşlı istefada olan general Keyt Kelloqu özünün Ukrayna və Rusiya üzrə xüsusi nümayəndəsi təyin edib. Kelloqun vəzifəsi müharibəni bitirməyin yollarını tapmaq olacaq.
AYNA xəbər verir ki, Tramp sosial media hesabında açıqlama yayaraq Kelloqun gələcək administrasiyasında “Prezidentin köməkçisi və Ukrayna və Rusiya üzrə xüsusi nümayəndəsi” təyin ediləcəyini bildirib.
Tramp yazıb: “Keytin orduda və biznesdə görkəmli karyerası olub, o cümlədən mənim ilk administrasiyam dövründə mühüm milli təhlükəsizlik vəzifələrində çalışıb”.
Kelloq Tramp administrasiyasının ilk dövründə (2017-21) Milli Təhlükəsizlik Şurasının aparat rəhbəri və o zamankı vitse-prezident Mayk Pensin milli təhlükəsizlik üzrə müşaviri vəzifələrində çalışıb.
Jurnalistlər onu Trampın sədaqətli adamı adlandırırlar.
O, Amerika Birinci Siyasət İnstitutunun həmsədridir. Bu təşkilat 2021-ci ildə Trampın xarici və daxili siyasət sahəsində ideyalarını yaymaq üçün yaradılıb. İnstitutun saytında Kelloqun tərcümeyi-halında deyilir ki, o, "Avropa, Sakit okean, Yaxın Şərq və Afrikada geniş təcrübəyə malikdir".
Kelloq həmçinin mühafizəkar Amerika televiziya kanalı “Fox News” və liberal hesab edilən CNN televiziya kanalında şərhçi olub.