Qətər, Pakistan və Səudiyyə Ərəbistanının nümayəndələri Trampın xahişindən təəccübləniblər
Bir neçə Yaxın Şərq ölkəsi və Pakistanın liderləri ilə telefon danışığı zamanı ABŞ Prezidenti Donald Tramp onları Vaşinqton və Tehran sülh razılaşmasına gələrsə, İsrail ilə münasibətləri normallaşdırmaq üçün “İbrahim sazişləri”nə qoşulmağa çağırıb. AYNA.AZ xəbər verir ki, bu barədə “Axios” iki ABŞ rəsmisinə istinadən məlumat yayıb.
Rəsmi şəxsin sözlərinə görə, 23 mayda Bəhreyn, Misir, İordaniya, Qətər, BƏƏ, Pakistan, Səudiyyə Ərəbistanı və Türkiyə liderləri ilə telefon danışığı zamanı ABŞ lideri İran münaqişəsi bitdikdən sonra “İbrahim sazişləri”nə qoşulmayan və ya İsraillə sülh müqaviləsi olmayan ölkələrin Təl-Əvivlə münasibətlərini normallaşdıracağına ümid etdiyini bildirib.
Portalın məlumatına görə, İsraillə diplomatik münasibətləri olmayan Qətər, Pakistan və Səudiyyə Ərəbistanının nümayəndələri Trampın xahişindən təəccübləniblər.
"Telefonda sükut çökdü və Tramp zarafatla hamının hələ də telefonda olub-olmadığını soruşdu", - deyə rəsmilərdən biri “Axios”a bildirib.
Amerika lideri qeyd edib ki, Prezidentin xüsusi nümayəndəsi Stiv Uitkoff və sahibkar Cared Kuşner qarşıdakı həftələrdə bu ölkələrlə İsrail arasında münasibətlərin normallaşdırılması üzərində işləyəcəklər.