Təxribatların yaradacağı lokal toqquşma və: “Bu, əməliyyatlara hazırlıq mərhələsidir”  

Siyasət

06.03.2023 - 10:16

Hərbi jurnalist: “Təxribatın davamlı olması bizim xeyrimizədir. Çünki Azərbaycan güc vasitəsi ilə istədiklərini həyata keçirə bilər”

Martın 5-də gündüz saatlarında Qarabağdakı qondarma qurumun özlərini “polis” adlandıran terrorçuları növbəti dəfə təxribata əl atıblar. Azərbaycan Müdafiə Nazirliyinin məlumatında qeyd edilib ki, Xankəndi-Xəlfəli-Turşsu torpaq yolundan istifadə edilməklə Ermənistan Respublikasından hərbi ləvazimatların, silah-sursatın və şəxsi heyətin Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi Azərbaycan ərazilərinə daşınmasının həyata keçirilməsi baradə operativ məlumatlar daxil olub.

“Martın 5-də səhər saatlarında daxil olmuş məlumatın yoxlanması məqsədilə qanunsuz hərbi daşınmalar həyata keçirən nəqliyyat vasitələri Azərbaycan Ordusunun bölmələri tərəfindən saxlanılaraq yoxlanılmasına cəhd göstərilib. Qarşı tərəfdən atəş açılıb və baş vermiş atışma nəticəsində hər iki tərəfdən həlak olan və yaralananlar var”, - deyə məlumatda vurğulanıb.

Müdafiə Nazirliyi bəyan edib ki, Azərbaycan tərəfi Rusiya sülhməramlı kontingentinin komandanlığının diqqətinə çatdırır ki, üçtərəfli Bəyanatın bəndlərinin yerinə yetirilməsi qeyd-şərtsiz və tam təmin edilməlidir: “Bildiririk ki, Qarabağ iqtisadi rayonu ilə Ermənistan Respublikası arasında yeganə istifadə oluna biləcək avtomobil yolu Xankəndi-Laçın yoludur. Rusiya sülhməramlı kontingentinin komandanlığına bir daha xatırladırıq ki, başqa marşrutlar üzrə hərbi və digər təyinatlı daşınmaların həyata keçirilməsi qəti sürətdə yolverilməzdir. Xatırladırıq ki, Ermənistandan Qarabağ iqtisadi rayonuna silah-sursat, digər hərbi təchizat, o cümlədən minalar, yanacaq və canlı qüvvənin daşınması faktları bundan əvvəl də müəyyən olunmuşdur. Qeyd olunan marşrut üzrə minaların daşınması ilə əlaqədar Azərbaycan tərəfi dəfələrlə beynəlxalq ictimaiyyəti xəbərdar etmişdir. Əlavə olaraq bildiririk ki, 2022-ci ildə Türkiyə-Rusiya Birgə Monitorinq Mərkəzinin nümayəndələrinin Ermənistan tərəfindən basdırılan və sonradan aşkar edilən minalara baxış üçün əraziyə səfərləri də təşkil edilmişdir”.

“Bu gün baş vermiş insident bir daha Azərbaycan tərəfindən Laçın-Xankəndi yolunun üzərində müvafiq nəzarət-keçid məntəqəsinin yaradılmasının zəruri olduğunu göstərir. Ermənistanın yenə də Azərbaycanın Qarabağ iqtisadi rayonuna hərbi daşınmaları hayata keçirməsi faktı bu ölkənin Azərbaycana qarşı davam edən təcavüzü və terror siyasətidir. Törədilmiş təxribata görə bütün məsuliyyət Ermənistan hərbi-siyasi rəhbərliyinin üzərinə düşür”, - deyə məlumatda vurğulanır.

Qeyd edək ki, qeyri-qanuni erməni birləşmələrinin törətdikləri təxribat nəticəsində Azərbaycan Ordusunun hərbi qulluqçuları - Əlibəyli Şəhriyar Ramiz oğlu və Hüseynov Eşqin Cəmil oğlu şəhid olublar.

Terrorçuların təxribatı ilə bağlı rəsmi Bakı da məlumat yayıb. Xarici İşlər Nazirliyinin (XİN) məlumatının əsas hissəsində qeyd olunub ki, bu kimi təcavüz aktı və təxribatlar bir daha Ermənistanın Azərbaycana qarşı işğal siyasətindən əl çəkmədiyini, Ermənistan tərəfindən sülh gündəliyi ilə bağlı fikirlərin riyakarlıqdan başqa bir şey olmadığını, Ermənistanın regionda sülh və təhlükəsizliyin bərqərar edilməsində maraqlı olmadığını nümayiş etdirir: “Bu əməllər, Azərbaycan-Ermənistan arasında sərhəd nəzarət-buraxılış rejiminin tətbiq edilməsinin labüdlüyünü bir daha sübut edir”.

“Azərbaycan tərəfi bu kimi hərbi təxribatların qarşısını almaq məqsədilə, Üçtərəfli Bəyanatın icrasının təmin edilməsini, Ermənistandan qeyri-qanuni silah və sursatın, şəxsi heyətin və minaların daşınmasına son qoyulmasını, Azərbaycan ərazilərindən erməni silahlı qüvvələrini dərhal çıxarmağı tələb edir”, - deyə rəsmi Bakının bəyanatında vurğulanıb.

Baş verən təxribatla bağlı AYNA-nın suallarını cavablandıran hərbi jurnalist Səxavət Məmməd deyib ki, Qarabağda gərginliyin yaranması gözlənilən idi:

- Bu barədə proqonzlarımda da qeyd etmişdim, Azərbaycan Ordusunun hazırlıqlar içində olması barədə yazmışdım. Ekofəallar Laçın yolunda aksiya başlayana qədər Azərbaycanda ara yollarla bağlı bir-iki nəfəri çıxmaqla, demək olar ki, heç kim heç nə yazmırdı. Laçın dəhlizindəki aksiya ilə Qarabağdakı separatçıların əl-qolu bağlanmış oldu. Əvvəllər açıq şəkildə silah-sursat daşıyan separatçılar çətinliklə üzləşdilər. Havaların qarşlı və şatalı keçməsi ara yolları keçilməz edirdi. Həmin yollarla ancaq vacib məhsullar daşınır, Ermənistana gedib-gələn separatçılar istifadə edirdi. Yeri gəlmişkən, bu yollarla bağlı yazanda da bəziləri bunu kinayə ilə qarşılamışdı. Havalar isindikcə yollar işlək vəziyyətə gəlir. Belə olan halda silah daşımaq da rahat olur. Silah məsələsinin üzərində ona görə dayanıram ki, separatçı rejimin "ordusu" formalaşmaqdadır. Ştat struktur yaranıb, həmin ştat struktura uyğun olaraq da hərbçilər silahla təmin olunmalıdırlar. Laçın dəhlizindəki aksiya sözü gedən silahlıların formalaşmasına mane olurdu.

- Demək istəyirsiniz ki, gərginlik əvvəldən mövcud idi...

- Əlbəttə! Qarabağda vəziyyət onsuzda gərgin idi. Sadəcə olaraq pafosla cəmiyyəti sakitləşdirirdilər. Uzaqdakı ekspertlər yalanlarla xalqın başının altına yastıq qoysalar da, ərazidəkilər hər şeyi gözəl bilirdilər. Hesab edirəm ki, Azərbaycan Ordusu bu əməliyyatı keçirməyə məcbur idi. O yol mütləq şəkildə bağlanmalıdır. Əgər ara yollara, cığırlara Azərbaycan Ordusu nəzarət etməsə, Laçın dəhlizində qoyulacaq texniki vasitələrin, nəzarət buraxılış məntəqələrinin nə mənası olacaq?!

- Son atışma Xocalıda Azərbaycan rəsmisinin Qarabağ erməniləri ilə ilk görüşündən sonra gündəmə gələn inteqrasiya prosesinə hansı təsirləri göstərəcək?

- Xocalıda keçirilən görüş əslində mahiyyət baxımında şişirdildiyi qədər əhəmiyyətli deyildi. Təsəvvür edin, Xocalıda görüş keçirilir, eyni vaxtda baş separatçı Araik Arutyunyan bəyanat verir ki, siyasətləri dəyişməyəcək, ideoloji xəttlərini davam etdirəcəklər və s. Görüşün müsbət tərərəfi ondan ibarət idi ki, Ruben Vardanyanın “dövlət naziri postu”ndan gedişindən sonra ilk təmas idi. Vardanyandan əvvəl də belə bir təmas olmuşdu. Hətta o vaxt masanın üzərində Azərbaycan bayrağı da var idi.

Düşünürəm ki, Avropa İttifaqı missiyasının Ermənistana girməsi ilə Rusiya Azərbaycanın yanında varmış kimi görünməyə çalışır. Moskva çox primitiv, prosesin gedişində köklü dəyişilik etməyən jestlər etdi. Rusiya əslində Azərbaycanın əli ilə Ermənistanı da cəzalandırmaq istəyir. Bu o demək deyil ki, Rusiya Azərbaycanın yanındadır, Qarabağı Azərbaycana gözüyumulu verəcək.

Məncə, bu gərginliyin müsbət tərəfi olacaq. Hətta danışıqlar tamamən dayananda yazırdım ki, proseslərin canlanması üçün mütləq şəkildə “qan” lazımdır. Hesab edirəm ki, təxribat və Azərbaycan Ordusunun cavabından sonra danışıqlar prosesində aktivlik artacaq.

- Təxribatın davamlı olacağını gözləmək olarmı?

- Təxribat davamlı olmaqla yanaşı, hətta lokal toqquşmaya da gətirib çıxara bilər. Atəşkəs pozulmayanda insanlar nədənsə sevinir, ancaq nəzərə almırlar ki, daimi atəşkəs deyə bir şey yoxdur və ən əsası, bu, hazırlıq mərhələsidir. Yeri gəlmişkən, Vardanyan “postundan” gedib, amma Qarabağdan getməyib. Bu isə o deməkdir ki, onun məlum iddiaları gündəmdədir.

Ümumiyyətlə, təxribatın davamlı olması bizim xeyrimizədir. Çünki Azərbaycan güc vasitəsi ilə istədiklərini həyata keçirə bilər. Ancaq təxribatların mənfi tərəfi də var, bu də beynəlxalq aləmin təzyiqidir.

- Beynəlxalq reaksiya təzyiq xarakterli olacaq?

- Separatçı rejim beynəlxalq aləmin Azərbaycana daha çox təzyiqi üçün çalışacaq. Ermənistan da çalışacaq ki, öz sərhədi ilə yanaşı Qarabağa da Avropa İttifaqı missiyasını cəlb etsin. Amma Rusiya buna icazə verməz. Hesab edirəm ki, bu rəsmi Kremlin “qırımızı xətti”dir.

- Rəsmi Bakının açıqlamasında “bu hadisə sərhəd-nəzarət buraxılış məntəqəsinin yaradılmasını labüd edir” ifadəsi var. Azərbaycan təxribatları əsas gətirərək məntəqələrin yaradılmasına nail ola biləcəkmi?

- Keçmişə, daha dəqiqi müharibədən sonrakı dövrə nəzərə salanda Azərbaycan tərəfinin bu tip bəyanatlarının gerçəkci olduğunu görürük. Biz bunu Fərruxda da, Sarıbaba və Qırxqızda da görmüşdük. Qarşı tərəf təxribatlar törədirdi, hətta Laçından çıxmayacaqlarını deyirdi. Amma Azərbaycan Ordusu sahədə işini gördü və adı gedən yüksəkliklərin hamısını nəzarətə götürdü. Rəsmi Bakı indiki mərhələdə Xankəndində suverenliyini bərpa etmək istəyir. Bunun üçün də görüləcək ilk iş nəzarət buraxılış mənətəqləridir. Hesab edirəm ki, Azərbaycan Ordusu məntəqələrin yaradılmasına sözsüz nail ola bilər. Burda əsas məsələ Rusiya faktorudur. Çünki Lavrov Bakıda bildirdi ki, məntəqələr olmayacaq, yalnız texniki vasitələr mümkündür.

Azərbaycan təzyiqi artırmalıdır. Artıq bilirik ki, qarı tərəf, elə Rusiya da ancaq sərt dildən anlayır. Ona görə də, təzyiq artırılmalıdır. Azərbaycan nəinki məntəqələri qura bilər, hətta bəlkə postlarda yerləşəcək şəxsi heyəti də hazır edib. Sadəcə bu zamana bağlı məsələdir.

Müəllif: Anar Bayramoğlu