“Vaşinqtonun ölkə rəhbərliyinə qarşı hər hansı bir hərbi əməliyyatı cavabsız qalmayacaq”
“Tehran ABŞ Prezidenti Donald Trampın təhdidlərinə məhəl qoymur. Vaşinqtonun ölkə rəhbərliyinə qarşı hər hansı bir hərbi əməliyyatı cavabsız qalmayacaq”. AYNA.AZ xarici mediaya istinadən bildirir ki, bu sözləri İran Silahlı Qüvvələri Baş Qərargahının sözçüsü, general Əbülfəzl Şəkərçi deyib.
“Press TV”nin məlumatına görə, Şəkərçi ABŞ-ın İran rəhbərliyinə qarşı hər hansı bir hərbi əməliyyatı halında "sarsıdıcı cavab tədbirləri" barədə xəbərdarlıq edib.
Şəkərçi vurğulayıb ki, "Trampın səs-küylü açıqlamalarına çox da əhəmiyyət vermirik".
Qeyd edək ki, şənbə günü Tramp “Politico”ya bildirib ki, "İranda yeni lider axtarmağın vaxtıdır".
Şəkərçi ABŞ-ın mövqeyini "psixoloji müharibə" adlandıraraq "Tramp bilir ki, əgər Ali Liderimizə (Ayətullah Əli Xameneyi) təcavüz əli uzadılsa, biz bu əli nəinki kəsəcəyik, həm də onların dünyasını yandıracağıq və onlara regionda heç bir sığınacaq qoymayacağıq".