BNA parklanma yerlərinin ödənişsiz olduğunu bildirən məlumat lövhələri quraşdırır
Bakı Nəqliyyat Agentliyi (BNA) vətəndaşlardan daxil olan çoxsaylı müraciətləri nəzərə alaraq, əsas küçə və prospektlərdə parklanma yerlərinin ödənişsiz olduğunu bildirən məlumat lövhələri quraşdırır. Bu barədə AYNA-ya BNA-nın mətbuat xidmətindən məlumat verilib.
“Bir daha qeyd edirik ki, Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən küçə parklanmasına görə qiymətlər müəyyən edilənədək yalnız bu lövhələrin quraşdırıldığı ərazilər deyil, dayanma və durmanın qadağan olunmadığı digər ərazilərdə də parklanma ödənişsizdir”, - deyə məlumatda bildirilir.
BNA bir daha sürücülərdən “Yol hərəkəti haqqında” Qanunun tələblərinə əməl etmələrini, parklanma qaydalarını pozaraq digər hərəkət iştirakçılarına maneə yaratmamalarını xahiş edir: “Unutmayaq ki, biz yollarda tək deyilik!”