Sosial jurnalistika təlimləri yekunlaşıb

Xəbərlər

18.03.2023 - 17:09

İştirakçılara sertifikatlar təqdim edilib

Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyinin tabeliyindəki Əmək Bazarı və Sosial Müdafiə Məsələləri üzrə Milli Observatoriya tərəfindən keçirilən sosial jurnalistika təlimləri yekunlaşıb. AYNA xəbər verir ki, Milli Observatoriyanın Təlim Mərkəzində təşkil olunan və 5 gün davam edən təlimlərdə 13 media orqanından nümayəndələr iştirak edib.

Təlimdə məqsəd media nümayəndələrinin sosial mövzular üzrə dolğun məlumatlandırılması, həmin mövzulara yanaşmada peşəkarlığının, sahəvi biliklərinin artırılması, media ilə səmərəli əməkdaşlığın qurulmasından ibarət olub.

Nazirlik sistemində çalışan peşəkar və təcrübəli əməkdaşlar tərəfindən media işçilərinə əmək, məşğulluq, sosial müdafiə, sosial xidmətlər, əlillik və reabilitasiya sahələrində göstərilən xidmətlərə, bu sahələrdə aparılan islahatlara dair iştirakçılara məlumatlar verilib.

Həmin sahələrdə tətbiq olunan innovativ yeniliklər, rəqəmsal texnologiyalar, eləcə də qarşıda duran sosial hədəflər diqqətə çatdırılıb. Həmçinin sahəvi terminologiyaya dair məlumatlar verilib, media nümayəndələrini maraqlandıran suallar cavablandırılıb.

Təlimin yekununda Əmək Bazarı və Sosial Müdafiə Məsələləri üzrə Milli Observatoriyanın İdarə Heyətinin sədri Elnur Səfərli media nümayəndələri ilə görüşüb. Görüşdə sosial jurnalistika təliminin media üçün əhəmiyyəti vurğulanıb.

Təlim başa çatandan sonra iştirakçılarına sertifikatlar təqdim edilib.

Müəllif: Ayna.az