Şolts: “İranın addımları bütün regionu alovlandırmaq riskini artırır”

Dünya

02.10.2024 - 15:53

Həkimlər Klinikalar SEO Xidməti

“İranın İsrailə hücumu regionda gərginliyin artmasına səbəb olacaq”

Almaniya kansleri Olaf Şolts İranın İsrailə raket hücumunu pisləyib və bunun bütün regionda vəziyyətin gərginləşməsinə səbəb olduğunu qeyd edib. Bu barədə AYNA xarici mediaya istinadən bildirir.

“İran addımları bütün regionu alovlandırmaq riskini artırır. Bunun qarşısı nəyin bahasına olursa olsun alınmalıdır. İranın İsrailə raket hücumları ən sərt şəkildə pislənməlidir", - kansler əlavə edib.

Şolts İrandan və Livandakı “Hizbullah” hərəkatından “İsrailə hücumları dərhal dayandırmağı” tələb edib: “Yalnız İsrail və onun müttəfiqlərinin hava hücumundan müdafiə qüvvələri sayəsində dünən İranın hücumu böyük ölçüdə dəf edilib”.

Kanslerin sözlərinə görə, Almaniya tərəfdaşları ilə birlikdə İsrail və “Hizbullah” arasında atəşkəsə nail olmaq üçün səylərini davam etdirəcək: “Belə bir atəşkəs “Hizbullah”ın İsraillə sərhəd bölgəsindən çəkilməsini açıq şəkildə diktə edən BMT Təhlükəsizlik Şurasının 1701 saylı qətnaməsinin tam icrasının başlanğıcı olmalıdır”.

“Bu gün, HƏMAS-ın İsrailə dəhşətli hücumunun ildönümünə bir neçə gün qalmış narahatlığımız həm də girovlar və onların yaxınları ilə bağlıdır. Onların taleyi hamının ABŞ Prezidenti Co Baydenin irəli sürdüyü təkliflər əsasında razılığa gəlməsi üçün səbəb olmalıdır", - Almaniya hökumətinin başçısı deyib.

Müəllif: Ayna.az