"İndiki mərhələdə 18-ci sanksiya paketinin qarşısının alınmasının davam etdirilməsi artıq əks-məhsuldardır”
Slovakiyanın Baş naziri Robert Fiko ölkəsinin Avropa İttifaqının (Aİ) Rusiyaya qarşı 18-ci sanksiya paketini dəstəkləyəcəyini bildirib. AYNA.AZ xarici mediaya istinadən bildirir ki, hökumət başçısı bu qərarı Avropa Komissiyasının sədri Ursula fon der Leyenlə danışıqlardan sonra verdiyini və bu zaman Slovakiya üçün qazın qiymətləri ilə bağlı müəyyən təminatlar əldə etdiyini söyləyib.
"İndiki mərhələdə 18-ci sanksiya paketinin qarşısının alınmasının davam etdirilməsi artıq əks-məhsuldardır. Bütün mümkün variantlar tükənib və bloklama ilə bağlı mövqeyimizi saxlamaq öz maraqlarımıza zərər verə bilər", - Fiko deyib.
Avropa Komissiyasının təkliflərinə əsasən, yeni məhdudlaşdırıcı tədbirlər paketinə Rusiyanın qaz kəmərləri, o cümlədən “Şimal axını” ilə, eləcə də sanksiyalar rejimindən yayınan banklarla əməliyyatlara qadağa daxildir. Rusiya nefti üçün üzən qiymət tavanının tətbiqi də müzakirə olunur.
Bundan başqa, 18-ci paket çərçivəsində 30-dan çox fiziki və hüquqi şəxsə, Rusiya ilə ticarətlə məşğul olan iki Çin bankına qarşı sanksiyaların tətbiqi, Rusiyanın 22 kredit təşkilatının SWIFT sistemindən çıxarılması nəzərdə tutulur. “Qara siyahı”ya Rusiya Federasiyasının sanksiyalardan yan keçmək üçün istifadə etdiyi “kölgə donanması” adlanan 77 tanker də daxil ola bilər.
Əvvəllər Slovakiya Avropa Komissiyasının 2028-ci ildən Rusiya qazının idxalını tamamilə qadağan etmək təşəbbüsünə etiraz edərək paketin qəbulunu əngəlləmişdi. Bratislava belə tədbirlərin yanacaq qıtlığına, bahalaşmaya və tranzit xərclərinin artmasına səbəb olacağından ehtiyat edirdi. İyunun sonunda Slovakiya hökuməti məhkəmə çəkişmələri ilə bağlı potensial xərcləri kompensasiya etmək üçün ölkəyə 20 milyard avroya qədər vəsait lazım olduğunu elan etdi.
Bir gün əvvəl Avropa Komissiyası Robert Fikoya məktub göndərib. “Reuters”in məlumatına görə, sənəddə Slovakiyanın narahatlığının nəzərə alındığı və Brüsselin yeni məhdudiyyətlərin tətbiqindən sonra yanacaq çatışmazlığının qarşısını almaq üçün zəmanət verməyə hazır olduğu bildirilib.