“Sevgi” parkında Çiyələk Festivalı, sonra çay... - FOTOLAR

Cəmiyyət

09.05.2023 - 22:28

Fəxrəndə Həsənzadə: “Qonaqlar yerli brendlərlə, Bakının məşhur restoranları ilə də tanış olacaqlar”

Bakıda “Sevgi” parkında 13 may şənbə günü Bakının “Sevgi” parkında növbəti Respublika Çiyələk Festivalı keçiriləcək. “Azeri Home Chef” Kulinariya Birliyinin təsisçisi Fəxrəndə Həsənzadə Festivalla bağlı AYNA-nın suallarını cavablandırıb:

- Festivala gələnləri hansı yeniliklər gözləyir?

- Sayca ikinci olan Çiyələk Festivalını Cəlilabadda yox, Bakıda keçirmək qərarına gəldik. Çünki həmin günlərdə paytaxta xeyli sayda turist axını gözlənir. Növbəti bayram tədbirimizin xüsusiyyəti rəngarəng musiqi proqramı, o cümlədən vokal müsabiqəsi, habelə uşaqlar üçün “Çiyələyi çəkirəm” rəsm müsabiqəsi olacaq. Bununla yanaşı, festivalda “Le Plaisir” butikinin ustaları tərəfindən fransızsayağı Milföy çiyələkli xəmir desertinin hazırlanması nümayiş olunacaq. Həmçinin baş aşpazların ustad dərsləri keçiriləcək, əcnəbi səfirliklər öz ölkələrinin çiyələkli yeməklərini təqdim edəcəklər. Eyni zamanda, qonaqlar yerli brendlərlə, Bakının məşhur restoranları ilə də tanış olacaqlar. Bütün bu unudulmaz bayram tədbiri “Bizim Tarla”nın və ölkənin ən iri çiyələk istehsalçısı olan “Grow Group”un təşkilatçılığı ilə baş tutacaq.

- Bəs “Azeri Home Chef” bu il bizi daha nələrlə sevindirəcək?

- Bu il Kuba, Mərakeş, Meksika səfirliklərilə çalışmağa başlayırıq. Bununla yanaşı, artıq ənənəyə çevrilmiş İsrail, Ukrayna, Pakistan, Özbəkistan, Braziliya Mətbəxi günləri keçiriləcək. May ayının 28-nə Dünya Çay Günü münasibətilə Çay Festivalı nəzərdə tutmuşuq. Bütövlükdə iki aylıq fasilədən sonra yenidən tədbirlər keçirməyə başladığımıza çox şadam. Qarşıda bizi çoxlu işlər gözləyir və əminəm ki, “Azeri Home Chef”in çoxlu sayda pərəstişkarları da artıq darıxmağa vaxt tapmayacaqlar. Elə Çiyələk Festivalında da böyük ziyarətçi axını gözləyirik. Artıq bununla bağlı saysız-hesabsız zənglər gəlir və bu da bizi sevindirib ruhlandırmaqla yanaşı əlbəttə ki, üzərimizə böyük məsuliyyət qoyur. Amma yenə də, bu qədər insanın bizdən xoş anlar umduğunu bilmək mənim üçün çox sevindiricidir.

- Bu yaxınlarda Pakistana dəvət olundunuz. Bu barədə ətraflı danışardınız...

- Bəli, ömrüm boyu aldığım ən gözəl hədiyyə bu oldu. Bu ağlasığmaz hədiyyəni mənə Pakistan səfirliyi rəva görüb. Həmin səfərə “Azeri Home Chef”in bir dəstə xanım fəalını özümlə apardım. Bu səyahətdə unudulmaz təəssüratlar, inanılmaz duyğular qazandım. Pakistan bizim üçün qardaş ölkə olmaqla yanaşı həm də çox gözəl bir ölkədir. Oradakı xalqın Azərbaycanımıza nə qədər isti münasibət bəslədiyinin canlı şahidi oldum. Bizi mehribanlıqla qarşıladılar, yerli media haqqımızda yazdı, bizi çəkib göstərdi. Lahor şəhərini, xüsusilə bu şəhərin tarixi mərkəzi Lahor qalasını – Lahore Fort-u az qala qarış-qarış dolaşdıq, İslamabadda olduq, Himalaya dağlarının çəhrayı duzunun çıxarıldığı mədənlərə baş çəkdik. Digər tərəfdən şəkərbura və paxlava bişirməyin ustad dərslərini keçirdik, şəkərbura üzərində ən gözəl naxış müsabiqəsi təşkil edib qaliblərə mükafat qismində oxlov, maqqaş və s. təqdim etdik. Paytaxtda “COTHM – College of Tourism & Hotel Management”də olarkən özümüzlə apardığımız böyük Azərbaycan bayrağını onlara hədiyyə etdik. Pakistanda yaşayan və türk restoranı işlədən bir xanım soydaşımızla tanış olduq, həmin restoranın qarşısında bütün arzulayanlar üçün şəkərbura hazırlamağın ustad dərsini keçirdik. Həmçinin Pakistanla Hindistan arsında yeganə açıq keçid məntəqəsi olan Vəgahda da olduq, orada bayraq qaldırma mərasimində iştirak etdik. Bütövlükdə yol boyu son dərəcə rəngarəng, hərəkətli, maraq dolu, unudulmaz ab-hava vardı. Amma hamısından gözəl olanı təbii ki, ölkəmizi təmsil etməkdi. Bu səfərdən çox yüksək ovqatda qayıtdım. Bizi Pakistanın mərkəzi televiziyasına da dəvət etdilər, orada canlı yayımda “Şuşanın dağları”nı rəqs etdik.

Biz Azərbaycanla Pakistan arasındakı qardaşlıq əlaqələrini inkişaf etdirmək üçün əlimizdən gələni etməyə çalışırıq. 4 il bundan əvvəl hazırlanmış “Pakistani Food Week” adlı layihəm də elə bu amala xidmət edir.

- Bəs Pakistanda necə, Azərbaycan mətbəxini tanıyırlarmı?          

- Təəssüf ki, tanımırlar. Bu istiqamətdə çalışacağıq, dost ölkədə mətbəximizi tanıtmaq üçün müəyyən planlarımız var. May ayının sonunda səfirliyin xəttilə Pakistanın tanınmış blogeri Adil Çoudri ölkəmizə gələcək. Onu ən məşhur restoranlarımıza, həmçinin Qəbələyə aparmaq niyyətindəyik. Yeri gəlmişkən, Çay Festivalımızda Adil də iştirak edəcək.

Son olaraq bütün təəssübkeşlərimizi paytaxtımızın Xətai rayonunda yerləşən, Heydər Əliyev Fondunun dəstəyilə salınmış “Sevgi” parkında 13 may günü saat 12-də gözləyirik.

“Sevgi” parkında Çiyələk Festivalı, sonra çay... - “Sevgi” parkında Çiyələk Festivalı, sonra çay... - “Sevgi” parkında Çiyələk Festivalı, sonra çay... - “Sevgi” parkında Çiyələk Festivalı, sonra çay... - “Sevgi” parkında Çiyələk Festivalı, sonra çay... - “Sevgi” parkında Çiyələk Festivalı, sonra çay... -
Müəllif: Asif Aydınlı