“Səssiz əməliyyat” gedişi və gecikmiş addım: “Laçın yolunda post qoyulmalıdır”

Aktual

01.04.2023 - 10:17

Üzeyir Cəfərov: “Azərbaycan Laçın yolu məsələsinə nöqtə qoymalıdır, məsələ uzandıqca, bu, bizə problemlər yaradacaq”

Bir neçə gün öncə Azərbaycan Ordusu Ermənistandan Xankəndiyə gizli, torpaq yollarla silah-sursat daşınmasının qarşısını aldı. Belə ki, erməni separatçılarının hərbi yükləri daşımaq üçün gizlicə istifadə etdiyi Xəlfəli-Turşsu yolunu Azərbaycan Ordusu nəzarətinə götürdü. Üç gün öncə isə Azərbaycan Ordusu “səssiz əməliyyat” adlandırılan əməliyyatla Laçın istiqamətində bir çox torpaq yolları və əraziləri nəzarətə götürməklə separatçıların Laçın yoluna alternativ yollardan istifadəsinin qarşısını tamamilə aldı.

“Səssiz əməliyyat” Ermənistanda və Xankəndidəki separatçı-terrorçu rejimdə ajiotaj yaratmaqla yanaşı, xofu artırıb. İndi İrəvandan və Xankəndidəki terrorçulardan Moskvaya Bakıdan şikayət edilir ki, Azərbaycan bu əməliyyatları dayandırsın. Rusiyadan isə son əməliyyatlarla bağlı bəyanat verilib, 10 noyabr Üçtərəfli Birgə Bəyanata əməl olunması istənilib. Lakin Bakı qərarında israrlı görünür.

Proseslərin inkişaf perspektivini AYNA-ya müsahibəsində qiymətləndirən hərbi ekspert, ehtiyyatda olan polkovnik Üzeyir Cəfərov deyib ki, bu addımları Azərbaycan daha öncə atmalı idi:

- Bu addımlar atılmalıdır, davamı gəlməlidir. Azərbaycan öz ərazilərində istədiyi addımı ata bilər və buna kimsə maneə yarada bilməz. Biz erməniyə, rusa baxmamalıyıq, işimizi görməliyik. Azərbaycanın bütün ərazilərində suverenliyi bərpa edilməlidir. Əslində bu əməliyyatlar, bu addımlar iki il altı ay əvvəl görülməli idi. Bu müddət ərzində görülməyən işlərimizi gecə də olsa, indi görürük.

Rusiya Azərbaycanı 10 noyabr 2020-ci ildə aldatdı. Guya bunlar nəsə iş görəcəkdilər, Üçtərəfli Birgə Bəyanatın müddəaları hamısı yerinə yetirilməli idi. Amma biz gördük ki, faktiki olaraq, Ağdam, Kəlbəcər və Laçının boşaldılmasından başqa, hansısa müddəa yerinə yetirilmədi. Hələ də Zəngəzur dəhlizi açılmayıb, hələ də Qarabağda erməni silahlı terrorçuları qalmaqdadır, hansı ki, onları Rusiya sülhməramlısı adlandırılan hərbi kontingent çıxarmalı idi. Əvəzində separatçı-terrorçuları silahlandırmaqla məşğul oldular. Artıq Azərbaycanın səbr kasası dolub. Rəsmi Bakı geosiyasi vəziyyəti nəzərə alaraq öz probleminin həllini yekunlaşdırmalıdır. Məsələ uzanmamalıdır. Uzandıqca, bizə əlavə problemlər yaranacaq. Hesab edirəm ki, indi atılan addımlar da məhz məsələnin uzanmasının qarşısını almaqdır.

- Rusiya buna reaksiya verdi, bəyanat səsləndirdi. Ermənistan da, separatçılar da Rusiyadan kömək istəyirlər. Sizcə, Rusiya Azərbaycana təzyiq edə bilərmi?

- Birincisi, bu, nə Rusiyanın, nə də Ermənistanın məsələsidir. Bu, Azərbaycanın daxili məsələsidir. Çünki ərazi Azərbaycanındır. Azərbaycan ərazisində istədiyi yolu bağlaya bilər, ərazilərinə nəzarəti gücləndirə bilər ki, bunun nə Rusiyaya, nə də Ermənistana aidiyyəti var.

İkincisi, Rusiya Ukrayna bataqlığında qalıb, 400 gündür o bataqlıqda çabalayır. Ermənistan da yaxşı anlayır ki, Rusiya indiki durumunda Azərbaycana bəyanat verməkdən başqa nəsə edə bilməz. Paşinyan hökuməti Rusiyaya müraciət etməklə həm cəmiyyətə mesaj ötürür ki, Qarabağ məsələsi gündəmindədir, həm də cəmiyyətə o mesajı ötürür ki, “baxın, biz Moskvadan kömək istədik, amma kömək gəlmədi”. Yenə deyirəm, nə Rusiyaya, nə Ermənistana fikir verməliyik, öz addımımızı atmalıyıq.

- Daha hansı addım atılacaq və atılmalıdır?

- Bir nömrəli məsələ Laçın yolunun Ermənistan tərəfindən girişində Azərbaycanın gömrük postu və sərhəd-keçid məntəqəsinin quraşdırılmasıdır. Biz o postu artıq qoymalıyıq. Ümumiyyətlə, orada post çoxdan qoyulmalı idi. Gec də olsa, indi bunu həyata keçirməliyik. Yenə deyirəm, Azərbaycan Laçın yolu məsələsinə nöqtə qoymalıdır, məsələ uzandıqca, bu, bizə problemlər yaradacaq. Biz bu problemin inkişaf etməsinə imkan verməməliyik. Düşünürəm ki, Azərbaycanın addımları da buna doğru gedir. İstər Xarici İşlər Nazirliyinin, istərsə də Müdafiə Nazirliyinin son bir ayda verdiyi bəyanatlarda Laçın yolunda postun qurulmasının labüdlüyü vurğulanıb. Azərbaycan bu fikrə bir müddətdir ki, Ermənistanı və Rusiyanı buna alışdırır. Zaman isə irəliləyir. Təkrar edirəm, post qoyulmalıdır, Azərbaycanın sərhədi bərpa edilməlidir. Sözdən praktik əmələ keçməliyik.

Müəllif: Anar Bayramoğlu