“Kreml bütün vasitə arsenalından istifadə etməyi planlaşdırır”
Rusiya hazırkı hakimiyyəti dəyişmək üçün Moldovada keçiriləcək parlament seçkilərinə müdaxilə etmək niyyətindədir. AYNA.AZ “Reuters”ə istinadən xəbər verir ki, bu barədə Moldova Prezidenti Maya Sandu bildirib.
"Rusiya Federasiyası payızdan Moldova Respublikası üzərində nəzarəti qurmaq istəyir və sentyabr seçkilərinə görünməmiş müdaxiləyə hazırlaşır", - Sandu Kişinyovda mətbuat konfransında deyib.
Sanduya görə, Kreml bütün vasitə arsenalından istifadə etməyi planlaşdırır: rusiyayönlü partiyalara dəstək, pullu küçə etirazlarının təşkili, dövlət qurumlarına hücumlar, seçicilərdə rüşvətxorluq və internetdə genişmiqyaslı məlumat kampaniyaları.
Dövlət başçısının sözlərinə görə, məqsədlərdən biri xaricdə yaşayan Moldova vətəndaşlarının səsvermədə iştirakını azaltmaqdır: “Məhz bu kateqoriyadan olan seçicilər son prezident seçkilərində və Aİ-yə üzvlüklə bağlı referendumda əsas rol oynayıblar”.
Sandu həmçinin bəyan edib ki, Rusiya ölkə daxilində siyasi layihələri dəstəkləmək üçün qeyri-qanuni maliyyə kanallarından istifadə edir. Xüsusilə, o təkcə kriptovalyuta sxemləri ilə təxminən 100 milyon avronun köçürülməsinin planlaşdırıldığını qeyd edib.
Prezident vurğulayıb ki, bu cür müdaxilə Moldovanın milli təhlükəsizliyinə, suverenliyinə və Avropa kursuna birbaşa təhdiddir.
Hazırda rəy sorğularına görə, hakim Fəaliyyət və Həmrəylik Partiyası lider mövqeyini qoruyub saxlayır. Bu arada, əsas müxalifət qüvvələri, o cümlədən keçmiş Prezident İqor Dodonun partiyası Rusiya ilə yaxınlaşmanı müdafiə edən və Avropaya inteqrasiyanın əleyhinə olan seçki alyansında birləşib. Moldovada qiyabi məhkum olunmuş və hazırda Rusiyada yaşayan iş adamı İlon Şorla əlaqəli olan digər müxalifət bloku “Qələbə” Mərkəzi Seçki Komissiyasının qərarı ilə seçkilərdə iştirakdan kənarlaşdırılıb.