Saakaşviliyə qarşı ağlasığmaz ittiham, lakin: “Bu, iftira və qisas cəhdidir”

Siyasət

11.08.2023 - 10:19

Sabiq dövlət müşaviri: “O, ittiham olunduğu kimi bir adam olsaydı, ağır şəraitdə məhbus həyatı yaşamazdı”

Siyasi şərhçi: “Saakaşvilinin islahatları zorakılıqla aparması onun məğlubiyyətini şərtləndirən başlıca amil oldu”

Gürcüstanın Baş naziri İrakli Qaribaşvili sabiq Prezident Mixail Saakaşvilinin ünvanına ağır ittihamlar səsləndirib. Baş nazir 2008-ci ildə baş vermiş hadisələrdə əsas günahkarın Saakaşvili olduğunu bəyan edib.

“Saakaşvili Gürcüstan torpaqlarının işğalına səbəb olub. Əgər kimsə Rusiya üçün işləyibsə, deyə bilərik ki, bu, Saakaşvili olub. Çünki onun siyasəti nəticəsində Gürcüstan əraziləri işğal olunub. Onun hakimiyyətinin hərəkətləri xəyanət idi. “Axmaq siyasət” və “Saakaşvilinin məsuliyyətsizliyi” olmasaydı, müharibədən qaçmaq olardı”, - deyə Qaribaşvili söyləyib.

Gürcüstanın həbsdə olan sabiq Prezidenti Saakaşvili bu ittihamlara cavab verib. O, “Facebook” paylaşımında Gürcüstanın gizli xəritələrinin və məlumatlarının Rusiyaya ötürüldüyünü iddia edib. Bildirib ki, Gürcüstanın yüksək vəzifəli rəsmiləri Rusiya agentlərini qarşılayır və onların məxfi obyektlərə səfərlərini təşkil edirlər.

Saakaşvili hakimiyyəti dövründə Rusiya vətəndaşları üçün vizasız səyahət müddətinin 3 ay olduğunu, Rusiyanın Gürcüstandakı kəşfiyyat şəbəkəsinin çökdürüldüyünü əlavə edib: “Vizasız səyahətin məqsədi o idi ki, ruslar təbliğata inanmaq yerinə, bizim necə bir uğurlu dövlət olduğumuzu görsünlər və Rusiyada da islahatları tələb etsinlər ki, bu da Gürcüstanın təhlükəsizliyi üçün çox vacib idi. Onlar şok içərisində bizim küçələrimizdə gəzdilər və yeni Gürcüstana baxdılar. İndi isə yüksək rütbəli təhlükəsizlik rəsmiləri Rusiya agentlərini qarşılayır, onlar üçün süfrə açır və onları gizli obyektlərə səfərə aparırlar. Rusiya vətəndaşları Gürcüstanda həm leqal, həm də qeyri-leqal biznesə başlayırlar. Onlar vergi vermirlər”.

Bu arada, Rusiya Dövlət Dumasının spikeri Vyaçeslav Volodin Ukrayna Prezidenti Volodimir Zelenskinin Gürcüstanın eks-prezidenti Mixail Saakaşvilinin yolu ilə getdiyinə dair iddia ilə çıxış edib: “Vaşinqtonun və Brüsselin marionetlərinin taleyi həmişə eyni şəkildə bitir - onlardan xilas olurlar. Növbəti Zelenskidir. Saakaşvili ancaq qalstuk çeynəməklə yadda qalır. O, indi yad adamdır, Eyni aqibət Zelenskini də gözləyir”.

Azərbaycanın sabiq dövlət müşaviri, politoloq Qabil Hüseynli mövzuya dair AYNA-ya şərhində deyib ki, Saakaşvilinin Rusiyaya bağlı olmasını iddia etmək mənasız siyasi cəhddir: “Saakaşvili aşırı iddiaları olan adamdır. İstər prezidentliyi, istər Ukraynada fəaliyyəti, istərsə də Gürcüstana son qayıdışı bunun bariz nümunəsidir. O, Rusiyaya və Putin adminstrasiyasına qarşı amansız mövqeyi ilə fərqlənib. Hesab edib ki, regionun parlaq gələcəyi Rusiyanın iştirakı olmadan mümkündür. Məhz bu mövqeyinə görə, dəfələrlə Kremlin təqiblərinə məruz qalıb”.

“Rusiyanın Gürcüstana hücumu, işğalçılıq siyasəti, Saakaşvilinin hakimiyyətdən getməsinə nail olunması, bu gün ağır şərtlər daxilində həbsxana həyatı yaşaması - bütün bunlar Rusiyanın diqtəsi ilə baş verir. Moskvanın onunla anlaşmaq və ya nəzərətə almaq üçün bir balaca şansı olsaydı, bu gün o, ağır məhrumiyyətlər altında məhbus həyatı yaşamazdı”, - deyə Hüseynli vurğulayıb.

Politoloq Şahin Cəfərli də AYNA-ya şərhində Mişaya qarşı iddiaları əsassız hesab etdiyini söyləyib: “Hakim “Gürcü Arzusu”nun rəhbərliyi Saakaşvilidən qisas alır. Mixail Saakaşvili demokratik Gürcüstan dövlətinin qurucusudur. Məhz onun rəhbərliyi dövründə qonşu ölkədə dərin islahatlar aparıldı. Korrupsiyaya, rüşvətxorluğa, məmur özbaşınalığına qarşı ciddi mübarizə başladı. Hansı ki, ona qədər Gürcüstan da avtoritar üsullarla idarə olunurdu. Saakaşvili istər Gürcüstandakı, istərsə də Ukraynadakı fəaliyyəti ilə Rusiyaya, Putin adminstrasiyasına qarşı qətiyyətli mübarizə aparıb. Moskvanın regional dayaqlarının zəiflədilməsində onun xidmətləri olub”.

“İndi durub demək ki, Saakaşvili Rusiyanın adamıdır, bu, uğursuz siyasi ritorika və blefdir. Saakaşvili mövcud Gürcüstan iqtidarının rusmeyilli siyasətini ifşa edirdi. Buna qarşı mübarizə aparırdı. Onun ağır şərtlər daxilində həbsxanada saxlanılması həm hakim “Gürcü arzusu”nun, həm də onlara yaxınlığı şübhə doğurmayan Moskvanın qisas cəhdidir”, - deyə həmsöhbətimiz diqqətə çatdırıb.

Onun fikrincə, Saakaşvilinin islahatları zorakılıqla aparması onun məğlubiyyətini şərtləndirən başlıca amil oldu: “Düzdür, bəlkə də alternativ yol qalmırdı. Saakaşvili islahatları bəzən zorakılıqla aparırdı ki, bu da Gürcüstan cəmiyyətini qane etmirdi. “Gürcü arzusu” isə bundan öz xeyrinə yararlandı. Onların seçkilərdə qələbə qazanması da bununla bağlıdır”.

“Digər yandan “Gürcü arzusu” elə rəy yaratmağa çalışır ki, daxildə sabitlik məhz onların yürütdüyü siyasətin nəticəsində yaranıb. Ukrayna nümunəsini misal göstərirlər. Baxmayaraq ki, ukraynalılar öz azadlıqları və gələcəkləri uğrunda döyüşürlər, bu yanaşma heç də hamı tərəfindən qəbul olunmur. Elə insanlar var ki, sabitliyi gələcəkdən üstün tuturlar. Görünür, Gürcüstanda da belə yanaşanların sayı çoxdur”, - deyə Cəfərli fikrini tamamlayıb.

Müəllif: Azər Niftiyev