“Bu gün dünya tarixinə Qafqazın Rusiyadan azad edilməsi günü kimi düşəcək”
Gürcüstanın həbsdə olan sabiq Prezidenti Mixail Saakaşvili “Facebook” səhifəsində Vaşinqtonda gözlənilən Tramp-Əliyev-Paşinyan üçtərəfli görüşü barədə yazıb.
"Sabah Vaşinqtonda böyük tarixi hadisə baş verəcək. Donald Trampın vasitəçiliyi ilə Ermənistan və Azərbaycan sülh müqaviləsi imzalayacaq. Əliyevlə Paşinyan uzun müddət danışıqlar aparsa da, Amerika Prezidentinin müdaxiləsi prosesi sürətləndirdi. Bu gün dünya tarixinə Qafqazın Rusiyadan azad edilməsi günü kimi düşəcək. Rusiya artıq rəsmən Cənubi Qafqazın üç ölkəsindən ikisi üzərində hökmranlığını itirir və hələlik ibtidai təfəkkürlü qruplar vasitəsilə hərəkət edərək Gürcüstana nəzarəti davam etdirir. Lakin bu nəzarət uzun sürməyəcək”, - deyə qeyd edib.
Xatırladaq ki, avqustun 8-də Ağ Evdə ABŞ Prezidenti Donald Tramp, Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın Baş naziri Nikol Paşinyan arasında üçtərəfli görüş keçirilməsi gözlənilir. Mənbələrin məlumatına görə, görüş zamanı Azərbaycanla Ermənistan arasında sülh sazişi məsələsi müzakirə olunacaq.