Rusun pulu etibarına qarşı: “Sputnik Ermənistan” nifaq toxumları səpməyə davam edir

Aktual

19.02.2021 - 17:00

“Diversantlar və terrorçular” və ya “Rossiya Seqodnya” niyə Moskvanın rəsmi siyasətinə qarşı çıxır?

 

Rusiyanın “Rossiya Seqodnya” Beynəlxalq İnformasiya Agentliyinin erməni nümayəndəliyi - “Sputnik Ermənistan” Azərbaycana qarşı təxribat fəaliyyətini davam etdirir. Beləliklə, bu agentlik 16 fevralda Sünik bölgəsindəki Azərbaycan-Ermənistan sərhədi yaxınlığında yerləşən Nerkin Hand kəndi haqqında bir məlumat yayımladı. Məqalədə qeyd olunur ki, Ermənistan Silahlı Qüvvələrinin bölmələri Azərbaycan postunun tam qarşısında yerləşsə də, kəndlilər hələ də ehtiyatlarını gözləyirlər.

 

“Təhlükəsizliyin tam təmin olunduğunu söyləmək olmaz. Onların (diversantların – “Sputnik Ermənistan”) buraya nüfuz edə bilmə şansı həmişə var. Amma vəziyyət indi, ümumiyyətlə sakitdir”, - deyə kəndxuda Xaçik Bağdasaryan agentlik əməkdaşına bildirib.

 

Və kənd sakini Gülnara Oromsimyan da qorxduğunu qeyd edir. “Ürəyimizdə qorxu ilə yuxuya gedirik: birdən indi gələr, birdən hücum edərlər. Mən cəhənnəm – yaşadığımı yaşamışam artıq. Əsas uşaqlardır. Qorxan yalnız mən deyil, hər kəs qorxur. Ən çox terrorçulardan qorxuruq. Uşaqların meşəyə getməsinə, ümumiyyətlə uzağa getməsinə icazə vermirəm. Hər zaman mənim gözümün qabağında olmalarını tələb edirəm”, - deyən Gülnara, hər şeyin sakit olacağına zəmanət olmadığını vurğulayıb və ölümdən daha çox əsir düşməkdən qorxduğunu etiraf edib.

 

Heyvandarlıqla məşğul olan Nver adlı digər kənd sakini, bir neçə gün əvvəl sərhəd yaxınlığında, erməni əsgərlərinin nəzarətində olan ərazidə itkin düşmüş, bala varəcək donuzunun cəsədini tapdığını söyləyib: “Hesab edirəm ki, donuzu yerli sakinlər və bizim uşaqlar (erməni əsgərləri - red.) arasında münaqişə yaratmaq üçün azərbaycanlılar öldürə bilər. Donuzumu bizim əsgərlərin öldürməsinə inanmıram”.

 

Bu sərhəd kəndindən hazırlanan reportajdan da göründüyü kimi, Rusiya xəbər agentliyinin Ermənistan nümayəndəliyi azərbaycanlılara qarşı nifrət oyatmağı qarşısına məqsəd qoyub. 44 günlük Vətən müharibəsi bitdikdən sonra, əvvəllər çılğın anti-Azərbaycan təbliğatı ilə məşğul olan erməni mediası daxili problemlərin işıqlandırılmasına keçdi, amma bunu “Sputnik Ermənistan” haqqında demək olmaz.

 

Bu resurs, hətta bir çox suallar doğuran təxribat fəaliyyətini daha da gücləndirdi. Bunlardan ən başlıcası, “Rusiyanın dövlət büdcəsindən maliyyələşdirilən “Rossiya Seqodnya”nın erməni nümayəndəliyi “Sputnik Ermənistan”ın millətlərarası düşmənçilik səpməsinin səbəbi nədir” sualıdır. Bu cür fəaliyyət, 10 noyabr 2020-ci il tarixində imzalanmış Üçtərəfli Bəyanat ruhunda Azərbaycanla Ermənistan arasında sülh və sabitliyin bərqərar olmasına dair Rusiyanın rəsmi mövqeyinə zidd deyilmi?

 

Ancaq görünən odur ki, “Sputnik Ermənistan”ın Moskva kuratorları Azərbaycanın Rusiyaya olan inamını sarsıtmaq məqsədi daşıyan başqa məqsədlər güdürlər. Medianın ictimai rəyi formalaşdırmasının nüansı burada vacib amildir. Azərbaycan, Rusiya və Ermənistan arasında nəqliyyat kommunikasiyalarının deblokadası, bölgədə çoxdan gözlənilən sülh və sabitliyin bərqərar olması barədə əldə olunmuş razılaşmaların təmin edilməsində medianın rolu əvəzsizdir.

 

Şübhəsiz ki, Ermənistanın sərhəd kəndlərində yaşayan insanlar var ki, müharibənin bitdiyinə və yaxınlarının və dostlarının artıq ölməyəcəyinə sevinirlər. Nəhayət, Ermənistan özünü uzun illər nəqliyyat blokadasında və düşmən mühasirəsində saxlamaqdan çıxaraq, bu vəziyyəti yaxşıya doğru dəyişdirmək şansı əldə etdi. Axı, istənilən pis sülh yaxşı bir mübahisədən daha yaxşıdır. Ancaq göründüyü kimi, “Sputnik Ermənistan”ı Ermənistan vətəndaşlarının maraqları deyil, müəyyən dairələrin sifarişlərinin icrası maraqlandırır.

Müəllif: Asif Aydınlı