Mişustin Avrasiya İqtisadi İttifaqının İrəvandakı tədbirlərində iştirak edəcək
Rusiyanın Baş naziri Mixail Mişustin oktyabrın 1-də Ermənistana səfər edəcək. AYNA xəbər verir ki, bu barədə Rusiya Nazirlər Kabinetinin Mətbuat Xidməti məlumat yayıb.
Bildirilib ki, Baş nazir İrəvanda Avrasiya İqtisadi İttifaqının (Aİİ) Avrasiya Hökumətlərarası Şurasının 40-cı iclasında və Avrasiya İqtisadi Forumunun plenar iclasında iştirak edəcək.
“Baş nazir Mişustin Ermənistan, Belarus, Qazaxıstan və Qırğızıstandan olan həmkarları ilə birlikdə “Avrasiya İqtisadi İttifaqı çərçivəsində inteqrasiyanın dərinləşdirilməsinin təxirəsalınmaz vəzifələrini” müzakirə edəcək. Onlar daxili bazarın işləməsi, sənaye, nəqliyyat, gömrük-tarif, kənd təsərrüfatı və energetika sektorlarında qarşılıqlı əlaqənin inkişafı məsələlərinə xüsusi diqqət yetirəcəklər”, - məlumatda vurğulanıb.