Rusiyada neft zavoduna PUA-larla hücum: NEZ-də yanğın baş verib

Dünya

22.06.2022 - 15:07

Qolubev: "Hücuma məruz qalan NEZ-in ərazisində PUA-nın parçaları tapılıb"

Rusiyanın Ukrayna ilə sərhədindəki Rostov vilayətində yerləşən "Novoşaxtinsk" Neft Emalı Zavodu (NEZ) pilotsuz uçuş aparatlarının (PUA) hücumuna məruz qalıb. AYNA TASS-a istinadən bildirir ki, hücumdan sonra zavodda yanğın olub. 

Rostov vilayətinin qubernatoru Vasili Qolubev özünün "Telegram" kanalında yazıb ki, müəssisənin ərazisində PUA-ların qırıntıları aşkarlanıb.

“Versiyalardan birinə görə, yanğına dronların zavodun texniki qurğularına hücumu səbəb olub. Zavodun ərazisində iki PUA fraqmentləri tapılıb”, - qubernator vurğulayıb.

Qubernatorun sözlərinə görə, yanğın 50 kvadratmetr ərazini əhatə edib: "Yanğın saat 10:50-də söndürülüb. İtki yoxdur, bütün şəxsi heyət təxliyə edilib".

O, həmçinin zavodun işinin dayandırıldığını, ərazidə əməliyyat-istintaq tədbirlərinin aparıldığını, nəticədə dəyən ziyanın ekspertlər tərəfindən qiymətləndiriləcəyini və müəssisənin fəaliyyətinin bərpasının mümkünlüyünü bildirib.

Hadisə şahidləri tərəfindən PUA-ların zərbəsinin videosu yayılıb. Kadrlar hücum anını əks etdirir, bundan sonra yanğın başlayır. Təsdiqlənməmiş məlumatlara görə, videoda Türkiyə istehsalı olan “Bayraktar” əks olunub.

TASS-ın mənbəsinin məlumatına görə, PUA-lardan biri kamikadze rolunu oynayıb.

"Onlardan biri istilik dəyişdiricisinə çırpıldı, sonra yanğın başladı", - mənbə qeyd edib.

Müəllif: Ayna.az