Görüşdə ölkələrimiz arasında əməkdaşlıq məsələləri ilə bağlı fikir mübadiləsi aparılıb
Azərbaycan Prezidenti İlham Əliyev oktyabrın 31-də Ruanda Respublikasının ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Çarlz Kayonqanın etimadnaməsini qəbul edib. AYNA xəbər verir ki, səfir etimadnaməsini dövlət başçısına təqdim edib.
Prezident İlham Əliyev səfirlə söhbət edib.
Dövlət başçısı ölkələrimiz arasında ikitərəfli münasibətlərin inkişaf etdirilməsinin, ticarət, investisiya, insanlar arasında əlaqələr və digər sahələrdə əməkdaşlıq isitiqamətlərinin müəyyənləşdirilməsinin önəminə toxunub.
Prezident İlham Əliyev BMT, Qoşulmama Hərəkatı çərçivəsində əməkdaşlığın bundan sonra da uğurla davam etdiriləcəyinə ümidvar olduğunu bildirib.
COP29-da Ruanda Prezidentinin iştirak edəcəyindən məmnunluğunu ifadə edən dövlət başçısı bu tədbirin önəminə toxunub, onun iqlim dəyişmələri ilə bağlı qlobal səviyyədə müzakirələrin aparılması baxımından əhəmiyyətini vurğulayıb və Azərbaycanın bu sahədə fəal iştirak etdiyini deyib.
Çarlz Kayonqa Ruanda Respublikasının Prezidenti Pol Kaqamenin salamlarını dövlət başçısına çatdırıb və qeyd edib ki, ölkəsinin Prezidenti COP29-da iştirakını səbirsizliklə gözləyir. Səfir vurğulayıb ki, Ruanda Prezidenti ona Azərbaycan ilə əlaqələrə böyük önəm verdiyini deyib və ölkələrimizin bir-birindən uzaqda yerləşməsinə baxmayaraq, əməkdaşlıq üçün yaxşı imkanların olduğunu vurğulayıb.
Prezident İlham Əliyev salamlara və xoş sözlərə görə minnətdarlığını bildirdi, onun da salamlarını Ruanda dövlətinin başçısına çatdırmağı xahiş edib.
Azərbaycan Prezidentinin ikitərəfli münasibətlərə dair söylədiyi fikirlərə görə minnətdarlığını bildirən səfir əlaqələrimizin genişlənməsi üçün səylərini əsirgəməyəcəyini deyib.
Görüşdə ölkələrimiz arasında iqtisadiyyat, ticarət, humanitar, elm və təhsil sahələrində əməkdaşlıq məsələləri ilə bağlı fikir mübadiləsi aparılıb.