Rəsmi Bakıdan Los Ancelesdəki hadisəyə münasibət

Xəbərlər

26.04.2021 - 13:49

XİN radikal ermənilərin Azərbaycan bayrağına bürüdülmüş manekeni “edam etməsi”nə münasibət bildirib

 

Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyinin (XİN) Mətbuat xidməti idarəsinin rəisi Leyla Abdullayeva Los Anceles şəhərində radikal erməni qüvvələri tərəfindən təşkil olunan aksiyada Azərbaycan bayrağına bürüdülmüş manekenin "edam" edilməsi səhnəsinə münasibət bildirib. AYNA xəbər verir ki, L.Abdullayeva bunun kifayət qədər ciddi məsələ olduğunu qeyd edib.

 

“Bildiyiniz kimi, ilk dəfə deyil ki, radikal erməni qruplarının bu kimi nifrətə əsaslanan, hətta cinayət tərkibli əməlləri ilə üzləşirik. Xatırlatmaq istərdim ki, hələ ötən ilin iyul ayında yüzlərlə radikal erməni daşnakları Azərbaycanın Los Ancelesdəki Baş Konsulluğunun qarşısında azsaylı azərbaycanlılara vəhşicəsinə hücum edərək onlara xəsarət yetirmişdilər. Los-Anceles Polis İdarəsi azərbaycanlılara qarşı həyata keçirilmiş bu zorakılıqla bağlı nifrət zəminində törədilən cinayət maddəsi üzrə araşdırma başlatmışdı, bu zorakılıqda iştirak edən iki nəfər saxlanılsa da, bu prosesdə xüsusi fəallıq göstərmiş digər iki nəfərin axtarışı hələ də davam edir”, - deyə XİN rəsmisi qeyd edib.

 

L.Abdullayeva vurğulayıb ki, hadisədən 10 aya yaxın müddətin keçməsinə baxmayaraq, nifrət zəminində cinayətin törədilməsində şübhəli bilinən əsas şəxslərin tapılıb məsuliyyətə cəlb edilməməsi böyük təəssüf və təəccüb doğurur: “Bununla bağlı tərəfimizdın qarşı tərəfə rəsmi narazılığımız bildirilib. Göründüyü kimi, məhz cəzasızlıq səbəbindən, Los Ancelesdə radikal ermənilərin nifrət zəminində cinayətlərinin növbəti təzahürünü görürük. Bu məsələ ilə bağlı ciddi narahatlığımız ABŞ-ın ölkəmizdəki səfirliyinə bir daha çatdırılacaqdır”.

Müəllif: Ayna.az