Quba polisi əməliyyat keçirib

Xəbərlər

05.12.2023 - 12:17

Narkotiklə əlaqəli dörd nəfər saxlanılıb

Quba Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən narkotik vasitələrin qanunsuz dövriyyəsinin qarşısını almaq üçün əməliyyat keçirilib. Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin Quba regional qrupundan AYNA-ya verilən məlumata görə, keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində narkotik vasitələri əldə etməkdə, saxlamaqda, daşımaqda və satmaqda şübhəli bilinən ümumilikdə dörd nəfər saxlanılıb.

Onlar Bakı şəhər sakinləri Orxan Əsədullayev, Əsmər Əsədullayeva, Sadiq Rəhimov və Nailə Qurbanovadır.

Həmin şəxslər qrup şəklində Quba rayonuna, əvvəlcədən planlaşdırılmış yerə gələrək oradan yeddi kiloqrama yaxın narkotik vasitəni Bakıya aparmaq istəyərkən polis əməkdaşları tərəfindən saxlanılıblar.

O.Əsədullayev və S.Rəhimov əvvəlcə hadisə yerindən qaçsalar da, daha sonra keçirilən tədbirlər zamanı Bakı şəhərində saxlanılaraq Qubaya gətiriliblər.

Faktla bağlı Quba Rayon Polis Şöbəsində cinayət işi başlanılıb, məhkəmənin qərarı ilə Orxan Əsədullayevin, Əsmər Əsədullayevanın və Sadiq Rəhimovun barələrində həbs qətimkan tədbiri, Nailə Qurbanovanın barəsində isə digər qətimkan tədbiri seçilib, araşdırmalar davam etdirilir.

Müəllif: Ayna.az