“Qorxunc azərbaycanlı” - Həvəslə tirajlanan obraz

Aktual

19.10.2023 - 10:17

Diasporumuz “Azərbaycan mafiyasının” əməlləri barədə: cinayətkarların milliyyəti olmur

Artıq bir neçə gündür ki, Rusiyanın aparıcı nəşrləri Sankt-Peterburqda fəaliyyət göstərən azərbaycanlılardan ibarət dəstənin yoldan keçənlərə hücum edərək, onları amansızcasına döyərək, şəhərin əmlakına zərər vurmaqla, yerli sakinləri qorxu içində saxlayaraq, şəhərin ərazisindəki yollarda fövqəladə vəziyyətlər yaratması haqqında məlumatlar yayır. Hücum edənlər qanunsuz hərəkətlərinin videogörüntülərini sosial şəbəkələrdə yerləşdirərək, özlərini “Azərbaycan mafiyası” adlandırıblar.

Bununla bağlı Rusiya İstintaq Komitəsinin sədri Aleksandr Bastrıkin İstintaq Komitəsinin Sankt-Peterburq vilayət idarəsinin rəhbərliyinə Azərbaycandan olan bir qrup mühacir barəsində cinayət işinin başlanmasını tapşırıb.

Maraqlıdır ki, hüquq-mühafizə orqanları hücum edənlər haqqında, bir vaxtlar onun Azərbaycan sərhədçiləri tərəfindən saxlanılmasını və İstanbulda qətlə yetirilməsini uydurmuş məşhur rus millətçisi Vladislav Pozdnyakovdan öyrənib. Onun, həmçinin qadınlara, başqa millət və irqlərdən olan insanlara, LGBT icmasının üzvlərinə qarşı nifrət doğurduğu da məlumdur.

Və beləliklə, Sankt-Peterburq sakinlərinə edilən hücumlardan hüquq-mühafizə orqanlarının özlərinin də xəbəri olmayıb. Görünür, cinayət hadisələrinin xülasəsi tərtib olunmayıb. Və yalnız bədnam Pozdnyakov bu barədə məlumat verdikdən sonra hüquq-mühafizə orqanları dərhal ictimai asayişi qorumaq üçün işlərini görməyə başladılar.

Mövzu ilə bağlıa AYNA-ya danışan Rusiya Azərbaycanlıları Birliyinin vitse-prezidenti Elnur Hüseynovun sözlərinə görə, Azərbaycan diasporu həmişə belə halları pisləyib: “Biz bu cür hadisələri qətiyyətlə pisləyirik, bunlar qəbuledilməzdir. Cinayətkarların nə milli, nə də dini mənsubiyyəti var. Biz də öz növbəmizdə bunun səbəblərini müəyyən etmək üçün həmin yeniyetmələrin valideynləri ilə əlaqə saxlayacağıq”.

“Biz daim gənclərlə işləyirik və heç kim belə məqamlardan sığortalanmayıb. Biz Azərbaycan diasporunun bütün nümayəndələrini, xüsusən də gəncləri qanunsuz fəaliyyətlə məşğul olmamağa çağırırıq. Başqa millətin nümayəndələrinə hörmətlə yanaşır, onların mədəniyyətinə və dilinə hörmətlə yanaşır, öz milli kimliyini başqa millətə qarşı qoymadan inkişaf etdiririk. Bu cür neqativ halların qarşısını almaq üçün hüquq-mühafizə orqanları ilə birgə işləyirik”, - deyə həmsöhbətimiz bildirib.

Hüseynov deyib ki, Rusiyada Azərbaycanla münasibətlərdə nifaq salmağa can atan, Azərbaycan əsilli Rusiya vətəndaşlarına qarşı təxribatlar törədən qüvvələr var: “Azərbaycanlılarla bağlı məişət insidentləri baş verəndə Rusiya mediası belə məlumatları həvəslə yayır. Bu yaxınlarda Krasnodar diyarında ermənilərlə rus əhalisi arasında böyük toqquşma olsa da, Rusiya mətbuatı bu hadisənin üstündən sükutla keçdi. İstər-istəməz ağlına belə bir fikir gəlir ki, kimlərsə Rusiya cəmiyyətinin ictimai rəyində azərbaycanlılar haqqında mənfi imic formalaşdırmaqda maraqlıdır”.

Öz növbəsində Azərbaycanlılar Birliyinin Leninqrad vilayəti üzrə ictimai təşkilatının gənclər qanadının üzvü Əsgərxan Hüseynov AYNA-ya söyləyib ki, bütün bu kimi hadisələr Azərbaycan diasporu tərəfindən pislənilir: “Biz Rusiyanın mədəniyyət paytaxtında - Sankt-Peterburqda yaşayırıq və təbii ki, belə hallar yolverilməzdir. Rusiya ərazisində 190-dan çox millətin nümayəndəsi, o cümlədən azərbaycanlılar yaşayır. Biz hamımız Rusiya Federasiyasının vətəndaşlarıyıq, biz yüz illərdir ki, çoxmədəniyyətli, çoxkonfessiyalı ölkədə yan-yana yaşamışıq və hansısa maraqlardan bu və ya digər milləti pis mənada ayırmaq və ya müxtəlif seçilmiş başlıqlar altında məlumatı kütləvi şəkildə internetdə yerləşdirmək bu prosessə xeyir gətimir”.

“Mən qəti şəkildə deməyə hazıram ki, belə məsələlər daim xüsusi nəzarətdə saxlanılır və ətraflı öyrənilməlidir. Baş verənlər gənc cinayətkarların fəaliyyətinə haqq qazandırmır”, - deyə müsahibimiz vurğulayıb.

Özümüzdən əlavə edək ki, Rusiya mətbuatının informasiya hücumu Prezident İlham Əliyevin Xankəndiyə səfəri və orada Azərbaycanın dövlət bayrağının qaldırılması ilə üst-üstə düşüb. Və Rusiya mətbuatı bu hadisə ilə bağlı xəbər əvəzinə “Azərbaycan mafiyası” haqqında məlumatlar yaymağa başladı.

Xüsusilə, Rusiyanın “Rosbalt” nəşrinin “Sankt-Peterburqun yerli sakinlərinin sadəcə olaraq Azərbaycan diasporunun qəzəbindən qorxduğunu” qeyd etməsini nəzərə alsaq, bu, təsadüfdürmü? Hesab edirik ki, bu sualın cavabı məlumdur.

Müəllif: Asif Aydınlı