Politoloq: “Qarabağ separatçıları Qərbə deyil, Rusiyaya tabedirlər”
“Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarovadan sonra növbə Rusiyanın müdafiə naziri Sergey Şoyquya çatıb. Şoyqu son açıqlamasında Ukrayna mövzusunu bitirdikdən sonra keçib Qarabağa və bunları deyib: “Qərb hər vasitə ilə Qarabağdakı vəziyyətə müdaxilə etməyə və Rusiyanın sülhməramlı siyasətini gözdən salmağa çalışır””.
AYNA xəbər verir ki, bu barədə politoloq Elxan Şahinoğlu sosial şəbəkə hesabında paylaşım edib.
“Əvvəl deyirdilər ki, “Qərb Ermənistana müdaxilə edir”, hazırda cümlədəki “Ermənistan” sözünü “Qarabağla” əvəz ediblər. Qarabağda Rusiyadan başqa heç bir dövlətin hərbi kontingenti yoxdur. Digər tərəfdən Qarabağ separatçıları Qərbə deyil, Rusiyaya tabedirlər”, - deyə analitik bildirib.
Şahinoğlu fikrinə belə yekun vurub: “Belə olan halda Qərb Şoyqunun təbirincə desək, Qarabağdakı vəziyyətə necə və hansı alətlərlə müdaxilə edə bilər? Qərbin Qarabağa müdaxilə etməsinə birinci növbədə Azərbaycan imkan verməz, çünki bu, ölkəmizin maraqlarına ziddir. Bunu bilən Qərb – ABŞ və Avropa İttifaqı Qarabağla bağlı məsələlərə qarışmır, qarışan varsa, o, elə Rusiyadır”.