Qazilər, xalqın sərvəti olduğunuzu unutmayın - davranışlarınız da adekvat olmalıdır

Cəmiyyət

07.02.2022 - 23:19

Unutmayın ki, siz artıq yalnız özünüzə və ailənizə deyil, bütün xalqa məxsussunuz, bütöv bir xalqın sərvətisiniz!

Heç bir mübaliğəyə yer vermədən, tam əminliklə söyləmək olar ki, 44 günlük müharibə və onun nəticələri Azərbaycanın son əsrləri əhatə edən tarixində ən parlaq və dövlətçilik baxımından ən önəmli hadisədir. Nə qədər acınacaqlı olsa da, amma bir faktı etiraf etməliyik: 1991-ci ildə bərpa olunan müstəqillikdən sonra məmləkətimiz dünya xəritəsində göstərilən ərazisinin hamısına heç zaman sahib olmayıb və nəzarət etməyib. 30 il əzəli torpaqlarımız düşmən tapdağında oldu və yalnız 2020-ci ildə 44 günlük savaş nəticəsində bu torpaqların böyük hissəsi üzərində nəzarətimizi bərpa edə bildik. Əsrlər ötəcək, amma bu müharibə Azərbaycan tarixinin şanlı və qürurverici səhifəsi kimi daim yaşayacaq.

Və əlbəttə ki, bu qələbə 3 min şəhidin, minlərlə yaralı və qazinin şücaəti nəticəsində əldə edildi. Bir xalq olaraq da onlara çox borcluyuq. Şəhidlər canlarından, qazilərimiz sağlamlıqlarından keçdilər. Bunun əvəzini ödəmək mümkündürmü? Əlbəttə ki, bunu hamımız anlayırıq və Allaha çox şükür ki, xalq olaraq həm şəhidlərimizin ruhunu əziz tutur, həm də qazilərimizə ehtiramımızı qoruyuruq.

Amma bütün bunlarla çox diqqət ediləsi bir məqam da var. İstənilən xoş məramı, istənilən dəyəri hətta bilməyərəkdən, istəmədən zədələmək, ona xətər yetirmək mümkündür. Vətən müharibəsində qələbə qazanan nəsil bu dəyəri növbəti nəsillərə ləkələnmədən, üzərinə bir zərrə olsa belə, ləkə salmadan ötürməyə borcludur. Bu tarixi hadisəyə uzaqdan-yaxından aid olan hər bir şeyə müqəddəs dəyərə yanaşılmalı kimi yanaşılmalıdır. Təəssüf ki, bəzən bu vəzifənin öhdəsindən layiqincə gəlmək mümkün olmur.

Tez-tez olmasa da, amma istər TV-lərdə, istərsə də xəbər portallarında müxtəlif qanun pozuntularında müharibə iştirakçılarının adlarının hallanmasının şahidi oluruq. Əlbəttə ki, insan mürəkkəb varlıqdır və bir vücudda bəzən tam əks xüsusiyyətlər birgə mövcud ola bilər. Eyni zamanda unutmaq lazım deyil ki, hər kəs səhv edə bilər və səhvdən heç kim sığortalanmayıb.

Və bu baxımdan da istər müharibə iştirakçısı, istərsə də həmin 44 gün ərzində arxa cəbhədə qəhrəmanlıq salnaməsini yazmağa yardım edən olsun – fərq etməz, heç kim məsumluq haləsi ilə zinətləndirilməyib. Təəssüf doğuran isə bəzi qazilərimizin bu şərəfli addan sui-istifadə etməsidir.

Yəqin ki, əziz oxucular da belə hallarla rastlaşıblar. Məsələn, şəxsi avtomobilin arxa şüşəsində “Suqovuşan qazisi”, “Şuşa qazisi” və s. yazılar yerləşdirənlərin məramı nə ola bilər? Yol hərəkəti qaydaları hamı üçün yazılmayıbmı? Bir daha təkrar edək ki, düşmənlə 44 gün ərzində hətta bir döyüşdə üz-üzə gələn şəxsə hər bir Azərbaycan vətəndaşı borcludur və bunu da inkar etmir. Amma, hətta sonsuz şücaət göstərənlər belə, qanuna hörmətlə yanaşmalı, onun aliliyini pozmamalıdır (Bir müşahidəmizi də qeyd edək. Adətən döyüş meydanında düşmənə həqiqi mənada qan udduran igidlər yuxarıda xatırlatdığımız hərəkətlərə yol vermirlər, necə deyərlər, bu şücaətlərini bir özləri, bir yaxınları, bir də Allah bilir).

Hər bir kəs müəyyən imtiyazlarından istifadə edib qanunu heçə saysa, o zaman ölkədəki vəziyyəti təsəvvür etmək çətin deyil. Belə hallar müşahidə olunanda adətən “anarxiya” sözü yada düşür. Bu isə heç bir normal insana xoş ovqat bağışlamayacaq – nə qaziyə, nə şəhid ailəsinə, nə də digərlərinə.

Qazilərə gəlincə isə, hökumət və dövlətimiz onları vətən qarşısında xidmətlərinə görə fərqləndirib, fərqləndirir və gələcəkdə də fərqləndirəcək. Bütün bu fərqləndirmələr və mükafatlandırmalar da qanun çərçivəsində aparılır. Buna xüsusi diqqət yetirmək lazımdır. Bütün bu proseslərdə həm qazilərin rifahı yaxşılaşdırılır, həm də heç bir vətəndaşın hüququ zərrə qədər pozulmur. 

Sonda hər bir qaziyə xatırlatmaq istərdik: siz bizim fəxrimizsiniz! Biz gənclərimizin, gələcək nəsillərin tərbiyəsində şəhidlərimizlə bərabər sizin də nümunənizdən istifadə etmək niyyətindəyik. Bu niyyətimizə və öz şanlı adınıza ləkə gətirə biləcək cüzi əmələ də yol verməyin. Unutmayın ki, siz artıq yalnız özünüzə və ailənizə deyil, bütün xalqa məxsussunuz, bütöv bir xalqın sərvətisiniz!

Müəllif: Polad Xudayarlı