Qarabağın statusu barədə tələbləri aşağı salmağı İrəvandan kim tələb edib? – Paşinyan açıqladı

Aktual

28.06.2022 - 11:58

“Dağlıq Qarabağın tərəf kimi danışıqlar prosesindən çıxarılması statusla bağlı tələbin aşağı salınmasına çağırış demək idi”

“ATƏT-in Minsk Qrupunun həmsədrləri 2016-cı ildə təqdim etdikləri üç təkliflə Qarabağın statusu məsələsində tələbləri aşağı salmağa çağırış etdilər”. AYNA erməni mediasına istinadən bildirir ki, bu sözləri Ermənistanın Baş naziri Nikol Paşinyan keçirdiyi onlayn mətbuat konfransında deyib.

Ermənistan rəhbəri qeyd edib ki, beynəlxalq tərəfdaşlar Qarabağın statusu ilə bağlı tələbləri aşağı salmaq barədə dəfələrlə çağırış ediblər: “Bir müddət əvvəl parlamentdə bu barədə çıxış etdim və bildirdim ki, 1998-ci ildən bəri aparılan bütün danışıqlarda Ermənistan tərəfi ya Qarabağı Azərbaycanın tərkib hissəsi kimi tanıyıb, ya da heç olmasa, Qarabağın Azərbaycanın tərkibində olmaması ilə bağlı öz prinsipini rəhbər tutmayıb. Həmin çıxışımdan sonra orada göstərilən faktların reallığa uyğun olmadığına dair bircə dənə də əsaslı təkziblə qarşılaşmadım”.

“Bu, reallıqdır, amma başqa məsələdir ki, həm bizim hökumət, həm də bizdən əvvəlki hökumət bu barədə danışmamışdı. Baxmayaraq ki, digər tərəfdən bu, dolayısı ilə qeyd olunub. Mən də bu dolayı çıxışlardan danışdım. 1998-ci ildə Dağlıq Qarabağın tərəf kimi danışıqlar prosesindən çıxarılması statusla bağlı tələbin aşağı salınmasına çağırış demək idi”, - Paşinyan əlavə edib.

Baş nazir 1996-cı ildə keçirilmiş Lissabon sammitini də xatırladıb: “Düzdür, Ermənistan o zaman veto qoydu. Bəs niyə veto qoymuşdu? Ermənistan "Dağlıq Qarabağ münaqişəsi Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həll edilməlidir" ifadəsinə veto qoymuşdu. Bundan sonra Ermənistan qərara veto qoyduğu üçün ATƏT sədri beynəlxalq ictimaiyyətin mövqeyini ifadə edən bəyanatla çıxış edib. Həmin çıxış tələbləri aşağı salmağa yönələn çağırış idi”.

“BMT Təhlükəsizlik Şurasının qətnamələrinə baxaq. Onların məzmunu nə idi? Bu gün cəmiyyətimizin bundan xəbəri varmı? Beynəlxalq təhlükəsizliyin ən yüksək instansiyasının qəbul etdiyi qətnaməni xatırlatmamaq üçün yazılmamış qanun var idi ki, bu, bizim üçün əlverişsizdir. Amma beynəlxalq ictimaiyyət bunu unuda bilməyəcək. Bizə niyəsə elə gəldi ki, bizə rəğbət bəslədiyini düşündüyümüz və ya yaxşı münasibətlərimiz olan bütün ölkələr Qarabağın Azərbaycanın bir hissəsi olmamasına inanırlar. Lakin bu belə deyil. Bu barədə birbaşa danışan sənədlər, faktlar, hətta ictimai bəyanatlar var. Başqa bir şey də odur ki, biz bunu hiss etməmiş kimi davrandıq”, - deyə Paşinyav vurğulayıb.

Müəllif: Ayna.az