Qarabağda Ukrayna ssenarisi: "zorən türkləşməyə" qarşı Rusiya vətəndaşları "peyda ola" bilər

Siyasət

16.08.2021 - 14:15

“Gərginliyi daxili gündəmdə saxlamaq üçün tlar Kreml “məzlum ruslar” kartını oynayır”

 

Rusiyanın xarici işlər naziri Sergey Lavrov, Ukrayna və Qərbdən  Donetsk və Luqansk “Xalq respublikalarının” (DXR və LPR) sakinlərinə pasport verərək beynəlxalq normaları pozduğuna dair çıxışları "yalan" adlandırıb. “EADaily” xəbər verir ki, bunu o, avqustun 13-də Rostov vilayətinin Sambek kəndindəki hərbi-tarixi muzey kompleksində vətəndaş cəmiyyəti nümayəndələri ilə görüşdə deyib.

 

“Son vaxtlar, Donetsk və Luqansk Xalq respublikalarının pasportlaşdırılması ilə Rusiyanın beynəlxalq hüququ pozduğu barədə səslər çıxmağa başladı. Bunlar hamısı yalandır. Birincisi, Avropa İnsan Haqları Konvensiyası hər bir dövlətin kimin vətəndaş ola biləcəyinə qərar vermək hüququna malik olduğunu bildirir. Digər konvensiyalar hər kəsin vətəndaşlıq seçmək hüququnun olduğunu söyləyir”, - deyə nazir bildirib.

 

“Ukraynada "Macarlar, polşalılar, rumınlar öz dövlətlərinin pasportlarına malikdirlər və onilliklər ərzində heç kim heç bir sual verməyib. Ancaq Ukrayna rəhbərliyi, Kiyevin terrorçu elan etdiyi və ticarət, iqtisadi və nəqliyyat blokadasının qurbanı etdiyi Donbass sakinlərinə Rusiya pasport verməyə başlayan kimi dərhal qəzəb dalğasına başladı. Bununla əlaqədar olaraq, Ukraynanın şərqinə hər dəfə humanitar yardım göndərdiyimiz zaman – ki, bu yaxınlarda Fövqəladə Hallar Nazirliyi başqa bir karvan göndərdi - bəzi yüksək etirazlarla çıxırlar, dayanmağı tələb edirlər. Nəyi dayandırmaq? Boğmağa çalışdıqları insanlara humanitar yardım göstərməyi dayandıraq?”, - deyə Lavrov söyləyib.

 

O, Rusiyanın qonşularına kömək etməli olduğunu iddia edib: “2015 -ci ildə Minsk razılaşmalarını qəbul etməyə razılıq verən və müstəqilliklərində israr etməyən Donetsk və Luqansk Xalq respublikalarına kömək etməliyik ki, onlar mədəniyyətini, dilini və Rusiyanın qonşu bölgələri ilə tarixi əlaqələrini qoruya bilsinlər”.

 

Xatırladaq ki, 24 aprel 2019-cu ildə Prezident Putin Donbass "respublikaları" sakinlərinin Rusiya vətəndaşlığını sadələşdirilmiş qaydada almasına icazə verən bir fərman imzaladı və bir il sonra Prezidentin sərəncamı ilə onlar üçün pasport almaq üçün dövlət rüsumu ləğv edildi.

 

Əslində, Lavrovun sözlərinə baxmayaraq, hamımız bilirik ki, Rusiya pasportlarının veriləməsi ilə bağlı hərəkətlər necə sona çata bilər. Bir vaxtlar onlar Cənubi Osetiya və Abxaziyada fəal şəkildə paylanmışdılar. Və Ukrayna sərhədini qanunsuz keçən konvoylar təkcə humanitar yardım daşımaya da bilər. Orada heç bir nəzarət yoxdur.

 

AYNA mövzunu tanınmış ukraynalı ekspertlərlə müzakirə edib.

 

“Strateji XXI əsr” Qlobal Tədqiqatlar Mərkəzinin prezidenti, “Qara dəniz Təhlükəsizlik” jurnalının baş redaktoru Mixail Qonçar:

“Lavrovun açıqlamaları heç də orijinal və yeni deyil. Beynəlxalq hüququn və beynəlxalq müqavilələrin onların ruhuna və məzmununa uyğun gəlməyən müddəalarının rus təfsiri, Kremlin qonşu dövlətlərə qarşı hibrid təcavüzünün tərkib hissəsi olan hüquqi-müharibə (lawfare) üsullarından biridir. Bu halda məqsəd Donbassın şərqindəki Rusiyanın nəzarətində olan ölkə vətəndaşlarının bir hissəsinin Ukrayna kimliyini sual altına almaqdır.

 

Bu, ehtimal ki, Zaxarovanın departamenti tərəfindən yaradılan, emosional və şifahi bir qabığa bürünmüş Kreml təbliğatının ənənəvi nağılıdır. Bunları şərh etməyin mənası yoxdur. Moskvanın "respublikalara" kömək etmək üçün təchiz etdiyi humanitar karvanlar barədə deyilənlər də bu silsilədəndir. 2014-cü ildən bəri Rostovdan, Cənub Hərbi Dairəsinin qərargahından "DXR"/"LXR"-in 1-ci və 2-ci Ordu Korpusunun ehtiatlarının məhz bu konvoylar basitəsi ilə təhciz edilməsi məlumdur.

 

Başqa bir şey daha vacibdir. Kreml Kiyevdəki iddia edilən "nasist rejimi"ndən qorunması üçün Rusiya pasportu sahiblərindən ibarət sürətlə kritik bir kütlə meydana gətirir. Bu, Rusiyanın Ukraynaya yeni təcavüzünə haqq qazandırmağa hazırlaşdığı sahələrdən biridir. Və yalnız bu deyil. Putinin 24 aprel 2020-ci il tarixli digər fərmanına əsasən, Rusiya Federasiyasına pasportların "verilməsi" təkcə Donbassdakı kukla birləşmələrinin sakinlərinə deyil, Ukrayna, Belarus, Moldova və Qazaxıstan vətəndaşlarına da aiddir.

 

Bu müddəalardan biri SSRİ vətəndaşı olan və SSRİ-nin tərkibində olan ölkələrin ərazisində yaşayanların hamısına Rusiya vətəndaşlığını sadələşdirilmiş qaydada almağa imkan verir. Beləliklə, Dağlıq Qarabağ ərazisində də “birdən-birə”, “zorən türkləşmədən” və ya Rusiya təbliğat maşınının ortaya çıxardığı başqa bir səbəbdən, “qorunması” lazım olacaq Rusiya Federasiyasının müəyyən sayda vətəndaşı peyda ola bilər”.

 

“Dotrina” Siyasi Araşdırmalar Mərkəzinin Təhlükəsizlik Departamentinin müdiri Qleb Parfyonov:

“Lavrov kimi şəxsiyyətlərin indiki açıqlamaları payızda keçiriləcək Dövlət Dumasına qarşıdan gələn seçkilər konteksti nəzərə alınmaqla başa düşülməlidir. Bu, əslində Şoyqu və Lavrovun "Vahid Rusiyanı" seçkiyə apardığını nəzərə alsaq, xüsusilə vacibdir.

 

Gərginliyi daxili gündəmdə saxlamaq üçün son vaxtlar Kreml "məzlum ruslar" kartını oynayır. Bunu Qırğızıstan, Qazaxıstan və başqaları ilə qalmaqallar vasitəsilə izləyə bilərik.

 

"Mühasirəyə alınmış qala" konsepsiyasını quran Rusiya daxili elektoratını gücləndirməyə çalışır. Bu cür mövzularda flört etmək qonşu ölkələr üçün yaxşı deyil, çünki Moskva öz reytinqini qorumaq üçün gələcəkdə "Krım konsensusu" modelindən istifadə etməklə, başqa bir ölkəyə təcavüz etmək və ya Donbassı ilhaq etmək üçün cəhd edə bilər”.

Müəllif: Rauf Orucov