Qarabağ separatçıları aktivləşdi: “Azərbaycan Ordusuna “hazır ol!” əmri verildi”

Aktual

01.06.2023 - 18:12

Hərbi ekspert: “Ermənistan rəhbərliyi də, separatçılar da bu xəbərdarlıqlardan düzgün nəticə çıxarmalıdırlar”

Qarabağdakı erməni separatçıları bu günlərdə aktivləşiblər. Qeyri-qanuni erməni silahlıları Rusiya sülhməramlılarının müşayiəti ilə ərazilərimizdə silah-sursat toplayırlar ki, bu barədə videogörüntülər yayılıb. Eyni zamanda, separatçılar Azərbaycan Ordusunun mövqelərini atəşə tutmaqdan da çəkinmirlər. Bununla yanaşı, Ermənistan tərəfindən Azərbaycanın sərhəd rayonları da atəşə tutulub. Azərbaycan Müdafiə Nazirliyinin  yaydığı məlumata görə, iyunun 1-i saat 09:10-da Ermənistan silahlı qüvvələrinin bölmələri Tovuzqala rayonunun Çinarlı yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərindən Azərbaycan Ordusunun Tovuz rayonunun Əsrik Cırdaxan yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərini atıcı silahlardan atəşə tutub. Saat 10:00 radələrində isə Rusiya sülhməramlılarının müvəqqəti yerləşdiyi Azərbaycan ərazisindəki qeyri-qanuni erməni silahlı dəstələrinin üzvləri tərəfindən Ordumuzun Şuşa rayonu istiqamətində yerləşən mövqeləri atəşə tutulub.

“Bölmələrimiz tərəfindən qeyd olunan istiqamətlərdə adekvat cavab tədbirləri görülüb. Bundan başqa, qeyri-qanuni erməni silahlı dəstələrinin üzvləri kənd təsərrüfatı işləri adı altında mühəndis texnikası cəlb etməklə Şuşa və Xocavənd rayonları istiqamətində döyüş mövqelərinə təminat yolunun çəkilməsi məqsədilə torpaq yolda genişləndirmə və təmir-bərpa işləri görməyə cəhd ediblər. Azərbaycan Ordusunun bölmələri tərəfindən görülən təxirəsalınmaz tədbirlər nəticəsində aparılan işlər dərhal dayandırılıb”, - deyə məlumatda bildirilib.

Azərbaycan Ordusunun bu cür təxribatların qarşısının qətiyyətlə alınması barədə qoşun növlərinə ciddi tapşırıq verilib. Azərbaycan Müdafiə Nazirliyinin bu gün yaydığı daha bir məlumatda qeyd edilib ki, müdafiə naziri general-polkovnik Zakir Həsənov və nazirliyin digər rəhbər heyəti iyunun 1-də Azərbaycan Ordusunun Təlim və Tədris Mərkəzinə gələrək təlim-metodiki toplanış ilə bağlı rəhbər heyətin məruzələrini dinləyib. Bildirilib ki, komandir heyəti ilə müasir döyüşdə taktiki fəaliyyətlərin hazırlanması və aparılması, hərtərəfli təminatın təşkili, müxtəlif ərazi və hava şəraitində bölmələrin və atəşin idarə edilməsi, eləcə də digər mövzularda yeni biliklərin aşılanması məqsədi ilə metodiki məşğələlər keçirilib.

Müdafiə naziri Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin mayın 28-də Laçın şəhərinə qayıdan əhali ilə görüşdə çıxışında Qarabağ iqtisadi rayonunda qeyri-qanuni fəaliyyət göstərən, özlərini “parlament”, “prezident”, “nazir”, “deputat” adlandıran ünsürlər barədə səsləndirdiyi fikirləri və onlara tətbiq oluna biləcək amnistiya şərtlərini bir daha toplanış iştirakçılarının diqqətinə çatdırıb. Müzəffər Ali Baş Komandanın Qarabağ iqtisadi zonasında təhlükəsizliyin təmin edilməsi ilə bağlı çıxışlarından irəli gələn, Azərbaycan Ordusunun qarşısında duran tapşırıqların qısa zamanda yerinə yetirilməsinin zəruriliyi qeyd edilib.

“Sonra Azərbaycan-Ermənistan şərti sərhədi və Qarabağ iqtisadi rayonundakı əməliyyat şəraiti təhlil edilib. Son vaxtlar Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi Azərbaycan ərazisindəki qeyri-qanuni erməni silahlı dəstələrinin hərbi daşımaları həyata keçirməsi, bölmələrimizin mövqelərinin qarşısında uzunmüddətli fortifikasiya qurğularını quraşdırmağa cəhd göstərməsi, eləcə də Ağdam, Tərtər və digər rayonlar istiqamətlərində Ordumuzun mövqelərini atəşə tutması nəticəsində yarana biləcək gərginlik xüsusi vurğulanıb. Müdafiə naziri qeyri-qanuni erməni silahlı birləşmələrinin fəaliyyətlərinin fasiləsiz müşahidəsinin bundan sonra da davam etdirilməsi, eləcə də törədilə biləcək istənilən təxribatın qarşısının dərhal və qətiyyətlə alınmasına daim hazır olmaq barədə konkret tapşırıqlar verib”, - deyə məlumatda qeyd edilib.

Bütün bunlar onu deməyə əsas verir ki, Azərbaycan Xankəndi məsələsini birdəfəlik həll etməklə bağlı hərəkətə keçir. Ekspertlər qeyd edirlər ki, separatçıların Qarabağda aktivləşməsi də məhz bununla bağlıdır. Proseslə bağlı AYNA-nın suallarını cavablandıran hərbi ekspert Ədalət Verdiyev qeyd edib ki, erməni silahlılarının davranışları, təxribatları gərginliyin artmasına gətirib çıxaracaq:

- Hazırda Qarabağda gedən prosesləri necə qiymətləndirirsiniz?

- Bu gün və əvvəlki iki gün ərzində baş verən proseslər onu göstərir ki, Qarabağda, Rusiya sülhməramlılarının nəzarətində olan ərazilərdəki qeyri-qanuni erməni silahlı birləşmələri aktivləşiblər. Xüsusilə, bu aktivlik Ağdam və Tərtər istiqamətində diqqəti cəlb edir. Bu gün Zakir Həsənovun keçirdiyi müşavirənin məqsədi də Azərbaycan Ordusunun bölmələrinin mümkün erməni təxribatlarına qarşı fəaliyyətə hazır olmaqdan ibarət idi. Azərbaycan Ordusuna “hazır ol!” əmri verildi. Odur ki, yaxın günlərdə erməni tərəfinin erməni təxribatlarının baş verəcəyi və layiqli cavab alacaqları istisna deyil. Müdafiə naziri bütün qoşun növlərinə hazırlıqla bağlı ciddi göstərişlər verdi. Hesab edirəm ki, Ermənistan rəhbərliyi də, separatçılar da bu xəbərdarlıqlardan düzgün nəticə çıxarmalıdırlar. Təxribatlardan çəkinməlidirlər. Əks halda, Azərbaycan Ordusundan ciddi zərbə almaları qaçılmaz olacaq.

- Hesab edirsiniz ki, müdafiə nazirinin separatçılarla bağlı müşavirədə verdiyi tapşırıqlar onlara xəbərdarlıqdır...

- Təbii ki, xəbərdarlıqdır, həm də ciddi xəbərdarlıqdır. Bundan əvvəl cənab Prezident İlham Əliyev Laçındakı çıxışı zamanı Qarabağdakı qondarma qurumun özlərini “prezident”, “parlament sədri” və s. “vəzifəli” adlandırılan şəxslərə xəbərdarlıq etdi. Qarabağdakı silahlıların da ərazilərimizi tərk etməsi ilə bağlı çağırış etmişdi. Bu, yumşaq çağırış və təkliflərdir. Əgər bu təkliflər düzgün qiymətləndirilməsə, başları əziləcək. Qeyri-qanuni silahlı dəstələrinin təmizləməyə Azərbaycan Ordusunun imkanı yetərincədir. Ona görə də müdafiə nazirinin hazırlıq göstərişini verməsi, fəaliyyətin sinxronlaşdırılması təbii və vacib idi.

-  Kişineuda liderlərin görüşü ərəfəsində, sülh danışıqları gedən zaman Qarabağdakı hərəkətlənmə, silah-sursat cəmləşdirilməsi ilə bağlı görüntülər yayıldı. Eyni zamanda, bu gün ermənilər tərəfindən atəşkəs pozulub. Sizcə, bununla Xankəndidəki separatçılar hansı mesajı verirlər?

- Sülhdən danışmaq hələ ki, tezdir. Çünki sülhdən əvvəl atılmalı olan vacib addımlar var. Azərbaycan tərəfi sülhün əldə edilməsi üçün kifayət qədər addımlar atır. Amma erməni tərəfindən biz bunu yalnız sözdə müşahidə edirik. Sülhün isə bir alternativi var – savaş. Görünən odur ki, bu ünsürlər sülhü istəmirlər, təxribatlarına davam edirlər. Mesaj verirlər ki, Azərbaycanın tələbləri ilə razı deyillər. Bunun başqa adı yoxdur. Sual olunur, müharibəyə hazırdırlarmı?! Əsla. Çünki yeni savaş onların sonunu gətirəcək. Ona görə də Ermənistana sülh daha çox lazımdır. İrəvan zəhmət çəksin Qarabağdakı separatçıları yola gətirsin, Bakının təkliflərini və xəbərdarlıqlarını düzgün qiymətləndirsinlər.

Müəllif: Anar Bayramoğlu